Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2003/2022 25.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 26.10.2019-cu il təvəllüdlü X7 3 yaşına çatana qədər aylıq 150 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə, qeyd olunan aliment məbləğinin 26.10.2019-cu il təvəllüdlü X7 doğulduğu 26.10.2019-cu il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 28.09.2010-cu il tarixdə nikaha daxil olmuş və nikahlarını Abşeron rayon Qeydiyyat Şöbəsində 617 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Həmin nikahdan 06.08.2011-ci il təvəllüdlü X10, 27.05.2013-cü il təvəllüdlü X11, 06.04.2018-ci il təvəllüdlü X12 və 26.10.2019-cu il təvəllüdlü X13 anadan olmuşdur. X2 26.10.2019-cu il tarixdə anadan olduğundan oğlunun hələ 3 yaşı tamam olmamışdır. Bu baxımdan, onun aliment almaq hüququnun olduğunu hesab edir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Abşeron rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli 2(012)-5040/2021 saylı qətnaməsi ilə onun cavabdehlə bağladığı nikahı pozulmuşdur. Eyni zamanda qeyd edir ki, X13 anadan olandan cavabdeh uşağın saxlanılması üçün heç bir aliment ödənişi etməmişdir. Məhkəmə qətnaməsi ilə qət edilmiş aliment ödənişindən 3 dəfə, hər ay 50 manat olmaqla ödəniş etmiş, aliment borcu yaranmışdır. Həmçinin, uşağın 3 yaşına çatanadək saxlanılması üçün uşağın doğulduğu tarixdən 150 manat aliment tələb edir. Belə ki, o, özü hazırda işləmir. Bu səbəbdən də, maddi yardıma ehtiyacı var. Cavabdehin rəsmi şəkildə gəlirləri barədə dəqiq məlumatı yoxdur, lakin qeyri-rəsmi işlədiyini gəliri olduğunu bilir. Cavabdeh yaşayış üçün ona mənzil versə də, həmin mənzili onun adına rəsmiləşdirməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 28.09.2010-cu il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 06.08.2011-ci il təvəllüdlü X10, 27.05.2013-cü il təvəllüdlü X11, 06.04.2018ci il təvəllüdlü X12 və 26.10.2019-cu il təvəllüdlü X13 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli 2(012)-5040/2021 saylı qətnaməsi ilə onun iddiaçı ilə bağladığı nikahı pozulmuşdur. O, uşaqların saxlanılması üçün aliment ödənişlərini edir. Lakin bununla belə, onun 1000 manata yaxın aliment borcu vardır. Bundan əlavə, uşaqları eyni zamanda, gəzməyə çıxarmaq, onlarla görüşmək üçün də zəruri xərclər çəkir. Lakin buna baxmayaraq, hesab edir ki, onun tərəfindən ödənilən aliment ödənişlərini iddiaçı uşaqların saxlanılması üçün sərf etmir. O, özü çörək sexində çalışır. Eyni zamanda, yaşadığı evi uşaqlarının rahatlığının təmin edilməsi üçün iddiaçıya vermiş, özü isə valideyni ilə birlikdə yaşayır. Lakin bununla belə, onun aliment məbləğini ödəməkdə maddi çətinliyi var. Çörək sexində qeyri-rəsmi çalışsa da, hər an işdən çıxmaq kimi riski var, təxminən ay ərzində 300-400 manat aralığında gəlir əldə edir, gün ərzində isə 10-15 manat qazancı olur. Aliment ödənişini etmək üçün sürücülük fəaliyyəti ilə də zaman-zaman məşğul olur. Həmçinin, aliment borcunun silinməsi üçün aliment ödənişindən əlavə olaraq artıq da ödəniş edir. Ödəniş edərkən anasının pensiya ödənişindən də yararlandığı olmuşdur. Rəsmi iş yeri olmadığından hazırki aliment ödənişini etmək iqtidarında deyil. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra mətndə Konstitusiya adlanacaq): 17-ci maddəsinə əsasən İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.12.2019-cu il tarixli AZ-İV № 391217 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 26.10.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 883 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli 2(012)-5040/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Abşeron Rayon Qeydiyyat Şöbəsində bağlanmış 28.09.2010-cu il tarixli, 617 nömrəli nikahın pozulması, nikah pozulduqdan sonra 06.08.2011-ci il təvəllüdlü X4, 27.05.2013-cü il təvəllüdlü X5, 06.04.2018-ci il təvəllüdlü X6 və 26.10.2019-cu il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmaları, Cavabdeh 23.08.2021-ci il tarixdən başlayaraq 06.08.2011-ci il təvəllüdlü X4, 27.05.2013-cü il təvəllüdlü X5, 06.04.2018-ci il təvəllüdlü X6 və 26.10.2019cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 560 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, qətnamənin aliment hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir. -Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı aliment ödənişi olaraq 11.11.2021-ci il tarixdə 200 manat, 17.11.2021-ci il tarixdə 200 manat, 26.11.2021-ci il tarixdə 160 manat, 07.12.2021-ci il tarixdə 200 manat, 24.12.2021-ci il tarixdə 220 manat, 10.01.2022-ci il tarixdə 200 manat, 18.01.2022ci il tarixdə 200 manat, 30.01.2022-ci il tarixdə 210 manat, 08.02.2022-ci il tarixdə 200 manat, 18.02.2022-ci il tarixdə 200 manat, 28.02.2022-ci il tarixdə 50 manat, 28.02.2022ci il tarixdə 160 manat, 11.03.2022-ci il tarixdə 200 manat, 19.03.2022-ci il tarixdə 200 manat, 30.03.2022-ci il tarixdə 200 manat, 11.04.2022-ci il tarixdə 200 manat, 20.04.2022ci il tarixdə 160 manat, 25.04.2022-ci il tarixdə 100 manat ödəniş etmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 03.03.2012-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həbibov X8 rayonu Masazır kəndində qeydiyyatdadır. -Göyçay RPŞ tərəfindən verilmiş 04.08.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Göyçay şəhəri Şəhriyar küçəsi 10 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 58.1. maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2. maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 58.3. maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olmuş və onların həmin münasibətlərindən 06.08.2011-ci il təvəllüdlü X10, 27.05.2013-cü il təvəllüdlü X11, 06.04.2018-ci il təvəllüdlü X12 və 26.10.2019-cu il təvəllüdlü X13 anadan olmuşdur. Tərəflərin ailə nikah münasibətləri Abşeron Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli 2(012)-5040/2021 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqların iddiaçının yanında saxlanılması və uşaqların saxlanılması üçün hər ay hər birinə 140 manat olmaqla cəmi 560 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda, iddiaçı işləmədiyindən, uşaqları saxlamağa maddi imkanı yetmədiyindən və cavabdehin aliment ödənişlərindən yayındığını iddia edərək yetkinlik yaşına çatmayan azyaşlı 26.10.2019-cu il təvəllüdlü X1 üçün 3 yaşına çatana qədər aylıq 150 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, qanunvericilik tərəflər arasında razılıq olmadığı təqdirdə, uşağın saxlanılması üçün məhkəmə qaydasında sabit pul məbləğində alimentin tutulması qaydasını müəyyən etmişdir. Ailə Məcəlləsinin:
99. maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi, iddiaçı Ailə Məcəlləsinin 100.3-cü maddəsinə istinad edərək, cavabdeh ilə birgə nikah münasibətlərindən anadan olmuş 26.10.2019-cu il təvəllüdlü X7 anadan olduğu tarixdən etibarən 3 illik aliment ödənişinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin uşağın saxlanması üçün aliment ödəmək öhdəliyindən boyun qaçırdığını, eyni zamanda cavabdehin aliment ödənilməsi üçün maddi imkanının olasını qeyd etsə də, tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirəcək mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmiş, hətta məhkəmə araşdırması zamanı tədqiq olunmuş ödəniş qəbzlərinə əsasən, cavabdehin hər ay davamlı şəkildə aliment ödənişlərini etməsi müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Ailə Məcəlləsinin 100.3. maddəsinə əsasən əvvəlki dövr üçün alimentin 3 illik müddət həddində verilməsi məhkəmə tərəfindən iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən etdiyi halda mümkündür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə müraciət edənədək aliment almaq üçün tədbirlər görülməsi, həmçinin, cavabdehin nəinki aliment ödənişindən yayınması, hətta cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərinə əsasən, onun zaman-zaman aliment ödənişlərini etməsi müəyyən edildiyindən bu hal iddiaçının əvvəlki 3 illik müddət üçün aliment ödənişini alması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi sübut edilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov