Məhkəmə qərarları › İş №2(012)-202/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-202/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-202/2021 07.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 7956,02 ABŞ dolları faiz borcu olmaqla cəmi 7956,02 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT-nın nümayəndəsi X2 iddianı müdafiə edərək məhkəmədə izahatında bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-XAC-71 saylı, 19.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC-in Xaçmaz filialı ilə Cavabdeh arasında 07.07.2006-cı il tarixdə, 550/06 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alana yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə 101025 ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləsinin 5.3-cü bəndinə əsasən, kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan” ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. “Borcalan” a verilən vəsaitindən istifadə müddəti 12 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 15 %-lə hesablanır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bundan əlavə sözügedən 07.07.2006-cı il tarixdə, 550/06 saylı kredit müqaviləsinin əsli "xxxx" ASCdədir. Onlara akt əsasında yalnız həmin müqavilənin təsdiqlənmiş surəti verilmişdir. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, hərbi qulluqçudur və 35 il Sərhəd Qoşunlarında xidmət etmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC-in Xaçmaz filialı ilə onun arasında 07.07.2006-cı il tarixdə, 550/06 saylı kredit müqaviləsi bağlanmış, onun tərəfindən kredit götürülməmiş, müqavilə və sənədlərdəki imzalar ona məxsus deyildir. İllik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101025 ABŞ dolları məbləğində heç bir təminat olmadan "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ona pul vəsaitinin verilməsi heç bir məntiqə uyğun gəlmir.Ona görə də həmin sənədlərin əslinin iddiaçı təşkilat tərəfindən məhkəməyə təqdim olunmasını xahiş edir, əks təqdirdə iddianı qəbul etmir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 07 iyul 2006-cı il tarixli, № 550/06 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı QSC BOKT-dən istehlak məqsədləri üçün 12 ay müddətinə illik 15 % ödəmək şərtilə 101025 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 27.12.2017-ci il tarixə 07 iyul 2006-cı il tarixli, № 550/06 saylı kredit müqaviləsi üzrə 7956,02 ABŞ dolları faiz borcu olmaqla cəmi 7956,02 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.07.2021-ci il tarixli, 4/815 saylı məhkəmə ekspertizaının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, Abşeron rayon məhkəməsində baxılan 2(012)- 202/2021 №-li mülki iş üzrə 01 aprel 2021-ci il tarixdə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi üçün 07 iyul 2006-cı il tarixli 550/06 nömrəli kredit müqaviləsinin əslinin təqdim edilməsi barədə 18 iyun 2021-ci il tarixdə ekspert vəsatəti verilmiş, lakin bu günə kimi vəsatət təmin olunmamışdır. Ekspertin vəsatəti təmin edilmədiyindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən, həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizanın aparılmasından imtina edilir. Eskpertiza icraatının operativliyini və tamlığını təmin etmək məqsədilə qərardad və iş materialları yenidən ekspertizaya göndərildiyi zaman ekspert vəsatətində göstərilən sənəd və nümunələrin əldə edilərək qərardad və iş materialları ilə birlikdə təqdim olunması tələb olunur. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, İddiaçı QSC BOKT iddia tələbində İddiaçı QSC BOKT ilə Cavabdeh arasında 07 iyul 2006-cı il tarixli, № 550/06 saylı kredit müqaviləsi bağlandığını və Cavabdeh istehlak məqsədləri üçün 12 ay müddətinə illik 15 % ödəmək şərtilə 101025 ABŞ dolları məbləğində kredit verildiyini, hazırda 7956,02 ABŞ dolları faiz borcunun olduğunu göstərmiş, lakin iş materiallarına 07 iyul 2006cı il tarixli, № 550/06 saylı kredit müqaviləsinin əsli təqdim edilməmiş, məhkəmə tərəfindən dəfələrlə iddiaçı təşkilatdan sözügedən kredit müqaviləsinin və müqaviləyə aid olan sənədlərin (kassa məxaric orderi,hesab üzrə əməliyyat aparan şəxsə məxsus sənəd) məhkəməyə təqdim edilməsi tələb edilsə də, iddiaçı təşkilat həm müqavilənin, həm də qeyd olunan sənədlərin əslini təqdim etməmiş, Cavabdeh 07 iyul 2006-cı il tarixli, № 550/06 saylı kredit müqaviləsini və müqaviləyə aid sənədləri mübahisələndirərək, imzaların ona məxsus olmadığını və kredit götürmədiyini bildirmişdir.Məhkəmə isə təqdim olunmuş sənədlər əsasında məhkəmə-xətşünaslıq ekspertizası təyin etsədə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi sənədlərin əsli olmadığından rəy verilmədən mülki işi geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunan sənədlərin əslinin məhkəməyə təqdim etmək vzifəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə İddiaçı QSC BOKT daşıdığına görə və həmin sənədlər təqdim edilmədiyinə görə məhkəmə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı Cavabdeh onun xeyrinə 7956,02 ABŞ dolları faiz borcu olmaqla cəmi 7956,02 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov İş № 2(012)-1743/2020 İşə qiyabi icraat qaydasında baxılmasına dair Q Ə R A R D A D Abşeron Rayon Məhkəməsi Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 sentyabr 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 7956,02 ABŞ dolları faiz borcu olmaqla cəmi 7956,02 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı QSC BOKT işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün sayır. Belə ki, Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələbinə görə, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.5-ci maddəsinin tələbinə görə, işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 238.1 və 238.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC BOKTnun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılsın. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar