Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2019/2023 01.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə borclu olduğu 16331 manat pulun, həmçinin 141 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan müxtəlif vaxtlarda həm nağd pul, həm də müxtəlif əşyalar götürərək, yaranmış borcunu qısa müddətdə geri qaytarmağa söz versə də, bu günə kimi 16331 manat məbləğində pulu ona qaytarmamışdır. Hər dəfə bununla əlaqədar Nəzakətə zəng etdikdə o, qısa müddət ərzində borcunu qaytaracağına söz versə də, hər dəfə onu aldatmışdır. Ona görə də məcbur olub, şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinə müraciət etmişdir. Ərizənin araşdırılması zamanı Cavabdeh ona olan borcunu etiraf etmiş, lakin maddi vəziyyəti çətin olduğu üçün borcunu qaytara bilmədiyini demişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Aıtıq o, cavabdehin sözlərinə inanmadığı üçün hal-hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə etdi ki, Cavabdeh başqa şəxs vasitəsilə karta köçürmə yolu ilə borcundan cəmi 20 manat pul ödəmiş, qalan borc isə hələ də ödənilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılmış, lakin o, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaya etiraz ərizəsində cavabdeh İddiaçı cəmi 3000 manat borcu qaldığını göstərmişdir. Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X1 ifadəsində bildirdi ki, hər iki tərəfi tanıyır. Əvvəllər bilməsə də, sonradan cavabdehin iddiaçıya 16000 manat borclu olmasını bilmişdir. Cavabdeh bu məbləğdə borclu olduğunu ona söyləmişdir. O, borcundan yalnız 20 manat pul ödəmiş, qalan borcunu isə ödəməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidin ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə üzrə hər iki tərəfin izahatı alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, 2-3 il bundan öncə tanışı İddiaçı satmaq üçün 3000 manat dəyərində müxtəlif mallar götürmüşdür. Qalan 13000 manat pulu hissə-hissə ona faizlə vermişdir. Ümumi borc 16000 manat olmuşdur. Borcu işlədikcə qaytarmağa çalışacaqdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında malların satışı ilə bağlı münasibətlər yaranmış, bununla bağlı onlar arasında şifahi razılaşma olmuş, iddiaçı satış üçün cavabdehə mallar vermiş, bunun müqabilində 16000 manat borc yaranmışdır. Bundan sonra isə cavabdeh yaranmış borcu qaytarmadığından iddiaçı onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə şikayət ərizəsi yazmış, polis bölməsində hər iki tərəfin izahatı alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, 2-3 il bundan öncə tanışı İddiaçı satmaq üçün 3000 manat dəyərində müxtəlif mallar götürmüşdür. Qalan 13000 manat pul hissəhissə ona faizlə verilmişdir və ümumi borc 16000 manat olmuşdur. Borcu işlədikcə qaytarmağa çalışacaqdır. Göründüyü kimi, Cavabdeh İddiaçı 16000 manat borclu olduğunu etiraf etmişdir. Bu borcun 13000 manat hissəsinin faiz tətbiq edilməsilə yaranması barədə cavabdehin dəlili iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu məbləğ 16000 manat təşkil edir. Bununla belə, iddiaçı tərəf məhkəmə iclasında borcdan cəmi 20 manat qaytarılmasını etiraf etdiyindən məhkəmə hesab edir ki, həmin məbləğ ümumi borcdan çıxılmalıdır. Beləliklə, işin faktiki hallarından məlum olur ki, Cavabdeh İddiaçı hesabına 15980 manat məbləğində əsassız varlanmışdır. Buna görə də iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15980 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Əsassız varlanmanın bu məbləğdə olması işdəki bir sıra mötəbər sübutlarla, o cümlədən cavabdehin polis orqanlarında, iddiaçının isə məhkəmə iclasında verdiyi izahatı ilə tamamilə təsdiq olunur. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 141 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15980 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 141 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2019/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2019/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver