Məhkəmə qərarları › İş №2(012)-1939/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1939/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1939/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh2 və onun vəkili-nümayəndəsi Vəkil3, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 31000 manat və dövlət rüsumu olaraq ödənilmiş 183 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə aralarında təxminən 2 il bundan qabaq münasibət yaranmışdır. Belə ki, iddiaçı peşəkar, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən verilmiş hər kateqoriya üzrə lisenziyası olan maliyyəçi olaraq biznes fəaliyyəti ilə məşğul olurdu. İnvestisiya fəaliyyəti ilə internet üzrə onlayn üsulla məşğuldur. Onun fəaliyyəti azad fəaliyyətdir, özünün şəxsi şirkəti və hesabında bəlli bir məbləğ olmuş, qiymətli kağızlar üzərindən qazanc əldə etmişdir. Cavabdeh2 təxminən 2 ilə yaxındır ki, tanıyır. Bir gün Cavabdeh2 iddiaçıya əlində olan müəyyən vəsaitin olduğunu və ondan qazanc əldə etmək istədiyini bildirmişdir. İddiaçı da müxtəlif vaxtlarda ona hisəhissə verdiyi vəsaitlərdən əldə etdiyi qazancın 40-50 %-ni Cavabdeh2 verirdi. Son 2 ildə iddiaçı cavabdeh Həsənovaya gəlir olaraq (əlində olan qəbzlərlə hesabladıqda) 307000 manat pul vəsaitini onun kart hesabına köçürmüşdür. Bundan əlavə təxminən 100 000 manat vəsaiti də Cavabdeh2 ondan qəbul etmişdir. Bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 iddiaçıya verdiyi pul tək ona deyil, müxtəlif adamlara (hansı ki həmin adamların əksəriyyəti Cavabdeh1 tanışlarıdır) məxsus olmuşdur. İddiaçının hər ay cavabdehlərə verdiyi qazancın üstündən müəyyən qədər hissəsini özlərinə götürərək digər şəxslərə az miqdarda pul verdiklərini öyrənmişdir. Daha sonra iddiaçının işlərində zəiflik yaranmağa başladığından cavabdehlərə əlavə ödəniş edə bilməmiş, bu səbəbdən də Cavabdeh1 onun barəsində polis bölməsinə şikayət etmişdir. Bu zaman iddiaçıya onun adından istifadə edilərək cavabdehlərin özləri üçün qazanc əldə etdikləri məlum olmuşdur. Ümumilikdə cavabdehlər iddiaçının onlara ödədiyi ödənişlərdən təxminən 31000 manat hissəsini özlərinə götürərək əsassız şəkildə varlanmış, gəlirdən əlavə qaytardığı pulları hesabdan silməmişdirlər. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında qeyd etmişdir ki, hazırda iddiaçı və Cavabdeh2 barəsində cinayət işi başladığından, lakin hələ ki araşdırma mərhələsində olaraq yekun qərar qəbul edilmədiyindən, işin obyektiv baxılmasını təmin etmək məqsədilə hazırki iş üzrə icraat dayandırılmalıdır. Çünki cinayət işinin başlanması müraciət edənlərə zərərçəkmiş statusunun verilməsi demək deyildir. Bundan əlavə sübut qismində təqdim edilmiş qəbzləri təyinatı ilə bağlı banka vəkil sorğusu ünvanlasa belə, həmin məlumatlar bank sirri təşkil etdiyindən bu barədə ona sorğuya cavabın verilməyəcəyini bildirilmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil3 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlər iş materiallarında olan digər sənədlərlə təkzib olunur. Belə ki, iddiaçının özünün və Cavabdeh1 iştirakı ilə həm video-görüntü ilə qeydiyyata alınmış, həm də yazılı şəkildə tərəflərindən qol çəkilərək tərtib olunmuş aktda iddiaçının həmin pulun onda olmasını təsdiq etməsi öz əksini tapmışdır. Həmçinin qeyd etmişdir ki, Cavabdeh2 özü də bu işdə zərərçəkəndir. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etməyərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında, həmçinin elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı etirazında bildirmişdir ki, ünvan 1də yaşayan Cavabdeh1 Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və digər instansiyalara müraciət edərək onun, əri Elşən İmanovun, yaxınları Novruzzadə Bahar, Məmmədzadə Aygül, Alıyev Tural və digərlərinin ümumilikdə 193000 manat pul vəsaitinin Bayramov Tamerlan və Cavabdeh2 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciətlər ünvanlamış, qeyd olunan müraciət araşdırılması üçün Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin baş təhqiqatçısı Vüqar Həsənova həvalə olunmuşdur. Xətai rayon Polis İdarəsinin 36-cı Polis şöbəsində aparılan araşdırma zamanı Cavabdeh1, Elşən İmanov, Novruzzadə Bahar izahat verərək onlara və tanışlarına məxsus 193000 manat pul vəsaitinin Bayramov Tamerlan və Cavabdeh2 tərəfindən aldatma və etibardan sui istifadə yolu ilə ələ keçirildiyini bildirərək bununla bağlı bütün sübut əhəmiyyəti kəsb edə biləcək yazışmaları polisə təqdim etmişlər. Aparılmış araşdırma zamanı iddiaçı tərəfindən verilmiş izahatda Cavabdeh1 pul verməli olmasını etiraf edərək bunun 193000 manat deyil, daha az olduğunu bildirmişdir. Bütün sübutlara baxmayaraq, Vüqar Həsənov xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərara əsasən iddiaçı izahatında Cavabdeh1 sonuncu dəfə ona göndərdiyi pulun Cavabdeh2 tərəfindən ona çatdırılmadığını bildirsə də, məhkəməyə verdiyi iddia ərizəsində Cavabdeh1 guya onun hesabına pul qazanmasını bildirmişdir. X5 xx.xx.2025-ci il tarixli qərarında Tamerlan Bayramovun mülki iddia qaydasında məhkəməyə müraciət etməsi göstərilsə də, hazırki iddia tələbi ilə iddiaçı Abşeron Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Buradan da müəyyən olunmuşdur ki, Cavabdeh1 Tamerlan Bayramovun dələduzluq əməlləri ilə bağlı aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra bundan qorxuya düşən Tamerlan Bayramov 36-cı Polis Şöbəsində qanunsuz olaraq barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar çıxardılmasına nail olduqdan sonra ona verilmiş tövsiyə əsasında Abşeron Rayon Məhkəməsinə əsassız olaraq pul tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş, öz dələduzluq, cinayət əməllərinə don geyindirmək məqsədi güdmüşdür. Daha sonra tərəflərindən Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi tərəfindən qanunsuz və əsassız olaraq çıxarılmış xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunmasına dair qərardan Məhkəmə nəzarəti qaydasında Xətai rayon Məhkəməsinə şikayət edilmiş, nəticədə Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X3 xx.xx.2025-ci il tarixli qərarına əsasən, həmin qərar ləğv edilərək iddiaçı və Cavabdeh2 barəsində cinayət işi başlanmışdır. Bundan əlavə, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş qəbzlərdən əksəriyyətində onun pul vəsaitini Cavabdeh2 bank kartına köçürtməsi, sadəcə ikisində isə 1700 manat pulun Cavabdeh1 bank kartına köçürülməsi öz əksini tapmışdır. Ümumiyyətlə, iddiaçı iddia ərizəsində həmin qəbzlərin təyinatını bildirmədən Cavabdeh1 və onun yaxınlarından dələduzluq yolu ilə əldə etdiyi pulun guya investisiya qoyuluşu zamanı əldə etdiyi dividentdən göndərdiyi qəbzləri elektron sistemə yükləməklə öz iddiasını sübut etməyə çalışmışdır. İddiaçının təqdim etdiyi sübutların heç biri mötəbər deyil. Bundan əlavə iddiaçı videoda bildirmişdir ki, “Cavabdeh1 verəcəyim (verməli olduğum pul) var, ancaq o qədər deyil”. Bu ifadələrdən sonra məhkəməyə müraciət edərək iddia qaldırması ağlabatan deyildir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Vüqar Həsənovun xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, vətəndaş Cavabdeh1 və X1 müraciətləri əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlaməti olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh2 barəsində cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. - Sözügedən xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı verdiyi izahatda “orada göstərilən 272000 manat məbləğ şişirdilmiş rəqəmdir, bunu o Amirə və Kəmalə ilə ayrı-ayrılıqda danışıqları nəticəsində müəyən etmişdir ki, onlara ödəyəcəyi məbləğ tamamilə yenidən hesablanmalıdır və birmənalı şəkildə bundan az məbləğ təşkil edəcəkdir” ifadəsi qeyd olunmuşdur. - 07.11.2024-cü il tarixli əlyazmadan görünür ki, İddiaçı Cavabdeh2 fərqli tarixlərdə 272000 manat vəsaiti investisiya etmək və gəlir qazanmaq üçün investor kimi götürdüyünü etiraf etmişdir. Qeyd edilən əlyazmanın iddiaçı ona məxsusluğunu xx.xx.2025-ci il tarixli qərarda öz izahatında etiraf etmişdir. - Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X3 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında qərarından görünür ki, Cavabdeh1 və qeyrilərinin pulunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciəti əsasında toplanmış material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə İddiaçı və Cavabdeh2 barəsində cinayət işinin başlanması qərara alınmışdır. Belə ki, iddia ərizəsindən, həmçinin məhkəmə çəkişmələrinə dair sənədlərdən görünür ki, iddiaçı onun etibarından sui-istifadə edərək cavabdehlərə ödədiyi ödənişlərdən onların əsassız varlanma əsasında 31000 manat gəlir əldə etdiklərini irəli sürərək həmin pul məbləğini məhkəmə qaydasında tələb etmişdir. Cavabdehlər isə ayrı-ayrılıqda iddia tələbinin tamamən əksini və iddiaçının qanunsuz əməllərinə görə cinayət işinin başlanmasını qeyd edərək özlərinin zərərçəkmiş qismində olduqlarını bildirmişlər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsində verdiyi izahatdakı “orada göstərilən 272000 manat məbləğ şişirdilmiş rəqəmdir, bunu o Amirə və Kəmalə ilə ayrı-ayrılıqda danışıqları nəticəsində müəyən etmişdir ki, onlara ödəyəcəyi məbləğ tamamilə yenidən hesablanmalıdır və birmənalı şəkildə bundan az məbləğ təşkil edəcəkdir” ifadəsi ilə cavabdehlərə borcunun olduğunu bir növ etiraf etmiş olur. Hazırda Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X3 xx.xx.2025-ci il tarixli qərarına əsasən, İddiaçı və Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı tələb edilən 31000 manat məbləğində pulun cavabdehlərin onun adından istifadə edərək əsassız varlanma əsasında yarandığını iddia etsə də, öz iddiasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə olunan qəbzlərin təyinatları müəyyən olunmadığından mötəbər hesab oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Həmçinin, 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar