Məhkəmə qərarları › İş №2(012)-2096/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2096/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2096/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 iyun 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cababdeh Cavabdeh 10 ildən artıq müddətdir ki tanıyır, aralarında səmimi dostluq münasibəti olub, bir-birlərinə inamları və etibarları olmuşdur. Cavabdeh bu ilin, yəni 2021-ci ilin yanvar ayının əvvəlində onunla əlaqə saxlayıb, təcili olaraq xeyli məbləğdə, 20000 manat pul lazım olduğunu və pulu uzağı 10 günə qaytaracağını demiş, qısa müddətə qaytaracağını bildirmişdir. Qeyd etdiyim kimi, cavabdehi uzun illər tanadığından, aralarında səmimi dostluq münasibəti olduğundan və pulu qısa müddətə 10 gün müddətinə qaytaracağını dediyindən, cavabdehə 10 günə qaytaramaq şərtilə pul verməyə razı olmuşdur. 15 yanvar 2021-ci il tarixdə Cavabdehin tanışı Babayev Kamilin və onun tanışı Qurbanov Mürsəlin iştirakı ilə 20000 manat pul verdi və bunu qəbz yazıb imzaladır. Cavabdehə 10 gündən sonra pulu gətirmədi və o, cavabdehlə telefon əlaqəsi saxladı. Cavabdeh bir neçə günə pulu gətirəcəyini dedi. Aradan bir neçə gün keçdi, cavabdehlə əlaqə saxladı. Cavabdeh yenə də bir neçə günə pulu gətirəcəyinə söz versə də, yenə də pulu gətirmədi, hazırda pulu qaytarmağa imkanı olmadığını bildirdi. Hazırda pulu qaytarmaq üçün cavabdehlə razılaşdığı vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh aldığı pulu qaytarmamış, imkanı olanda pulunu qaytaracağını bildirmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili X3 məhkəmədə iddia tələbini müdafiə etdi. Cavabdeh məhkəmədə izahatında və ünvanlandığı iddia ərizə bildirdi ki, İddiaçı tərəfindən «pul tələbinə dair» iddia ərizəsi düzgün tərtib edilməmişdir, yəni işin faktiki hallarına uyğun tərtib edilməmişdir. İddiaçı tərəfindən «pul tələbinə dair» iddia ərizəsi əsil olmayan cavabdehə qarşı verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, işin əsl mahiyyəti ondan ibarətdir ki, İddiaçı inşaattikinti materiallarının satışı və icarəyə verilməsi ilə məşğuldur. O, qeyri-rəsmi inşaat-tikinti işlərində çalışaraq ailəsinə çörək pulu qazanır. Tikinti işləri olanda onda olmayan zəruri olan inşaat-tikinti materiallarını İddiaçı icarəyə götürüb, işləyib icarə haqqını ödəməklə geri qaytarır. Tanış olduqları illər ərzində aralarında hər hansı formada narazılıq olmadığından yaxın dostluq münasibətləri yaranmış və bir-birilərinə etibar etmişlər. Sinif yoldaşı X7 da, bu kimi işlərlə məşğul olduğundan onun işindən məlumatlı idi. 2020-ci ilin noyabr ayının əvvəllərində Kamil ona iş təklif edərək bildirdi ki, ayaqaltı işi var, ayaqaltını özün quraşdır işlə, pulunu al özündə söksün. Lakin o, tikintidə istifadə olunan ayaqaltı olmadığından Kamilin təklif etdiyi işə qəti etiraz edərək razılaşmadı və həmin işdən imtina etdi. 2020-ci ilin dekabr ayının 3-də Kamil yenidən ona müraciət edərək tikintidə istifadə olunan (400 ədəd) dirək lazım olduğunu, icarəyə götürmək istədiyini, işi görüb qurtardıqdan sonra qaytaracağını bildirdi. Lakin onda dirək olmadığı üçün Kamilin təklifi ilə razılaşmadı. Kamil ondan əl çəkməyib, gedib-gəlib onu narahat edərək Tehran adlı tanışının Abşeron rayonu, Hökməli qəsəbəsində tikinti işləri gördüyünü və dirəklərin həmin tikinti işlərində lazım olduğunu bildirdi. Kamil əl çəkmədiyindən, gedib- gəlib onu narahat etdiyindən cavabdehə onda dirək olmadığını, dirəkləri tanışının, hətta yaxın dostluq münasibətlərində olduğu İddiaçı olduğunu, onunda həmin dirəkləri ondan icarəyə götürməklə işlətdiyini bildirdi. Kamil isə həmin dirəkləri İddiaçı icarəyə götürmələri üçün onun vasitəçilik etməyini, yəni dirəklərin birinin icarə haqqını Tehranla 1 manatdan danışdığını, İddiaçıla dirəklərin birini 70 qəpikdən danışmağını xahiş etdi. Həmçinin hər dirəkdən qalan 30 qəpik pul məbləğini isə onunla tən yarı bölməyi təklif etdi. Kamillə sinif yoldaşı olduqlarından, aralarında xətir-hörmət olduğundan cavabdehin əl çəkmədiyini görüb təklifi ilə razılaşdı və Kamil və Tehranla birlikdə Rövşənin iş yerinə getdi. Rövşənə Kamil və onların tanışı Tehrana inşaat-tikinti dirəkləri lazım olduğunu və icarəyə götürmək istədiklərini bildirdi. İddiaçı onu tanıdığından və aralarında xətir-hörmət olduğundan dirəklərin birini 70 qəpikdən icarəyə verməyə razılaşdı. Kamil və Tehran icarə haqqını əvvəlcədən ödədilər. 03 dekabr 2020-ci il tarixdə 400 ədəd dirək maşina yükləndi. O, vasitəçilik etdiyindən alınan 400 ədəd dirək şəxsən onun iştirakıyla Hökməli qəsəbəsinə gətirildi və orada inşaat-tikinti işləri aparılan evin həyətinə boşaldıldı. Həmin vaxt o, adəti üzrə ev sahibi ilə maraqlandı, tanış olmaq istədi. Lakin ona bildirdilər ki, ev sahibi burada yoxdur. 19 dekabr 2020-ci il tarixdə Kamili Tehranla birlikdə gəlib yenidən daha 600 ədəd dirək lazım olduğunu və dirəklərin Kürdəxanıya aparılacağını bildirdi. Yenə də onlara vasitəçilik edərək Rövşəndən xahiş etdi, Rövşən də 600 ədəd dirək, hər birinin icarəsini 70 qəpikdən hesablamaqla Kamilə Tehrana icarəyə verməyə razılaşdı və 600 ədəd dirəyin icarə haqqı həmin günü, yəni 19 dekabr 2020-ci il tarixdə Kamil və Tehran tərəfindən Rövşənə ödənildi. 19 dekabr 2020-ci il tarixdə (şənbə günü) 300 ədəd dirək maşina yükləndi və Tehranın vasitəsi ilə Gürdəxanıya aparıldı. Pandemiya ilə bağlı aldıqları icazənin vaxtı bitdiyindən o və Kamil Tehranla gedə bilmədilər. Rövşənlə belə razılaşdılar ki, qalan 300 ədəd dirək 1-ci gün yüklənsin, onlarda iştirak edib, yerinə baxa bilsinlər. Sonradan ona məlum oldu ki, baxmayaraq ki, digər 300 ədəd dirəklərin 1-ci gün yüklənməsini tapşırmışlar, bazar günü, yəni 20 dekabr 2020-ci il tarixdə Tehran bizim xəbərləri olmadan Rövşənlə görüşmüş, portalda icazəsinin olduğunu, heç bir narahatçılıq olmayacağını bildirmiş və Rövşənlə razılaraşaq digər 300 ədəd dirəyi maşina yükləyərək Kürdəxanıya aparmışdır. Sonradan maraqlananda Kamilin sözlərindən ona məlum oldu ki, gedən digər 300 ədəd dirək Kürdəxanaya aparılmış və orada hansısa bir nişaat-tikinti işləri aparılmayan əraziyə boşaldılmışdır. 03 dekabr 2020-ci il tarixdə verilmiş 400 ədəd dirəyin 2-ci ayının icarə haqqı 03 yanvar 2021-ci il tarixdə verilməli idi. Ona görə də o Kamil və Tehranla əlaqə saxlayıb icarə haqqını ödəmələrini tələb etdi. Tehran bildirdi ki, rayona gedir. 5-6 günə qayıdıb icarə haqqını ödəyəcəkdir. Kamil və Tehran icarə haqqını gecikdirəndə o, vasitəçilik etdiyi üçün çox narahat oldu və Kamilə öz iradını bildirdi. O, icarə haqqını vaxtında ödəməsini bildirmişdir. Lakin Tehran 10 yanvar 2021-ci il tarixədək ortalığa çıxmadı. Kamil 400 ədəd dirəyə görə 2-ci ayın arendasını 08 yanvar 2021-ci il tarixdə çox çətinliklə ödədi. 09 yanvar 2021-ci il tarixdə o əlindən və ayağından şüşə kəsməsi nəticəsində zədə aldığından və yeriyə bilmədiyindən ev şəraitində müalicə olundu. Sonradan verilmiş 600 ədəd dirəklərin haraya boşaldılması ilə maraqlana bilmədi. Lakin o, ev şəraitində müalicə almağına baxmayaraq vasitəçi olduğundan narahat olub Kamillə təkrar-təkrar mobil əlaqə saxlayıb, dirəklərin harada işlənməsi ilə maraqlandı və bildirdi ki, 19 yanvar 2021-ci il tarixdə icarə haqqı ödənilsin, ödəniş gecikdirilməsin. Buna baxmayaraq Kamil dirəklərin harada işlənməsi və icarə haqqının ödənilməsi ilə maraqlanmadı. Eyni zamanda Kamil və Tehran icarə haqqını gecikdirdilər. Kamilgil icarə haqqını gecikdirəndə, bu onun xoşuna gəlmədiyindən və narahat olduğundan dirəkləri Kamildən və Tehrandan tələb etdi. Həmin vaxt ona məlum oldu ki, dirəklər nə Hökməlidə, nə Kürdəxanıda yoxdur. Hətta ona məlum oldu ki, birinci dəfə dirəkləri Hökməliyə aparanda və orada ev sahibi ilə maraqlananda, sən demə ev sahibi də ustalarla birgə işləyirmiş, lakin üzə çıxmayıb, ona orada olduğunu bildirməyib. Yəni Kamil tanışı Tehran və əlbir olan tanımadığı, adı ona məlum olmayan ev sahibi ilə cinayət əlaqəsinə girərək, onun qarşı tərəfə olan etibarından sui-istifadə edərək əvvəlcədən düşünülmüş şəkildə inşaat-tikinti üçün nəzərdə tutulan 1000 (min) ədəd dirəkləri dələduzluq yolu ilə ələ keçirmiş, onu Rövşənin qarşısında pis vəziyyətdə qoyaraq aldatmışlar. Bu günə qədər Kamilə və Tehrana çoxsaylı zənglər edərək, ağsaqqalları Tehranın valideynlərinin evinə xahiş-minnətə göndərərək bu işi sülh yolu ilə həll etməyi, yəni 1000 ədəd inşaat-tikinti dirəklərini Rövşənə geri qaytarmağa çalışsa da, nəticəsi olmamış, 1000 ədəd dirək iddiaçıya qaytarılmamışdır. Ona görə də Kamilə öz iradını bildirib, Rövşənin həmin dirəkləri ona görə qarşı tərəfə verdiyini, Tehranı tanımadığını bildirib, dirəkləri Kamildən tələb etdi. Həmin vaxt Kamil ona bildirdi ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6cı X6 dirəklərlə bağlı şikayət etmişdir və dirəkləri ondan tələb edir, tapıb qaytaracaqdır. Həmçinin bildirdi ki, birdə onu narahat etməsin. Həmin ərəfələrdə yuxarıda göstərdiyim səbəblərdən dirəklər ortaya çıxana qədər verilən dirəklərin dəyəri olaraq Rövşənlə onun arasında 20000 (iyirmi min) manat pul verilməsi barədə formal və görünüş üçün iddia ərizəsinə əlavə olunmuş qəbz tərtib edilmişdir. Yəni tərtib edilmiş qəbz sonradan 1000 ədəd dirəklərin icarə haqqı gecikdiyindən və inşaat tikintidə istifadə olunan dirəklər yoxa çıxdıqdan sonra görünüş üçün tərtib edilmişdir. Əslində İddiaçı ona 20000 (iyirmi min) manat borc pul verməmişdir, o həmin borcu 10 gün müddətinə qaytarmağı ondan xahiş etməmiş və o bu barədə hər hansı öhdəlik götürməmişdir. Eyni zamanda inşaat-tikintidə istifadə olunan 1000 ədəd dirək iddiaçı tərəfindən ona yox, X5 və X2 verilmişdir. Həmin gün İddiaçı ilə onun arasında 20000 (iyirmi min) manat pul verilməsi barədə görünüş üçün qəbz tərtib edildiyi kimi, eyni zamanda X7 ilə onun arasında 20000 (iyirmi min) manat pul verilməsi barədə eyni məzmunda görünüş üçün qəbz tərtib edilmişdir. Hətta İddiaçı, işçisi Mürsəl Qurbanov həmin qəbzin tərtib edilməsində və imzalanmasında iştirak etmişdir. Həmin vaxt Kamil söz verdi ki, narahat olmayın, dirəkləri qaytaraq, əgər qaytara bilməsə pulunu ödəyəcək. Lakin bu günədək mübahisə predmeti olan dirəklərin harada olması barədə məlumat yoxdur, nə pul, nə də dirəklər Kamil və Tehran tərəfindən İddiaçı qaytarılmamışdır. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, dirəklərin 1964-cü il təvəllüdlü, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan X5 və 01.10.1996-cı il təvəllüdlü, Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olan və yaşayan X2 verilməsində o yalnız vasitəçilik etmiş, dirəklər İddiaçı tərəfindən Kamilə və Tehrana verilmişdir və Kamil və Tehran birinci ayın icarə haqqını əvvəlcədən ödəsələr də, sonradan dirəklər onların əli ilə yoxa çıxmışdır. Bunu təsdiq edən şahidləri vardır. Ona məlum olduğuna görə adını qeyd etdiyi X4 çoxlu sayda insanları etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə aldatmış və əmlaklarını mənimsəmişdir. Polis orqanlarında barəsində çoxsaylı şikayətlər vardır. Baxmayaraq ki, dirəklər İddiaçı tərəfindən Kamil və Tehrana verilmişdir, o, vasitəçilik etdiyindən iddiaçı əsassız olaraq ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əsl cavabdehlər olan X5 və X2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Yəni hazırki iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı ona qarşı yox, əsl cavabdehlərə, yəni X5 və X2 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. İddiaçının ona qarşı «pul tələbinə dair» iddia ərizəsi əsassız və qanunsuzdur, rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3.-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Azərbaycan Respublikasının MPM-nin 54.1,-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi o yalnız inşaat tikintidə istifadə olunan 1000 ədəd dirəklərin X7 və tanışı X2 icarəyə verilməsində vasitəçi olmuşdur. Onun İddiaçı qarşısında hər hansı formada öhdəliyi olmamışdır və öhdəlik şərtləri onun tərəfindən pozulmamışdır. İnşaat tikintidə istifadə olunan 1000 ədəd dirəklərin icarəyə götürülməsi, iş görüldükdən sonra qaytarılması barədə öhdəlik X7 və X4 tərəfindən götürülmüş və öhdəlik şərtləri onlar tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi o, İddiaçı borc pul almamışdır, tərtib edilmiş qəbz sonradan 1000 ədəd dirəklərin icarə haqqı gecikdiyindən və inşaat tikintidə istifadə olunan dirəklər yoxa çıxdıqdan sonra görünüş üçün tərtib edilmişdir. Odur ki, o, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan Cavabdeh əlyazması ilə yazılmış və onun tərəfindən imzalanmış 15.01.2021-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh şəxsi ehtiyacı üçün İddiaçı 20000 (iyirmi min) manat pul borc almış və 25 yanvar 2021-ci il tarixində qaytarmaq şərti ilə aralarındakı razılaşmaya görə heç bir faizdən söhbət gedə bilməz. Yalnız 25 yanvar 2021-ci il tarixə qədər qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, bu öhdəlik münasibətləri əsasında Cavabdeh İddiaçı 20000 manat məbləğində pulu ödəməsini öhdəsinə götürmüş, bu barədə Cavabdeh iddiaçıya sadə yazlı formada qəbz də yazaraq vermiş və məhkəmə iclasında cavabdeh bir daha həmin qəbzin onun tərəfindən yazıldığını və imzalandığını bildirmişdir.Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin halhazırda məhkəmədə iddia tələbinə etirazı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 20000 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar