Məhkəmə qərarları › İş №2(012)-1992/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1992/2024

19.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1992/2024 19.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-993/2020 saylı qətnamasi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 05 aprel 2009-cu il təvəllüdlü X2 və 21 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin və eləcə də mediasiya xərci olaraq ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdehlə birgə nikahdan anadan olmuş 05 aprel 2009-cu il təvəllüdlü X2 və 21 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə kifayət etmədiyindən alimentin məbləğinin artırılması üçün aidiyyəti qaydada Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(043)- 993/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək hər uşağa görə 20 manat aliment artırılmışdır. Məhkəmə qətnaməsinə qət etmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4579/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 05 aprel 2009-cu il təvəllüdlü X2 və 21 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh qətnamənin qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin”. Cavabdeh sözügedən qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(104)-3183/2020 saylı qətnaməsi ilə şikayət təmin edilməyərək qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Onların yaşını, cinsini diqqətə aldıqda tələbatlarının daha da artdığı, xərclərinin çoxaldığı mübahisəsizdir. Uşaqların təhsillərini yüksək səviyyədə davam etdirmək, fiziki tədbirlərlə məşğul olmaq istəsələr də, cavabdehin bir ata kimi üzərinə düşən öhdəliyi icra etməməsi, hətta təyin edilmiş alimenti hər bəhanə ilə ödəməməsi səbəbindən uşaqların yaşam səviyyəsi bu günün tələblərinə uyğunlaşmır. Dəfələrlə cavabdehdən alimenti ödəməsini xahiş etsə də o, müxtəlif bəhanələrlə onları yola verərək valideyn kimi üzərinə düşən öhdəliklərinin icrasından yayınmışdır. Cavabdeh təyin edilmiş alimentdən başqa bir manat da olsa oğlanları üçün xərcləməməmiş, bundan əlavə heç onların təhsilləri, sağlamlığı ilə də maraqlanmamışdır. Dəfələrlə icra idarəsinə müraciət edərək onun barəsində şikayətlər olunandan sonra az miqdarda pul ödəmiş və sonra yenə də öz istədiyi kimi davranaraq uşaqların pis olmasına səbəb olmuşdur. Onun rayonda yaşamağa yeri olmadığı üçün iki övladı ilə birlikdə məcburən anasıgilin Abşeron rayonunda yerləşən evində müvəqqəti qeydiyyata düşərək orada yaşayır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-993/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4579/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, 05 aprel 2009-cu il təvəllüdlü X2 və. 21 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanmaları üçün Cavabdeh qətnamənin qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(104)- 3183/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 2(043)-993/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə Saqi və Ruhin adlı uşaqların mənafeyini, normal inkişaf etmələrini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)- 993/2020 saylı qətnaməsinə əsasən 05 aprel 2009-cu il təvəllüdlü X2 və. 21 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunmuş hər ay cəmi 280 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-993/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 05 aprel 2009-cu il təvəllüdlü X2 və 21 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit məbləğdə aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar