Məhkəmə qərarları › İş №2(012)-198/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-198/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-198/2021 05.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X5 oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2533,75 ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 4200,39 ABŞ dolları faiz, 5492,89 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 377,95 ABŞ dolları borc olmaqla ümumilikdə 12604,98 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 idia tələbini müdafiə edərək göstərmişdir ki, xx.xx.2014-cü il tarixli, 941800 saylı ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 27 %-lə 18 ay müddətinə 8900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü tarixli zaminlik müqaviləsi bağlanılmışdır.941800 ssuda hesablı kredit müqaviləsinin bitmə tarixi xx.xx.2016-cı ildir. Hal-hazırda borcu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir.xx.xx.2019-cu il tarixinədək Cavabdeh1 ləğv prossesində olan İddiaçı ASC-yə 2533,75 ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 4200,39 ABŞ dolları faiz, 5492,89 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 377,95 ABŞ dolları borc olmaqla ümumilikdə 12604,98 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Ona görə də, nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, onunla İddiaçı ASC arasında xx.xx.2014cü il tarixli, 941800 saylı ssuda hesablı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən illik 27 %lə 18 ay müddətinə 8900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Hal-hazırda iddianı qismən qəbul edir. O, əsas borcu ödəməkdən boyun qaçırmır. Lakin faizlər çox hesablanmışdır. Bu səbəbdən də faizlərin silinməsini xahiş edir. O, krediti evin təmiri üçün götürmüşdür. Onun həyat yoldaşı 2 saylı Nevroloji Dispanserdə mühasib işləyir, əmək haqqısı çox azdır. O, özü hal-hazırda isə işsizdir. Borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən illik 27 %-lə 18 ay müddətinə 8900 ABŞ dolları məbləğində kredit Cavabdeh1 verilmiş və o Cavabdeh1 zamin durduğundan, onunla İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Sözügedən müqavilə üzrə iddianı qismən qəbul edir. Devalvasiya olduqdan sonra Cavabdeh1la birlikdə banka gedərək, borcu dolların köhnə məzənnəsinə uyğun ödəmək istədiklərini bildirmiş, lakin bank razılaşmamışdır. İddiaçı bağlandıqdan sonra isə bank ödənişlə bağlı onlara zəng etməmişdir. Hazırda yalnız əsas borcun ödənilməsinə razıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X3 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 9/4781 saylı ekspert rəyinə görə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2016-cı il tarixinə olan əsas borcu 5383,97 ABŞ dolları, faiz borcu 779,33 ABŞ dolları təşkil edir. Lakin cavabdehin xx.xx.2019-cu il olan əsas borcu 2534,85 ABŞ dolları, faiz borcu isə 1639,27 ABŞ dolları təşkil etsə də, rəydə texniki səhvə yol verilmə nəticəsində xx.xx.2019-cu il tarixi əvəzinə, xx.xx.2016-cı il tarixi göstərilmişdir və məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli 17/2/76191592 USD №-li kassa məxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 8900 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4781 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2016-cı il tarixinə olan əsas borcu 5383,97 ABŞ dolları, faiz borcu 779,33 ABŞ dolları, xx.xx.2019-cu il olan əsas borcu 2534,85 ABŞ dolları, faiz borcu isə 1639,27 ABŞ dolları təşkil edir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsini, cavabdehləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertini dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-1720/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4781 saylı ekspert rəyindən məlum olur ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2016-cı il tarixinə olan əsas borcu 5383,97 ABŞ dolları, faiz borcu 779,33 ABŞ dolları, xx.xx.2019-cu il olan əsas borcu 2534,85 ABŞ dolları, faiz borcu isə 1639,27 ABŞ dolları təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilat müqavilə müddəti dövrü üçün əsas borc üzrə 2534,85 ABŞ dolları tələb etdiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən həmin məbləğ əsas götürülməklə, həmçinin müqavilə müddəti dövrü üçün faizlərlə bağlı ekspert rəyində göstərilmiş 779,33 ABŞ dolları əsas götürülməklə iddiaya qiymət verilməlidir. Bundan başqa iş materiallarında kredit müqaviləsi və zaminlik müqaviləsi olmasa da, təqdim edilən maliyyə arayışı, kassa məxarici orderi,hesabdan çıxarış və işin digər materialalrından görünür ki, həqiqətən tərflər arasında sözügedən müqavilələr bağlanmış, cavabdehlər kredit və zaminlik müqaviləsinin mövcudluğunu məhkəmədə mübahisələndirməmiş, belə müqavilələrin bağlandığını qəbul etdiklərindən məhkəmə bu mövqedən iş materiallarına qiymət verilməsi nəticəinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 941800 saylı ssuda hesablı kredit müqaviləsi üzrə cavabdeh (borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı geçikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 100 ABŞ dolları məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 941800 saylı ssuda hesablı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı ASC -nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 öz öhdəliklərinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2533,75 ABŞ dolları məbləğində əsas borc, 779,33 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 377,95 ABŞ dolları borc olmaqla ümumilikdə 3791,03 ABŞ dolları tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən xx xxxxxx 2020-ci il tarixli, 9/4781 saylı mühasibatlıq ekspertizasına görə 145 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 43 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 102 manat isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 9 manat cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2533,75 ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti 779,33 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 377,95 ABŞ dolları borc olmaqla, (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) ümumilikdə 3791,03 ABŞ dolları borc və 09 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən xx xxxxxx 2020-ci il tarixli, 9/4781 saylı mühasibatlıq ekspertizasına görə 145 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 43 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 102 manat isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar