Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1960/2022 27.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)- 3544/2021 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün tutulan cəmi 150 manat məbləğində alimentin miqdarının artırılaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyi tərəfindən 18 saylı rəsmi nikah qeydə alınmışdır. Birgə nikahdan iki övladları - xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 dünyaya gəlmişlər. Cavabdehlə ilk günlər normal yaşamalarına baxmayaraq son illər münasibətlər pisləşmişdir Buna görə də o, nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 3544/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra onun yanında qalmaları və Cavabdeh onun xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilən zaman cavabdeh ona yalvarmışdır ki, qətnamədə alimenti az yazdır, övladlar onundur, onlara baxacaq və hər bir tələbatını ödəməyə kömək edəcək. Lakin cavabdeh sözünü tutmayaraq, ona iki övladının saxlanması üçün cəmi 150 manat məbləğində aliment ödəyir. Halbuki, 2022-ci il üzrə uşaqların saxlanması üçün minimum məbləğ 193 manatdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, alimentin təyin edilməsindən qısa müddət keçmişdir. Əvvəlki iş üzrə özü cavabdehin vədinə aldanaraq tələbinin həcminin 150 manatadək azaldılması barədə ərizə vermişdir. Əslində əvvəlcə o, hər ay cəmi 350 manat məbləğdə aliment tələb edirdi. Bu hallardan da aydın olur ki, cavabdehin fikri qəsdən alimentin azaldılması olmuşdur. Bu isə uşaqların mənafeyinə uyğun deyildir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, xəstə olduğu üçün ağır işlərdə işləyə bilmir. Təyin edilmiş aliment hazırki mərhələdə uşaqlar üçün yetərlidir və bu hallar nəzərə alınmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3544/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyində bağlanmış və “Nikahın bağlanması akt qeydləri kitabında” 18 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra X4 yanında qalmaları və Cavabdeh X4 xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər nikaha girmişlər və onların bu nikahdan iki uşaqları olmuşdur. Onlar əvvəllər birlikdə yaşasalar da, sonradan münasibətləri pisləşmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3544/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015- ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra X4 yanında qalmaları və Cavabdeh X4 xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının ümumilikdə hər ay 386 manata kimi artırılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3544/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı əvvəlcə Cavabdeh qarşı nikahın pozulması, azyaşlı uşaqların ananın yanında qalması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyində bağlanmış və 18 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 onun yanında saxlanılması və həmin azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 Mülki-Prosessual Məcəllənin 53cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə təqdim edərək, onunla Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyində bağlanmış və 18 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 onun yanında saxlanılması və həmin azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə məhz bu ərizəyə görə alimenti bu məbləğdə təyin etmişdir. Alimentin təyin edilməsi barədə əvvəlki məhkəmə qətnaməsindən az vaxt keçməsinə baxmayaraq, işin hallarından görünür ki, Cavabdeh məbləğin azaldılması qarşılığında azyaşlılara yaxşı baxacağı barədə İddiaçı vəd vermiş, lakin aliment təyin ediləndən sonra yalnız qətnamədəki məbləğdə aliment ödəmişdir. Bundan sonra isə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bu hallara qiymət verərək, o cümlədən birgə nikahdan doğulmuş azyaşlı Firuzə və Ayxanın mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, alimentin məbləği artırılmalıdır. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, Firuzə və Ayxanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı tələbin azaldılması barədə ərizəsinə əsasən hər ay hər uşaq üçün 75 manat sabit pul məbləğində aliment tutulmasına dair Abşeron Rayon Məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanmaları üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Bu zaman məhkəmə əvvəlki məhkəmə çəkişməsi zamanı ödənişlər barədə tərəflər arasındakı şifahi razılaşmaları, bu razılaşmalara Cavabdeh əməl etməməsini, ən başlıcası isə azyaşlıların mənafelərini nəzərə alır. Lakin məhkəmə Cavabdeh hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə aliment tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən hər uşağa görə hər ay 193 manat sabit pul məbləğində aliment tələb etdiyini bildirsə də, məhkəmə iclasında məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2022-ci il üçün uşaqların saxlanılmasına görə yaşayış minimumu kimi qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanmaları üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşaq üçün 150 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki Firuzə və Ayxanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabehdən hər ay hər uşaq üçün 75 manat sabit pul məbləğində aliment tutulmasına dair Abşeron Rayon Məhkəməsinin məlum qətnaməsi hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanmaları üçün qeyd olunan məbləğdə aliment tutulur. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3544/2021 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq İddiaçı xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3544/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1960/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1960/2022
27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver