Məhkəmə qərarları › İş №2(012)-2/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2/2024 04.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3200 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə hesablanmış 2747 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5947 ABŞ dolları borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçı LPO İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2015-ci il tarixli, İKM 450 saylı kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 450 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 3200 ABŞ dolları, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə hesablanmış 2747 ABŞ dolları faiz borcu, cəmi isə 5947 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Bütün bu hərəkətləri ilə borclu kredit müqaviləsinin şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425-ci maddələrinin tələblərini pozmuşdur. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və zaminlik müqaviləsində nəzərdə tutulmuş müddətin keçməsi, həmçinin borcun cavabdeh-zamin Cavabdeh2 tutulması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan 04 dekabr 2015-ci il tarixli, İKM 450 saylı istehlak kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən LPO İddiaçı ASC (borc verən) Cavabdeh1 (borc alana) 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 3200 ABŞ dolları məbləğində kredit vermiş, Cavabdeh1 (borc alan) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən LPO İddiaçı ASC-yə (borc verənə) qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından olan 04 dekabr 2015-ci il tarixli, İKM 450 saylı zaminlik müaqaviləsindən görünür ki, LPO İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) və Cavabdeh2 (zamin) arasında zaminlik müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh2 (zamin) Cavabdeh1 (borc alanın) LPO İddiaçı ASC (borc verən) qarşısında öhdəliklərinin tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş, Cavabdeh1 (borc alan) zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə LPO İddiaçı ASC (borc verən) qarşısında Cavabdeh2 (zamin) və Cavabdeh1 (borc alanın) birgə məsuliyyət daşıması nəzərdə tutulmuşdur. İş materiallarında olan 11 oktyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 dekabr 2015-ci il tarixli, İKM 450 saylı kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixinə 3200 ABŞ dolları əsas, müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixə 1992 ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 135 ABŞ dolları məbləğində 5 faizlik borcu, müştərinin xx.xx.2018-ci il tarixinə sistem üzrə 2747 ABŞ dolları faiz borcu vardır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 443, 445,448,462,472,477 və 739-cu maddələri təşkil edir. Məhkəmədə tədqiq edilmiş işin faktiki hallarından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında 04 dekabr 2015-ci il tarixli, İKM 450 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Lakin Cavabdeh1 04 dekabr 2015-ci il tarixli, İKM 450 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 əsas borca görə 3200 ABŞ dolları və müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixə 1992 ABŞ dolları faiz borcu ilə bağlı tələb əsaslı olduğundan iddia ərizəsi bu hissədə təmin edilməlidir.Həmçinin iş materiallarında olan 11 oktyabr 2018-ci il tarixli maliyyə arayışında göstərilən müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 135 ABŞ dolları məbləğində 5 faizlik borcu ilə bağlı iddia ərizəsinin xahiş olunan hissəsində bununla bağlı tələb olmadığından,həmin hissəyə məhkəmə tərəfindən qiymət verilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2015-ci il tarixli, İKM 450 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və həmin kredit müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 dekabr 2015-ci il tarixli, İKM 450 saylı zaminlik müqaviləsində isə zaminlik müqaviləsinin hansı müddətə qədər qüvvədə olması konkret olaraq göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, Cavabdeh1 (borc alan) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər Cavabdeh2 öz öhdəliklərinin icrasını tələb etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. sas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 3200 ABŞ dolları əsas borc, 1992 ABŞ dolları faiz borcu, cəmi 5192 ABŞ dolları borc və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin hesabına ödənilsin. İddia tələbi Cavabdeh2 aid hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar