Məhkəmə qərarları › İş №2(012)-1947/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1947/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1947/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli 2(012)-4979/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 18.06.2012-ci il təvəllüdlü X3 və 26.01.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 18.01.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 18.06.2012-ci il təvəllüdlü X5 və 26.01.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pozulduğu üçün Cavabdeh iddiaçıya qarşı “nikahın pozulması”, iddiaçı isə “uşaqların ananın himayəsində saxlanılması və aliment tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(012)-4979/2019 saylı qətnaməsi ilə iddia və qarşılıqlı iddia tələbləri təmin edilərək, cavabdehlə bağlanmış nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda, həmin qətnamə ilə tutulan alimentin miqdarının artırılaraq, 193 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi zəruridir. Cavabdeh tərəfindən aliment ödənişləri edilmiş, aliment borcu yoxdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 18.01.2012-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 18.06.2012-ci il təvəllüdlü X5 və 26.01.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli 2(012)-4979/2019 saylı qətnaməsi ilə iddiaçı ilə bağladığı nikahı pozulmuş, birgə nikahlarından olan uşaqların iddiaçının yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün ondan hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləğini davamlı şəkildə ödəmişdir. Hazırda işsiz olduğundan iddiaçının alimentin artırılması tələbi ilə razı deyildir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.09.2012-ci il tarixli AZ-İİ № 949004 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 18.06.2012-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1772 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.05.2016-cı il tarixli AZ-İİİ № 743523 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 26.01.2016-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 510 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli 2(012)-4979/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 18 yanvar 2012-ci il tarixdə 51 nömrə ilə Abşeron rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, nikah pozulduqdan sonra 18.06.2012-ci il təvəllüdlü X3 və 26.01.2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 18.06.2012-ci il təvəllüdlü X3 və 26.01.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 20 noyabr 2019-cu il tarixdən hesablanması, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun əvəzinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.02.2021-ci il tarixli AZ-İ № 374797 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 47 nömrəsi ilə qeyd edilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Ordubad RPŞ tərəfindən verilmiş 28.03.2012-ci il tarixli AZE № 088340 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh X1 Ordubad rayonu Əndəmic kəndində qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdeh ilə birgə nikahlarından anadan olmuş 18.06.2012-ci il təvəllüdlü X5 və 26.01.2016-cı il təvəllüdlü X6 adlı övladları iddiaçının himayəsində yaşayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər üz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 18.06.2012-ci il təvəllüdlü X5 və 26.01.2016-cı il təvəllüdlü X6 adlı iki uşaqları dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli 2(012)-4979/2019 saylı qətnaməsinə əsasən Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli 2(012)-4979/2019 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 160 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini, 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq müəyyən olunur ki, iddia ərizəsi təmin edilməli, 18.06.2012-ci il təvəllüdlü X3 və 26.01.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli 2(012)-4979/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edilir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli 2(012)-4979/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 18.06.2012-ci il təvəllüdlü X3 və 26.01.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar