Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2083/2023 01.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 01 may 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Tərtər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)- 1841/2018 saylı alimentin artırılmasına dair qətnaməsinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş aliment miqdarının artırılaraq Cavabdeh hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ilə aralarında olan nikah xx.xx.2012-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh ilə birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Birgə nikahdan dünyaya gəlmiş övladları onun himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (yüz altmış) manat məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. 2016-cı ildə yenidən alimentin artırılması ilə bağlı müraciət edərək məhkəmə qaydasında alimentin məbləği hər uşaq üçün hər ay 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində artırıldı. 2018-ci ildə yenidən alimentin artırılması ilə bağlı müraciət edərək məhkəmə qaydasında alimentin miqdarı artırılaraq hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat alimentin ona ödənilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Hər il övladlarının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği övladının tələbatlarını ödəmir. Gündəlik məişət xərclərinin, təhsil, həkim xərclərinin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Bu səbəbdən də yenidən “alimentin miqdarının artırılması” tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Bildirdi ki, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilən xərclər də çoxalır, qızı xx.xx.2011-ci il təvəllüdlü X6 epilepsiya xəstəsidir, dövlətdən dərman üçün 40 manat pul alır, cavabdehin maddi imkanı yaxşı olsa da alimenti vaxtlı-vaxtında ödəmir, özü müəllimə-psixoloq vəzifəsində işləyir, 476 manat əmək haqqı alır, ipoteka götürərək ev almış və hal-hazırda övladları ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur. Həmin nikahdan da iki azyaşlı uşağı vardır. Eyni zamanda, əmək müqaviləsi bildirişi təqdim edərək cavabdehin hazırda 545 manat əmək haqqı aldığını, onun 240 manatını aliment kimi verdiyini, qalan məbləği ilə ailəsini dolandırmalı olduğunu, ailəsi ilə birlikdə kirayə evdə yaşadığını qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notariat qaydasında təsdiq olunmuş surətlərindən görünür ki, X8 və X6 07 iyul 2011-ci il tarixdə Bərdə şəhərində anadan olmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarına əlavə olunmuş Tərtər rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(012)-1841/2018 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(104)-2264/2016 saylı qətnaməsi ilə iki uşağın saxlanması üçün hər uşağa ayda 100 manat olmaqla ayda cəmi 200 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X8 və X6 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün ayda hər uşaq üçün 120 manat olmaqla, ayda cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş 20 sentyabr 2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində tibb və əczaçılıq məhsullarının satışı üzrə nümayəndə (əmək müqaviləsi üzrə: tibbi nümayəndə) işləyir və 545 (beş yüz qırx beş) manat məbləğində əmək haqqı alır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Goranboy rayonu Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 12 iyul 2013-cü il tarixdə verilmiş AZ-İ № 862584 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 12 iyul 2013-cü ildə Azərbaycan Respublikası Goranboy rayonu Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyində rəsmi nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahdan iki övladları – xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Tərtər rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(012)-1841/2018 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X8 və X6 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün ayda hər uşaq üçün 120 manat olmaqla, ayda cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlı uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması haqqında Tərtər rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 4 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin sonradan evlənməsi və himayəsində iki azyaşlı uşaqlarının olmasını, maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Tərtər rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(012)-1841/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X4 və X1 üçün hər ay hər bir uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində müəyyən edilmiş aliment artırılaraq, hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 62 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərtər rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(012)-1841/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2011-ci il təvəllüdlü X4 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 62 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2083/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2083/2023
01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver