Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2019/2022 21.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi və təhsil haqqının yarısının tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlar - 23 sentyabr 2005-ci il təvəllüdlü X2 və 20 sentyabr 2007-ci il təvəllüdlü X6 hər birinin saxlanması üçün tutulan alimentin məbləğinin 130 manatdan artırılaraq 250 manat müəyyən olunması və X3 təhsil haqqının yarısını təşkil edən 3500 manat pulun, habelə mediasiya xidmətinə görə ödənilən 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X7 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 23 sentyabr 2005-ci il təvəllüdlü X4 və 20 sentyabr 2007-ci il təvəllüdlü X8 anadan olmuşdur. Aralarında olan nikah münasibətlərinə xitam verildikdən sonra uşaqlar onun yanında qalmış və uşaqların saxlanılması üçün aliment müəyyən edilmişdir. Axırıncı tutulan aliment məbləği hər uşaq üçün 130 manat olmaqla ayda cəmi 260 manat təyin edilmişdir. Həmin qərarla tutulan alimentin məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Uşaqların təhsilinə çox pul vəsaiti sərf edilir. Qızı Türkiyə Respublikasında universitetə qəbul olmuşdur və onun illik təhsil haqqı 7000 manat təşkil edir. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, tək çəkir. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı ərizə ilə tələbini dəqiqləşdirmiş və birgə nikahdan doğulmuş iki uşağın saxlanılmaları üçün təyin edilmiş aliment miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazında Cavabdeh göstərmişdir ki, əvvəlki məhkəmə qətnaməsinə əsasən qət edilən cəmi 260 manat alimenti hər ay ödəmiş və bu xüsusda onun heç bir borcu qalmamışdır. O, hazırda Dövlət Statistika Komitəsində nəzarətçi işləyir və ayda 335 (vergilər çıxıldıqda 280) manat əmək haqqı alır. Hər gün 09:00-dan 18:00-dək iş yerində olur, başqa gəlir və qazanc yeri isə yoxdur. Bundan başqa, o, hazırda X5 ilə nikaha girmişdir və bu nikahdan onun xx.xx.2014-cü ildə Aslan adlı uşağı olmuşdur. Uşağın saxlanılması hər iki valideynin öhdəliyi olduğundan göstərilən hallar nəzərə alınmaqla iddia rədd edilməlidir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 198912 saylı və AZ-İ 686154 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 23 sentyabr 2005-ci il təvəllüdlü X4 və 20 sentyabr 2007-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli 2(012)-3532/2018 saylı qətnaməsinə əsasən alimentin məbləği artırılmış, Cavabdeh İddiaçı xeyrinə 23 sentyabr 2005-ci il təvəllüdlü X4 və 20 sentyabr 2007-ci il təvəllüdlü X8 adlı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat alimentin tutulması qət edilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, 23 sentyabr 2005-ci il təvəllüdlü X4 və 20 sentyabr 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin tutulmasına dair Abşeron Rayon Məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanmaları üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Lakin məhkəmə Cavabdeh hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə aliment tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən hər uşağa görə hər ay 193 manat sabit pul məbləğində aliment tələb etdiyini bildirsə də, məhkəmə iclasında məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanmaları üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşaq üçün 170 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Bu nəticəyə gələrkən məhkəmə cavabdehin təkrar nikaha girməsini və bu nikahdan da onun övladının olmasını nəzərə alır. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki 23 sentyabr 2005-ci il təvəllüdlü X4 və 20 sentyabr 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabehdən hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutulmasına dair Abşeron Rayon Məhkəməsinin məlum qətnaməsi hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanmaları üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin hazırki iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Abşeron Rayon Məhkəməsinin məlum qətnaməsi qüvvəsini itirir və ona görə də hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Abşeron Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli 2(012)-3532/2018 saylı qətnaməsi ilə 23 sentyabr 2005-ci il təvəllüdlü X4 və 20 sentyabr 2007-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq İddiaçı xeyrinə 23 sentyabr 2005-ci il təvəllüdlü X4 və 20 sentyabr 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də Cavabdeh mediasiya prosesi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat pul tutularaq, İddiaçı, dövlət rüsumuna görə 30 manat pul tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki-Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23 sentyabr 2005-ci il təvəllüdlü X4 və 20 sentyabr 2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh Abşeron Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli 2(012)-3532/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 23 sentyabr 2005-ci il təvəllüdlü X4 və 20 sentyabr 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya prosesi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat pul tutularaq, İddiaçı, dövlət rüsumuna görə 30 manat pul tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2019/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2019/2022
21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver