Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1951/2022 18.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3254 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 52,54 manat olmaqla, cəmi 3306,54 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh idarə etdiyi “Kia Optima” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixində sürücü X1 idarəçiliyində olan İddiaçı MMC-yə məxsus (VÖEN: **********) “HYUNDAİ H100” yük furqon soyuducu markalı (buraxılış ili 2003, ağ rəngli) ** JF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi cavabdehin “Kia Optima” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri, Həsrətov küçəsindən Sərdar Səfərov küçəsi istiqamətində hərəkət edən zaman yolun qırağında quraşdırılmış 2.5-“Dayanmadan keçmək qadağandır” nişanının tələblərinə əməl edilməməsi nəticəsində baş vermişdir. Bu hadisə ilə bağlı xx.xx.2021-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olduğunu etiraf etmişdir. Qusar “VAZ” Kooperativi tərəfindən qeyd edilən avtomobil barəsində xx.xx.2021-ci il tarixində tərtib edilmiş nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smeta (haqq hesab) aktına əsasən, avtomobilə dəymiş maddi ziyan hazırki bazar qiymətlərinə uyğun hesablanmışdır. Həmin aktda tam və ya qismən yararsız hala düşmüş ehtiyat hissələrinin qiyməti 2404 manat və usta haqqı 800 manat olmaqla, ümumilikdə 3204 manat məbləğində maddi zərər müəyyən edilmişdir. Həmçinin bu aktın tərtib edilməsi üçün iddiaçı tərəfindən Qusar “VAZ” Kooperativinə 50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, cavabdeh iddiaçıya dəymiş cəmi 3254 manat məbləğində maddi zərəri hələ də ödəməmiş, hətta müxtəlif əsassız bəhanələr gətirməklə onun ödənilməsindən boyun qaçırmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AD 763441 saylı, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HYUNDAİ H100” yük furqon soyuducu markalı (buraxılış ili 2003, ağ rəngli) ** JF *** dövlət qeydiyyat nişanlı avtomobillin sahibi İddiaçı MMC-dir. Qusar RPŞ-nin cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 13:15 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Bu qərardan görünür ki, Cavabdeh yolayrıcına çıxan zaman 2.5- “Dayanmadan keçmək qadağandır” nişanını görmədiyini bildirmişdir. Qusar “VAZ” Kooperativinin xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smeta (haqq hesab) aktından görünür ki, “HYUNDAİ H100” yük furqon soyuducu markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilin tam və ya qismən yararsız hala düşmüş ehtiyat hissələrinin qiyməti 2404 manat və usta haqqı 800 manat olmaqla, ümumilikdə 3204 manat məbləğində maddi zərər müəyyən edilmişdir. Bu akt üçün Kooperativin hesabına İddiaçı MMC tərəfindən 50 manat ödənilmişdir. Qüsur aktına fotoşəkillər əlavə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4679 saylı rəyindən görünür ki, Qusar “VAZ” Kooperativinin xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smeta (haqq hesab) aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı “HYUNDAİ H100” yük furqon soyuducu markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3204 manat müəyyən edilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh idarə etdiyi “Kia Optima” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixində sürücü X1 idarəçiliyində olan və İddiaçı MMC-yə məxsus “HYUNDAİ H100” yük furqon soyuducu markalı (buraxılış ili 2013, ağ rəngli) ** JF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi cavabdehin “Kia Optima” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri, Həsrətov küçəsindən Sərdar Səfərov küçəsi istiqamətində hərəkət edən zaman yolun qırağında quraşdırılmış 2.5-“Dayanmadan keçmək qadağandır” nişanının tələblərinə əməl edilməməsi nəticəsində baş vermişdir. Bu hadisə ilə bağlı xx.xx.2021-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qusar RPŞ-nin qərarında da cavabdeh yol nişanını görmədiyindən onun tələbinə əməl etmədiyini etiraf etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus qeyd edilən avtomobil əzilmiş, bununla da iddiaçıya maddi zərər dəymişdir. Təqdim edilmiş mötəbər sübutlarla (akt, ekspert rəyi, fotoşəkillər və s.) müəyyən edilir ki, bu zərərin ümumi məbləği 3204 manat, akta görə ödənilmiş məbləğ isə 50 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından göründüyü kimi, “HYUNDAİ H100” yük furqon soyuducu markalı (buraxılış ili 2013, ağ rəngli) ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsilə bağlı iddiaçıya dəyən ümumi ziyanın məbləği 3254 manat müəyyən edilir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 3254 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 52,54 manat pul tutularaq iddiaçıya, ekspertizanın dəyəri kimi 100 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3254 manat pul və ödənilmiş 52,54 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertizanın dəyəri kimi 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1951/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1951/2022
18.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver