Məhkəmə qərarları › İş №2(012)-2080/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2080/2022

05.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2080/2022 05.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-2907/2020 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin və 50 manat əlavə pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 2009-cu ildə qeyri-rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Neftçala rayon Məhkəməsinin 25 fevral 2011-ci il tarixli, 2(53)-93/2011 saylı qətnaməsi ilə azyaşlının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 20 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Etdiyi müraciətdən sonra Abşeron rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(012)-2907/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh oğlu Elyarın əsəblərini pozduğu üçün uşağın gözündə problem yaranmışdır. Bu səbəbdən də uşaq eynək taxmağa məcbur qalmışdır. Hər 3 aydan bir onun eynəyi yenisi ilə əvəz edilməlidir. Onun isə həmin xərcləri ödəməyə maddi imkanı yoxdur. Həmçinin, E.Quliyevin tələbatları günü-gündən artır. Şəxsi mənzilinin olmaması səbəbindən hazırda, kirayədə yaşayır. Bu iddia ərizəsi onun ikinci dəfə məhkəməyə müraciət etdiyi tələbidir. Azyaşlı oğluna məhkəmə tərəfindən təyin edilmiş sonuncu aliment məbləği 120 manat müəyyən edilmişdir. Cavabdeh ona böhtan atdığına görə 50 manat təzminatı tələb edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hər hansı bir mötəbər sübut olmadan eyni məzmunlu 3 (üç) ərizə ilə məhkəməyə müraciət etmiş cavabdehin göstərilən ərizələrini əsassız hesab edib, işə cavabdehin iştirakı olmadan iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ № 164040 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmiş və bu barədə atalığın müəyyən olunması haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 82 nömrə ilə qeydiyyat aparılmışdır. -Neftçala rayonu Aşağı Surra kəndi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixli AZ-İİİ № 643294 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 47 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-2907/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 20 iyun 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh Neftçala Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, 20 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay uşağa görə 120 manat sabit pul miqdarında alimentin tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsi əvvəlinin bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq Şirvan Apellyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2(106)-958/2019 saylı qətnaməsinin icra olunan günədək tutulması, Cavabdeh dövlət nəfinə 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-596/2021 saylı qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)- 2907/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(053)-243/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı 20 iyun 2010-cu il təvəllüdlü X4 Neftçala Rayon Aşağı Surra kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 12 yanvar 2018ci ildə aparılmış doğum haqqında qeydiyyat kitabının 47-ci səhifəsində uşağın atası kimi göstərilməsi barədə qeydiyyat yazısının ləğv olunması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, İddiaçı Neftçala rayonu Aşağı Surra Ərazi dairəsi Aşağı Surra kəndində, Quliyev X5 rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş tibbi reseptlərdən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 gözlərinin müalicəsinə görə eynək təyin olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq):

43. maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.3. maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.

48. maddəsinə əsasən, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Tərəflərin izahatından və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı Cavabdeh ilə faktiki nikah münasibətinə daxil olmuş və onların həmin münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Faktiki nikah münasibətindən doğulmuş uşağa münasibətdə cavabdehin atalığının müəyyən olunması barədə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixli AZ-İ № 164040 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən, Cavabdeh faktiki nikah münasibətlərindən anadan olmuş uşağın atası hesab edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 doğum akt qeydində atası kimi göstərilmiş qeydiyyat yazısının ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Neftçala rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli 2(053)-243/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(106)-958/2019 saylı qətnaməsi ilə Neftçala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(053)-243/2021 saylı qətnaməsi ləğv olunsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-8405/2018 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-958/2019 saylı qətnaməsi ləğv edilmişdir. Tərəflər arasında uşağın kimin yanında qalmasına dair uzunmüddətli mübahisə yaranmış, hazırda, cavabdeh ilə faktiki nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X6 iddiaçının himayəsində yaşayır. Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı faktiki nikah münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-2907/2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-2907/2020 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-2907/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, eyni zamanda, tərəflərin birgə nikahlarından olan azyaşlının mənafeyini nəzərə alaraq, iddia ərizəsinin qismən təmin edilərək, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-2907/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin “50 manat əlavə pul vəsaitinin tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində 50 manat pul vəsaitinin təzminat olaraq cavabdehin ona böhtan atması ilə əlaqələndirsə də, göstərilən hala dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia ərizəsi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-2907/2020 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar