Məhkəmə qərarları › İş №2(012)-1960/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1960/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1960/2024 21.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Koroğlu küçəsində yerləşən ev ona məxsusdur.Mərhum həyat yoldaşı rəhmətə getdikdən sonra o və övladları Abşeron rayonu, Qobu qəsəbəsi, Koroğlu küçəsində yerləşən evi tərk edərək valideynlərinin yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 massivi, İstiqlaliyyət küç., bina 8A, mənzil 12 ünvanına köçmüşdür. Ailə vəziyyəti pis olduğundan ailə tələbatlarını ödəmək üçün Abşeron rayonu, Qobu qəsəbəsi, Koroğlu küçəsində yerləşən evi 14 mart 2023-cü il tarixdə Cavabdeh kirayə vermişdir. Cavabdeh oglu 5 ay onun evində kirayə qaldıqdan sonra ona xəbər vermədən evdən çıxmış və evindən çıxarkən evində olan bəzi əşyaları su motorunu, ariston su qızdırıcını, 5 metr uzunluğunda olan 25 ədəd armaturu, işıq, su, qaz sayğaclarının kartlarını ogurluyaraq aparmışdır. Bundan əlavə evinin 2 qapısının şüşələrini və pəncərənin şüşələrini sındırmışdır. Evində olan soyuducu və hamamda olan su qızdırıcını da yararsız hala salmışdır. Bundan əlavə Cavabdeh oglu işıq xəttinə qeyri-qanuni müdaxilə etmişdir. Buna görə Azərişıq ASC Abşeron rayonu, Qobu qəsəbəsi, Koroğlu küçəsində yerləşən evinə 1097.00 manat cərimə yazmışdır. Həmin iş üzrə Cavabdeh ona ümumilikdə 2.000 manat ziyan vurulmuşdur. Cavabdehdən bu hərəkətlərinin səbəbini izah etməsini, ona vurduğu zərəri ödəməsini xahiş etsə də, cavabdeh onun xahişlərinə və tələblərinə əhəmiyət vermədi. Odur ki, ondan hüquq mühafizə orqanlarına şikayət etmişdir. Abşeron rayon Poliş Şöbəsindən mülki xarakterli olduğuna görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X1 göstərdi ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin sahə rəisidir. İş üzrə tərəfləri tanıyır. O, təsdiq edir ki, iş materiallarında olan cavabdeh tərəfindən imzalanmış iltizam onun iştirakı ilə yazılıb. Özü həmin iltizamı imzalamasa da, bütün danışıqlar onun iştirakı ilə aparılmış və Cavabdeh İddiaçı 2000 manat borcu olduğunu etiraf etmişdir. Həmin vaxt orada Cavabdeh nənəsi Sürəyya Həsənova da iştirak etmiş və iltizama şahid kimi qol çəkmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, Mülki Prosessual Məcəllənin 238ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh, nənəsi Sürəyya Həsənovanın iştirakı ilə iltizamı imzalayaraq 2023-cü ilin mart ayından İddiaçı məxsus Hökməli-Qobu yolunda yerləşən evdə kirayə qaldığı zamandan qeyriqanuni işıq xəttindən istifadə etdiyini etiraf etmiş və evdən oğurladığı əşyalara görə vurduğu 2000 manat ziyanı xx.xx.2023-cü il tarixdə kimi ödəyəcəyinə söz vermişdir. İşdə olan Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı şikayət ərizəsi üzrə araşdırma aparılmış, cinayət işinin başlanılması rədd edilərək, İddiaçı qarşı “xırda talama” növündə inzibati xəta törətmiş Həsən və Xəyalə adlı şəxslər gələcəkdə müəyyən olunacağı təqdirdə onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin Qobu PB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı müraciət müəllifinin yerinin müəyyən edilərək izahatının alınması və şikayətə obyektiv hüquqi qiymət vermək mümkün olmadığından toplanmış materiallarda cinayət hadisəsi müəyyən edilməmişdir. Buna görə də cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında şifahi kirayə müqaviləsi bağlanmış, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək evdəki əşyaların bəzilərini yararsız hala salmış, bəzilərini isə gedərkən özü ilə aparmışdır. Bundan başqa cavabdeh işıq xəttinə qeyri-qanuni qoşulduğu üçün iddiaçıya "xxxx" ASC tərəfindən akt tərtib edilərək, 1097 manat cərimə yazılmışdır. Cavabdeh ümumilikdə 2000 manat iddiaçıya zərər vurmuşdur. Bütün bunlar cavabdehin yazılı izahatında təsdiqini tapır. Beləliklə, cavabdeh iddiaçıya qarşı delikt törətmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar