Məhkəmə qərarları › İş №2(012)-2003/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2003/2023

12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2003/2023 12.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 25 yanvar 2008-ci il təvəllüdlü X1 və 22 yanvar 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə Kürdəmir Rayon Məhkəməsinin 19 avqust 2014-cü il tarixli, 2(041)- 760/2014 saylı qətnaməsi ilə tutulan alimentin məbləğinin hər uşağa görə 140 manatdan artırılaraq cəmi 440 manat müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 25 yanvar 2008-ci il təvəllüdlü X1 və 22 yanvar 2007-ci il təvəllüdlü X2 maddi cəhətdən saxlanılmasında çətinlik çəkir. Uşaqların qidası, təhsili və paltarlarının alınmasına Cavabdeh hər uşağın saxlanılması üçün ödədiyi 80 manat aliment məbləği kifayət etmir. Belə ki, həmin məbləğ cəmi 1 (bir) həftə uşaqların maddi təminatının ödənilməsinə kifayət edir. Hazırda isə hər bir uşağın saxlanılması üçün 220 manat məbləğində alimentin tutulmasını istəyir. Verilmiş suallara cavabında qeyd edir ki, aralarındakı nikah pozulandan sonra keçən müddət ərzində cavabdehin maddi vəziyyətində dəyişikliklər olmuşdur. Belə ki, cavabdeh özünə məxsus avtomobili tez-tez dəyişərək yeni avtomobillər almışdır. Hətta məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə məhkəmədən kənar aliment məbləğində müəyyən artım etməsini təklif etmişdir. İlk əvvəl cavabdeh bununla razılaşsa da, sonradan bundan imtina etmişdir. Cavabdeh onunla ayrıldıqdan sonra yeni ailə qurmuş və ondan 1 (bir) övladı vardır. Ata olaraq cavabdeh uşaqları ilə də ünsiyyət saxlamır. O, özü cavabdehə zəng edərək uşaqlara zəng etməsini, onlarla maraqlanmasını xahiş edir. Çünki istəmir uşaqlarının atalarına qarşı olan münasibətləri soyusun. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Uşaqların saxlanılması hər iki valideynin borcudur. Lakin uşaqların təhsil haqqı və digər maddi ehtiyaclarının ödənilməsində çətinlik çəkir. Hər bir uşağa görə 220 manat aliment məbləğinin özü də uşaqların saxlanılması üçün yetərli deyildir. Dəfələrlə aliment məbləğini məhkəməyə müraciət etmədən artırmasını cavabdehdən xahiş etmiş, lakin nəticəsi olmamışdır. Aliment məbləğinin artırılmasını istəməsinin səbəbi uşaqların ehtiyaclarının ödənilməsi ilə bağlıdır. Uşaq məktəbdən kənar hazırlığa getməlidir. Aylıq ödəniş isə 320 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı dedikləri həqiqətə uyğun deyildir. Belə ki, onun şəxsi avtomobili yoxdur. O, taksi fəaliyyəti ilə məşğul olmaqla pul qazanmaq məqsədi ilə yalnız 1 (bir) dəfə kreditə avtomobil götürmüş, həmin avtomobili də kreditini ödəyə bilmədiyinə görə təxminən 20 gün sonra geri qaytarmalı olmuşdur. Hətta banka kreditə avtomobil salmaqla götürmək istəmiş, bu da alınmamışdır. Digər maddi gəliri yoxdur. İddiaçı da bilirki, o, işə çıxdıqda ona əmək haqqı yazılır. Həmin qazancı da iddiaçıya bəllidir. Uşaqlarla görüşməməsinin səbəbi isə o, hələ uşaqların yaşı az olanda onlarla görüşmək üçün getdikdə və ya iddiaçıya zəng etdikdə, qarşı tərəf uşaqları onun anasının evinə gətirmişdir. Oğlunu iddiaçının anası, qızını isə onun anası böyütmüşdür. Bu gün də qızının ehtiyaclarının ödənilməsinə onun anası köməklik göstərir. Verilmiş suallara cavabında qeyd edir ki, yenidən ailə həyatı qurmuşdur. Həmin nikahdan 1 (bir) övladı vardır, 1 (bir) övladı isə bu yaxında anadan olacaqdır. İddiaçı ona alimentin məbləğini artırmasını təklif edəndə o, hazırda maddi vəziyyətinin pis olduğunu, buna baxmayaraq, maddi köməklik göstərəcəyini, hazırda onu sıxışdırmamasını bildirmişdir. Lakin iddiaçı bu söhbətdən bir müddət sonra ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini eşitdikdən sonra, o, məhkəmə nə qərar qəbul edərsə, həmin qərara uyğun aliment ödəyəcəyini bildirmişdir. Onun isə hazırda iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Hazırda iddiaçıya hər uşağın saxlanılmasına görə 100 manat, maksimum isə 120 manat aliment məbləği ödəyə bilər. İddiaçının məqsədi aliment məbləğini hazırda tələb etdiyi məbləğdə qaldırmaq, həmin məbləği ödəyə bilmədikdə isə onu həbs etdirməkdir. Qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Kürdəmir rayon VVADQ şöbəsi tərəfindən 07 fevral 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 899127 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 22 yanvar 2007-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 07 fevral 2007-ci il tarixdə 125 nömrə ilə qeyd edilmişdir. Kürdəmir rayon VVADQ şöbəsi tərəfindən 06 fevral 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 020262 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 25 yanvar 2008-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 06 fevral 2008-ci il tarixdə 129 nömrə ilə qeyd edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-760/2014 saylı, 19 avqust 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2007-ci il tarixdə anadan olmuş X2, xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləği ilə 80 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 19 fevral 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 023619 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X7 19 fevral 2015-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 fevral 2015-ci il tarixdə 72 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səlimov, arvada Səlimova soyadı verilmişdir. AA4330139 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 12 fevral 2015-ci il tarixdə doğulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 15 nömrəli arayışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi əsasında sürücü vəzifəsində çalışır. Əmək haqqı 350 manatdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 25 yanvar 2008-ci il təvəllüdlü X3 və 22 yanvar 2007-ci il təvəllüdlü X4 doğulmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-760/2014 saylı, 19 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən 22 yanvar 2007-ci il təvəllüdlü X2 və 25 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləği ilə 80 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa 80 manat sabit pul məbləğində alimentin tutulması haqqında Kürdəmir Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 8 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 19 avqust 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 22 yanvar 2007-ci il təvəllüdlü X2 və 25 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin məbləğ Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 760/2014 saylı, 19 avqust 2014-cü il tarixli qətnaməsi ilə 22 yanvar 2007-ci təvəllüdlü X2 və 25 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh 22 yanvar 2007-ci təvəllüdlü X2 və 25 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalı, iddia digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin məhkəmə hesab edir ki, mediasiya xidməti haqqı kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməli, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-760/2014 saylı, 19 avqust 2014-cü il tarixli qətnaməsi ilə 22 yanvar 2007-ci təvəllüdlü X2 və 25 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 22 yanvar 2007-ci təvəllüdlü X2 və 25 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. Mediasiya xidməti haqqı kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar