Məhkəmə qərarları › İş №2(012)-2090/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2090/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2090/2025 21.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə borclu olduğu 33000 manat pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-də xx.xx.2018 tarixdən Bakı şəhəri və qəsəbələri üzrə satış meneceri vəzifəsində çalışmışdır. 2022-ci ilin fərqli ayları ərzində "xxxx" MMC-nin əməkdaşliq etdiyi tikinti materiallari dukanlarından nağd aldığı 50000 manat vəsaiti mənimsəyərək, Bakı şəhəri Maştaga qəsəbə sakini X7 oglu ilə (VÖEN **********) ortaq açdıqları, həmin qəsəbədə yerləşən və eyni zamanda "xxxx" MMC-nin müştərisi olan "Grand İnşaat" tikinti materiallari dükanına pul yatırımı etmişdir. Beləliklə də, onun şirkətə borcu yaranmışdır. Yuxarıda qeyd edilən məbləği cavabdeh bir ay ərzində ödəyəcəyinə söz vermiş, lakin bir qismini ödəyəndən sonra qalan 33000 manat pulu qaytarmamışdır. Bu hal cavabdehin özünün etirafedici izahatı və kollektivin tərtib etdiyi aktla tam sübut olunur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, 2019-cu ildən "xxxx" MMC-nin satış müdiri vəzifəsində çalışmışdır. Emil isə 2018-ci ildən bu firmada işləyir. 2023-cü ilin əvvəllərində məlum oldu ki, Cavabdeh 53154 manat kəsiri vardır. Əvvəlcə o, bu kəsiri ödəyəcəyini bildirdi və bundan xeyli məbləği ödədi. Lakin hazırki vaxta onun Cəmiyyətə cəmi 33000 manat borcu qalmışdır və bunu ödəməkdən imtina edir. İşdə olan xx.xx.2018-ci il tarixli, 16/K saylı əmrin surətindən görünür ki, Cavabdeh həmin tarixdən sınaq müddəti 3 ay olmaqla "xxxx" MMC-yə satış meneceri vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı ştat cədvəli ilə müəyyən olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, 187 saylı əmrin surətindən görünür ki, "xxxx" MMCdə satış meneceri vəzifəsində çalışan Cavabdeh xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə edilməmiş məzuniyyəti 14.04 t/gün təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən həmin günə kimi İddiaçı MMC-də satış meneceri vəzifəsində çalışmışdır. 2022-ci ilin fərqli ayları ərzində İddiaçı MMC-nin əməkdaşlıq etdiyi tikinti materialları dükanlarından nağd aldığı 50000 manat vəsaiti mənimsəyərək, Bakı şəhəri Maştağa qəsəbə sakini X4 ilə (VÖEN **********) ortaq açdıqları həmin qəsəbədə yerləşən və eyni zamanda İddiaçı MMC-nin müştərisi olan “Grand İnşaat” tikinti materiallari dükanına pul yatırımı etmişdir. Yuxarıda qeyd edilən məbləği bir ay ərzində ödəyəcəyinə söz verir. Bu vaxt çərçivəsində qaytarmadığı halda cinayət məsuliyyəti daşımağa hazırdır. İşdə olan ərizədən görünür ki, İddiaçı MMC-nin 20 nəfər işçisi təsdiq edirlər ki, xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-də Bakı kəndləri üzrə satış meneceri vəzifəsində çalışan Cavabdeh 2022-ci ilin sonuncu rübü ərzində "xxxx" MMC-nin əməkdaşlıq etdiyi mağazalardan 53154 manat vəsaiti mənimsəmişdir. Mənimsəmə faktı aşkar olduqda bu haqda Cavabdehla söhbət aparılmış və o, mənimsədiyi pulları şəxsi biznes açmaq məqsədi ilə Maştağa qəsəbəsində yerləşən "xxxx" MMC-nin əməkdaşlıq etdiyi mağazalardan biri olan "Grand" Maştağa mağazasına yatırım etdiyini etiraf etmişdir. Mağaza sahibi X4 (VÖEN **********) ilə görüş təşkil edilmiş və həmin şəxs bu faktı təsdiqləmişdir. Daha sonra, Ə.R.Kazımovdan bu vəsaiti geri qaytarmaqla bağlı söhbət aparıldıqda o, imtina etmiş və məlum olmuşdur ki, Ə.R.Kazımov Cavabdehla əvvəlcədən danışıb və Emili düşdüyü vəziyyətdən çıxarmaq üçün öz aralarında şirkət nümayəndələrinə bu yalanı deməyə qərar vermişlər. Şirkətin satış müdiri İsgəndərov Aqşin və Şıxıyev Firuz eyni zamanda Cavabdeh ailə üzvləri ilə, atası Asəf Süleymanovla və qardaşı Tural Süleymanovla da görüşüb və Emilin etdiyi cinayət haqqında məlumatlandırıldıqdan sonra 53154 manat vəsaiti qısa zamanda qaytaracaqlarına söz verdiklərindən, Emil işdən kənarlaşdırılmamış və tutduğu vəzifədə işinə davam etmişdir. 2023-cü ilin mart ayının sonunda Cavabdeh şirkət kassasına 20154 manat vəsait ödəniş etmiş və borcunun bir qismini ödəyərək 33000 manata endirmişdir. Qalan məbləği də qısa müddətdə qaytaracağına söz vermişdir. Verilən vədlərə baxmayaraq, bu müddət sentyabr ayına qədər uzanmışdır. Bu ərəfələrdə Emilin satış müdiri olan Firuz Şıxıyev mütəmadi olaraq onun ərazisində yoxlamalar etmiş, müştərilərlə görüşlər keçirmişdir. Cavabdeh 2023-cü ilin oktyabr ayında 33000 manat vəsaiti öz borcu olaraq şirkət kassasına ödədikdə bu Firuz Şıxıyevdə şübhə doğurmuş və ərazini növbəti dəfə təftişə çıxdıqda Emilin yenidən müştərilərdən 33000 manat vəsaiti mənimsədiyini və şirkət kassasına müştərilərin adından deyil, öz borcu kimi təhvil vermişdir. Beləliklə də Cavabdeh bu günə "xxxx" MMC-yə 33000 manat borcu vardır və pulu ödəməkdən imtina edir. İşlə bağlı Bakı şəhəri Binəqədi RPİ-nın 6-cı Polis Bölməsinin tədqiqatçısı polis leytenantı X3 müraciət olunmuş və mənimsəmə faktı ilə bağlı bütün lazımi sənədlər sübut kimi təqdim olunmuşdur. İşdə olan X1 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Cavabdeh "xxxx" MMC-yə cəmi 86154 manat borcu yaranmış, bundan 53154 manat ödənsə də, qalıq borc 33000 manat təşkil edir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında əmək münasibətləri olmuş, Cavabdeh xx.xx.2018-ci il tarixli, 16/K saylı əmrlə "xxxx" MMCyə satış meneceri vəzifəsinə işə qəbul edilmiş və orada xx.xx.2023-cü il tarixədək işləmişdir. Həmin tarixdən isə o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Tərəflər arasında maddi məsuliyyət haqqında müqavilənin imzalanması iş materiallarından görünmür. Hazırda "xxxx" MMC Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh "xxxx" MMC-yə borclu olduğu 33000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu zaman iddiaçı cavabdehin izahatına, habelə Cəmiyyətin işçilərinin ərizələrinə istinad etmişdir. İzahat və ərizələrdə borcun məbləği (33000) eyni olsa da, cavabdeh tərəfindən mənimsənilməsi iddia edilən məbləğlər (50000, 53154, 86154) fərqlidir. İşdən görünür ki, iddiaçı tərəf Cavabdeh 2023-cü ilin oktyabr ayından Cəmiyyətə 33000 manat maddi ziyan vurduğunu bilmişdir (işçilərin yazdıqları ərizə). İş materiallarından görünür ki, Cavabdeh hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə üzrə iddia müddətilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Əmək Məcəlləsinin 296.5-ci maddəsinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-nin 375.1-ci və 375.2-ci maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. Tərəflər arasındakı münasibətlər əmək qanunvericiliyi ilə bağlı öhdəliklərə şamil edilir ki, bu kateqoriyadan olan mübahisələrə 1 illik iddia müddəti tətbiq edilir. Mövcud mübahisə üzrə iddiaçıya işçisi tərəfindən vurulmuş zərərin mövcudluğu onun işçiləri tərəfindən yazılmış ərizə ilə müəyyən edilmiş, yəni "xxxx" MMC artıq 2023-cü ilin oktyabr ayından ona Cavabdeh tərəfindən vurulmuş zərərdən məlumatlı olmuşdur. Həmin zərərin əvəzinin qaytarılması barədə tələb isə 1 il ərzində, yəni 2024-cü ilin noyabr ayınadək qaldırıla bilərdi. Lakin iddiaçı "xxxx" MMC hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, bununla da qanunda nəzərdə tutulmuş iddia müddətini 3 aydan artıq (100 gün) ötürmüşdür. Mülki qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdən görünür ki, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə vermişdir. Göründüyü kimi, iddiaçı Muradlı-M” MMC qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə iddia ərizəsini təqdim etmiş, cavabdeh isə öz növbəsində haqlı olaraq iddia müddətinin ötürülməsi ilə bağlı qanunun tələblərinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bu isə iddia tələbi əsaslı olsa belə, onun təmin edilməməsi üçün əsasdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehin ərizəsi müzakirə olunarkən hazırki mübahisəyə, ümumiyyətlə iddia müddətinin tətbiq edilməli olmamasını və ya maddi ziyanla bağlı 10 illik iddia müddətinin olduğunu bildirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Şərh olunanlara əsasən məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar