Məhkəmə qərarları › İş №2(012)-2018/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2018/2023

17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2018/2023 17.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-720/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflər bir müddət mehriban yaşasa da, sonradan aralarında soyuqluq yaranmış, münasibətləri korlanmış və ər-arvad münasibətlərinə son qoyulmuşdur. Bu səbəbdən, iddiaçı Quba rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(027)-720/2022 saylı qətnaməsinə əsasən, tərəflərin nikahı pozulmuş, azyaşlı iddiaçının himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hər ay qazancın və başqa gəlirlərin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdeh bu günədək övladı ilə bir dəfə də olsun, maraqlanmamış və onun saxlanılması üçün hər hansı bir maddi köməklik göstərməmişdir. Belə ki, cavabdeh qeyrirəsmi işlərdə işlədiyi üçün alimentin ödənilməsində hər dəfə problem yaradır. Bu səbəbdən də, iddiaçı “alimentin sabit məbləğdə tutulması” tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, iddiaçı ilə bir ildən artıq müddətdir ki, boşanmışdır. Pensiyasının ¼ hissəsi miqdarında aliment tutulur, hazırda, o, 692 manat pensiya alır və pensiyasından 172 manat aliment ödənişi tutulur. İddiaçı alimentin artırılmasını tələb etsə də, onun yaşı, hazırki xəstəliklərinin nəzərə alınmasını istəyir. Onun banka borcu vardır ki, hər ay 217 manat ödəniş edir. O, xəstəliyi ilə əlaqədar əməliyyat olunmaq üçün kredit götürmüşdür. İddiaçının əlavə iş yeri var və 4 saylı məktəbdə aylıq 345 manat olmaqla xadimə vəzifəsində çalışır. Aliment ödənişi əlavə olmaqla iddiaçı 550 manatdan artıq pul əldə edir. O, onkoloji xəstədir və qaz təzyiqi yüksəkdir. İddiaçı onun ikinci yoldaşıdır, onun ilk yoldaşı 40 yaşında vəfat etmiş və o, hazırda, oğlunun yanında yaşamaqla ona gəlini baxır. Ona görə də göstərilənlərin nəzərə alınaraq, alimentin miqdarının 190 manat müəyyən olunmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ № 628205 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2009-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1211 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X3r. -Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-720/2022 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş X1 anası İddiaçı yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın aliment tələbinə dair hissəsinin dərhal icra edilməsi, 50 manat mediasiya və 50 manat dövlət rüsumunun Cavabdeh oğundan alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. -Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ № 406911 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 42 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına “İbrahimova” soyadı verilmişdir. -Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 78572/22-06 saylı məktubdan görünür ki, icraat zamanı Quba rayonu Söhüb Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Cavabdeh məxsus olan 29 arı ailəsi müəyyən olunmuşdur. Hər arı ailəsindən 1.5 kq bal məhsulu aşkarlanmış və onun dəyəri olan pulun ¼ hissəsi, yəni, 380.62 manat pul pensiyadan tutularaq tələbkar İddiaçı hesabına köçürülmüşdür. -Dövlət Sosial Müdafiə X10 Şəxsi 1 saylı X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Quba rayonu, Adur kənd sakini Cavabdeh həqiqətən, 1 saylı X4ndan (Quba) yaşa görə 692.37 manat müddətsiz əmək pensiyası alır. -Abşeron RPŞ tərəfindən Yaşayış yerindən kənarda 60 gündən yuxarı olduğu yer üzrə qeydiyyata alınan vətəndaş barəsində təqdim edilən xx.xx.2023-cü il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksi, küçə 1, 8A saylı evin, 7 saylı mənzilinə xx.xx.2024-cü il tarixədək müvəqqəti qeydiyyata alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Quba rayonu, Küpçal ərazi dairəsi, Küpçal kəndində, Cavabdeh isə Quba rayonu, Adur kəndində qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X2 iddiaçının himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X2 dünyaya gəlmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-720/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh azyaşlının yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancın və ya başqa gəlirlərin ¼ hissəsi miqdarında alimentin tutulması qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-720/2022 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə uşağın yaşını, qida, təhsil və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-720/2022 saylı qətnaməsi ilə qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirib, həmçinin, tərəflərin birgə nikahlarından olan azyaşlının mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-720/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. Ona görə də iddia ərizəsi “alimentin iddia ərizəsinin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması” hissəsində əsaslı olmadığından təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-720/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar