Məhkəmə qərarları › İş №2(012)-2022/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2022/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2022/2022 23.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Yunis Şükür oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birdəfəlik qaydada 5500 manat və ödənilmiş dövlət rüsumuna görə 75 manat pul vəsaitinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, bir neçə il bundan öncə o, Abşeron rayonu Xırdalan şəhərində “Qara” ləqəbli Cavabdeh1 və Cavabdeh2 ilə tanış olmuş, bundan sonra həmin şəxslərlə dostluq münasibətləri yaranmışdır. Cavabdehlər ondan az miqdarda pul götürüb qısa zaman sonra qaytarmış, bununla da onun etibarını qazanmışlar. O, demək olar ki, cavabdehlərdən heç bir faiz və əsas məbləğ qarşılığında əlavə pul almamışdır. Sonuncu dəfə o, yaşadığı Abşeron rayonu Xırdalan şəhərində cavabdehlərə biznes qurmaq məqsədi ilə 2021-ci ilin yanvar ayının 1indən 5-nə kimi qaytarmaq şərti ilə 6000 manat pul vermişdir. O, Cavabdeh1 ilə telefon əlaqəsi saxlayarkən cavabdeh 6000 manat pul vəsaitini şərtləşdikləri vaxtda verəcəyinə dair öhdəlik götürmüşdür. Bundan sonra Cavabdeh2 digər cavabdehin vasitəsilə 2021-ci ilin mart ayında 100 manat, aprel ayında 200 manat, iyun ayında 200 manat olmaqla cəmi 500 manat pul vəsaitini ona vermişdir. Qalan 5500 manatı isə o, cavabdehlərdən ala bilmədiyinə görə cavabdehlərin ataları ilə görüşmüş və yaxın günlərdə pulu geri qaytaracaqlarına dair vəd almışdır. O, bundan sonra pulunu geri almaq üçün dəfələrlə danışıqlar aparsa da cavabdehlər hər dəfə bir bəhanə gətirərək pulun ödənilməsindən yayınmışlar. Whatsapp və Sms yazışmalarının fotosuna nəzər salınsa, onun cavabdehə verdiyi və aldığı pullar təsvir olunmuşdur. Onun sonradan cavabdehlərin qonşuları ilə söhbəti zamanı müəyyən olunmuşdur ki, cavabdehlər narkotik vasitə aludəçisi olmuş və ondan alınmış pulu da biznesə deyil, məhz narkotik vasitələrə xərcləmişlər. O, bu işlə bağlı xx.xx.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinə ərizə ilə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Eyni zamanda, qeyd edir ki, o, Azərbaycan silahlı qüvvələrində atəşkəs zamanı hərbi qulluqçu kimi Füzuli rayonu N saylı hərbi hissənin nəzdində olan səngərdə düşmənin atdığı mərmi nəticəsində İİ qrup əlil olmuşdur. Cavabdehlər ondan 6000 manat borc almış, 500 manat pul vəsaitini Cavabdeh2 Xəyal oğlu ona qaytarmışdır. Həmçinin, qalıq qalan 5500 manat pul vəsaitindən 500 manat hissəsi Cavabdeh1 onun xeyrinə tutulmalı, qalan borc pul isə Cavabdeh2 payına düşür. O, cavabdehlərə borc pulu verərkən hər hansı bir qəbz almamışdır, bunun isə səbəbi onun cavabdehlərə inanması olmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, bərbər fəaliyyəti ilə məşğul olur. Qardaşı Cavabdeh2 ehtiyac olduğu üçün İddiaçı borc almışdır. İlk olaraq qardaşı, daha sonra isə o, iddiaçını tanımışdır. İddiaçıdan alınmış pul vəsaiti faizə götürülmüşdür. Belə ki, iddiaçıdan zaman-zaman alınmış borc pullar 15 faizə olmaqla götürülmüşdür. Bu səbəbdən də, iddia tələbində tələb olunan pul vəsaitinin mənbəyini 2900 manat təşkil edir. Belə ki, həmin puldan 500 onun tərəfindən manat ödənilmiş, 2400 manat borc qalmışdır. Faizlərin ödənilməsi ilə bağlı o və qardaşı iddiaçı ilə razılığa gəlmişlər. Belə ki, az-az miqdarda olmaqla 50 manat, 100 manat ödənişlər etmişlər. Lakin bu, iddiaçının konkret şəkildə onlara 6000 manat pul vəsaitini verməsini ehtiva etmir. O, ən sonuncu dəfə 500 manat pul götürmüşdür. Beləliklə də, pul vəsaitləri toplandıqda 2900 manat pulun yaranmasına səbəb olmuşdur. Əgər faiz borcu da üzərinə hesablansa qardaşının ümumi borcu 5000 onun borcu isə 500 manat olmuşdur. Ona görə də borcu qismən qəbul edir və qeyd edir ki, onun iddiaçıya 500 manat borcu vardır. İddia tələbinin onun borcu hissəsində qəbul edir və təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı dəfələrlə borc pul almış və həmin pul 15 faizə götürülmüşdür. Lakin o, işləmədiyindən iddiaçıya borcu qaytarmağa maddi imkanının olmadığını bildirmişdir. İddiaçı ona təklif olaraq faizin əvəzinə 500 manat ödəməyi təklif etmişdir. O, qalıq qalmış 2400 manat pul vəsaitini hissə-hissə ödəyə bilər. Öhdəliyində iki nəfər xəstə ailə üzvü var, işləyən yalnız onun qardaşı Cavabdeh1dur ki, o da bərbər fəaliyyəti ilə məşğul olur. İddiaçının ona verdiyi pul vəsaitini ona nə zaman verdiyini xatırlamır, lakin faiz ödənişləri barədə iddiaçı hər gün qeydlər aparmışdır. Faiz borcu ilə 5000 manat borcu olduğunu etiraf edir və iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2006-cı il tarixli 1978 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlillik verilmişdir. -X5 Fondu Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 6106 saylı arayışdan görünür ki, İddiaçı hərbi xidmət zamanı İİ qrup əlilliyə görə 110.98 manat pensiya alır. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 128-84659K-3221 saylı məktubundan görünür ki, İddiaçı müraciətdə göstərilən məsələnin mülki xarakterli olması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. -Abşeron rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli 116-Ş-22 saylı məktubundan görünür ki, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. -Abşeron rayon Polis İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli 128- 26002 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 yazdığı xx.xx.2021-ci il tarixli izahatına əsasən, o, İddiaçı 2900 manat borc pul götürmüş, pandemiya dövrü ilə əlaqədar olaraq heç bir yerdə işləmədiyindən borcunu qaytara bilməmişdir. Lakin 10 gün bundan əvvəl 2900 manat puldan 500 manatı qaytarmış, qalıq qalan 2400 manat pul vəsaitini isə hər ay 50 manat olmaqla qaytaracaqdır. İzahatı özü yazmış və təsdiq etmişdir. -Abşeron rayon İcra Hakimiyyəti 1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 506 saylı arayışdan görünür ki, Cavabdeh1 Abşeron rayonu Mehdiabad qəsəbəsi Qarant yaşayış kompleksi 10 saylı evin 70 saylı mənzilində Füzuli rayonundan məcburi köçkün kimi qardaşı Cavabdeh2 və digər ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Kərimli X3 rayonu Xırdalan şəhəri məhəllə 28, 4 saylı evin 16 saylı mənzilində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE № 16881164 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Füzuli rayonu Horadiz qəsəbəsi Kirov küçəsi 10 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2 Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müəyyən zaman ərəfələrində faizə borc pul vermiş, bununla da tərəflər arasında şifahi qaydada borc münasibətlərindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Tərəflərin qarşılıqlı razılığına əsasən, cavabdehlər borcu faizi ilə birlikdə müəyyən edilmiş vaxtda qaytarmadığından iddiaçı cavabdehlərdən cəmi 5500 manat pul vəsaitinin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zaman tədqiq olunmuş Abşeron rayon Polis İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli 128-26002 saylı sorğuya cavab məktubu əsasında əlavə olunmuş, Cavabdeh2 ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 İddiaçı olan 2900 manat borc puldan 500 manat ödəmiş, qalıq qalan borc pulu isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür ki, məhkəmə araşdırması zamanı da bu etiraf öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 6000 manat dəyərində borclu olması, iddiaçının izahatı və cavabdehlərin etirafı əsasında öz təsdiqini tapmışdır. Cavabdeh2 polis idarəsində verdiyi izahatı əsasında cavabdehin iddiaçından aldığı 2900 manat borc pulun faiz ödənilməsi şərtilə alınması, borc puldan 500 manatın qaytarılması və nəticə etibarı ilə faizlərin artması ilə cəmi 5500 manat borc pulun yaranması müəyyən edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və cavabdehlərin etirafı əsasında, sözügedən 6000 manat borc puldan 500 manat hissəsinin Cavabdeh1 öz şəxsi vəsaiti üçün faizsiz olaraq alması, qalıq qalan 5500 manat pul vəsaitindən isə Cavabdeh2 alması, həmin vəsaiti iddiaçıya qaytarması da tərəflərin izahatı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, 500 manat pul vəsaiti qaytarıldıqdan sonra qalıq qalan 5000 manat pul vəsaitinin Cavabdeh2 tərəfindən zaman-zaman əməkdaşlıq edərək faizə pul götürməsi nəticəsində yaranması müəyyən olunduğundan, məhkəmə faizlərlə birlikdə toplanmış 5500 manat pul vəsaitindən 500 manat borcun Cavabdeh1, qalıq qalan 5000 manat pul vəsaitinin isə Cavabdeh2 tutularaq İddiaçı xeyrinə tutulması qənaətinə gəlir, bu səbəbdən də iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 75 (yetmiş) manat məbləğdə dövlət rüsumu, iddia tələbinin təmin edilmiş hissələrinə münasib olaraq (500 x 100 : 5500 = 9% ; 75 x 9%=6.75 ; 75 - 6.75 = 68.25) cavabdehlər Cavabdeh1 6.75 (altı manat yetmiş beş qəpik) manat, Cavabdeh2 isə 68.25 (altmış səkkiz manat iyirmi beş qəpik) manat tutularaq iddiaçıya ödənilməlidir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh1 borca görə 500 (beş yüz) manat, Cavabdeh2 isə borca görə 5000 (beş min) manat olmaqla cəmi 5500 (beş min beş yüz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 75 (yetmiş beş) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar