Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2058/2021 29.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəyən 1700 (min yeddi yüz) manat məbləğində maddi və 1000 (min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh 2010-cu ildən onunla birgə işləyirdi. Həmin ərəfələrdə cavabdeh ondan ümumilikdə 1700 manat borc pul almışdır. Cavabdeh ondan aldığı 1700 manat məbləğində pulu hissə-hissə qaytaracağına söz versə də, bu günə qədər qaytarmamışdır. Cavabdehin bütün bu hərəkətləri isə ona maddi və mənəvi zərər vurmuşdur. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddia tələbinin təmin olunması və Cavabdeh tərəfindən ona dəyən 1700 (min yeddi yüz) manat məbləğində maddi və 1000 (min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, o, iddiaçı ilə bir yerdə işləmiş və bir yerdə işlədiyi ərəfələrdə ondan ümumilikdə 1700 manat məbləğində borc götürmüşdür. Lakin maddi durumu pisləşdiyindən o, borca götürdüyü pulu qaytara bilməmişdir. O, iddiaçıya 1700 manat pulu ödəməkdən boyun qaçırmır və hissə-hissə borcunu İddiaçı ödəyəcəkdir. Lakin o, mənəvi ziyan kimi tələb olunan 1000 manat məbləğində pulun ödənilməsi hissəsində iddia tələbini qəbul etmir və həmin hissədə iddia tələbi rədd olunmalıdır. Ona görə də, cavabdeh iddia tələbinin qismən təmin edilməsinə, yəni ondan borclu qaldığı 1700 manat pulun iddiaçının xeyrinə tutulması ilə əlaqədar qətnamə qəbul edilməsinə razı olsa da, mənəvi ziyan kimi tələb olunan 1000 manat pulun tutulmasına etiraz edir və həmin hissədə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, Cavabdeh 2010cu ildə İddiaçı ümumilikdə 1700 manat məbləğində borc pul götürmüş və bu günə qədər həmin borc məbləğini qaytarmamışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli əlyazma nümunəsindən görünür ki, Cavabdeh İddiaçı aldığı 1200 (min iki yüz) manatı 1 il müddətində ayda 100 (yüz) manat olmaqla və əlavə götürdüyü 500 (beş yüz) manatı isə 200 (iki yüz) və 300 (üç yüz) manat şəklində qaytaracağını qeyd etmişdir. Bütün bunları isə özünün yazdığını qeyd edərək, öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Cavabdeh ərizəsindən müəyyən edilir ki, o, İddiaçı ona qarşı olan iddiasının əsas borc hissəsini qəbul edərək, iddiaçıya 1700 manat borclu olmasını etiraf edir və iddianın bu hissəsində qətnamə qəbul edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə tərəflərin izahatlarını, cavabdehin iddianı qismən etirafı barədə ərizəni və işin konkret hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən aralarındakı razılığa əsasən müəyyən müddətə müəyyən məbləğdə qaytarmaq şərti ilə İddiaçı cəmi 1700 manat məbləğində pul alınması və həmin pulun bu günə qədər qaytarılmadığı mübahisələndirilmir və həmin məbləğdə pulun verilməli olması hər iki tərəfin izahatları (cavabdehin etirafı) ilə mübahisəsiz təsdiq olunur. Yəni Cavabdeh məhkəmə iclasında İddiaçı 1700 manat məbləğində pul verməli olmasını qəbul etmiş və bu hissədə iddia tələbini etiraf etmişdir. Beləliklə də, məhkəmə tərəflərin izahatlarını, cavabdehin iddianı qismən etirafını və işin konkret hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh 1700 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi sübuta yetdiyi və təsdiq olunduğu üçün təmin edilməlidir. Lakin yuxarıda təsvir olunanlara və aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən “1000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsində sübuta yetmədiyi üçün təmin edilməməlidir. Çünki iddiaçı “1000 manat məbləğində mənəvi zərərin tutulması” ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh 1700 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1700 (min yeddi yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2058/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2058/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver