Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2098/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada hasarın çəkilməsi, dəmir darvazanın alınması və qurşdırılması, işıq sayğacının sənədləşdirilməsi və quraşdırılması üçün çəkilmiş xərc kimi 6500 manat, dövlət rüsumunun əvəzi kimi 90 manat, hüquqi yardım üçün ödənilmiş 120 manat, cəmi 6710 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarı ilə ona Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evi tikmək üçün 1000 kv.metr torpaq sahəsi ayrılmış, alqı-satqı müqaviləsi bağlanmış və akt tərtib edilmişdir. Tətrib edilmiş akt və ödəniş qəbzinə əsasən Maştağa Bələdiyyəsinin hesabına ******* köhnə manatla pul ödəmişdir. O, həmin torpaq sahəsini mişar daşı ilə hasara alaraq, dəmir darvaza qoydurmuşdur. İşıq sayğacı çəkdirərək, öz adına sənədləşdirmişdir. Həyat yoldaşı ağır xəstəlik keçirdiyinə görə torpaq sahəsində ev tikə bilməmişdir. Amma torpaq sahəsinə gəlib-getmiş və ora nəzarət etmiş, 2018-ci ilə qədər torpaq vergisi ödəmişdir. Növbəti dəfə 2018-ci ilin avqust ayında torpaq sahəsinə baş çəkərkən ona ayrılmış toıpaq sahəsinin dəmir darvazasının qıfılının cavabdehlər tərəfindən sındırılaraq torpaq sahəsini zəbt etdiklərinin şahidi olmuşdur. Cavabdehlərə qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, inşa edilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Qiyabi qətnamə ilə həmin iddia tələbi təmin edilmişdir. Cavabdehlərin ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş, mülki iş aidiyyatı üzrə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(0030-4126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, torpaq sahəsi Xəzər rayonunun ərazisində yerləşməklə Azərbaycan Respublikasdı Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir və sənaye təyinatlı dövlət mülkiyyəti torpağıdıır. Cavabdehlər ona ayrılmış torpaq sahəsində ayrı-ayrılıqda fərdi yaşayış evləri tikməklə, orada yaşayırlar. Lakin ona ayrılmış 1000 kv.metr torpaq sahəsinin mişar daşı ilə hasara alınması, quraşdırdığı dəmir darvazanın və öz adına sənədləşdirdiyi işıq sayğacına ödədiyi vəsaiti cavabdehlər ona qaytarmırlar. Torpağın hasara alınması üçün aşağıda göstərilən xərcləri çəkmişdir: 1. 2.200 ədəd mişar daşı x 0,60 manat= 1320 manat, 2. Sement 50 kisə x 8 manat və daşınması 20 manat = 420 manat, 3. 2 maşın qum = 350 manat. 4. Karxana qumu= 100 manat. 5. Fəhlə hasarda keb quraşdırması üçün = 200 manat. 6. Fəhlənin zəhmət haqqı = 1.200 manat, 7. Fəhlənin hasarda tumba quraşdırması üçün = 200 manat. 8. Beton kəmər quraşdırması üçün = 300 manat, 9. Dəmir darvaza 1800 manat, beton tökmə və quraşdırılma xərci 150 manat = 1950 manat 10. Fəhlənin yeməyi üçün çəkilən xərc = 60 manat 11. İşıq sayğacının quraşdırılması və sənədləşdirilməsi üçün = 400 manat olmaqla, cəmi 6500 manat. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdikləri məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Onlar bildirdilər ki, hazırda yaşadıqları fərdi yaşayış evlərini darvaza, hasar və torpaq sahələri ilə birlikdə Emin adlı şəxsdən dəyərini ödəməklə almışlar. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan Maştağa Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 57 saylı məktubunun surətindən görünür ki, Bələdiyyənin 22 iyul 2005-ci il tarixli, 11 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində İddiaçı qizına 1000 kv.metr fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında, o cümlədən mülkiyyətinə verilməsi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsi və aktı barədə rəsmi sənədlər əsaslıdır və bələdiyyə arxivində qeydiyyatdadır. İşdə olan Maştağa Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 11 saylı qərarının surətindən görünür ki, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində İddiaçı qizına fərdi ev tikintisi üçün 1000 kv.metr torpaq sahəsi ayrılmışdır. Bu barədə tərəflər arasında bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi və akt bağlanmışdır. Sahənin yerləşmə sxemi tərtib edilmiş, onun adına yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında 3075 saylı şəhadətnamə verilmişdir. İşdə olan 284018 saylı, xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Maştağa Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 11 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində 1000 kv.metr torpaq sahəsi üçün bələdiyyənin hesabına ******* köhnə manat vəsait ödəmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, elektron kadastr baza məlumatına əsasən faktiki vəziyyətdə koordinatları verilmiş 0.098 ha torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşir. Qeyd edilən torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilindədir. Bundan əlavə, torpaq sahəsinin yerləşdiyi ərazinin Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisi olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli 123 saylı sərəncamının surətindən görünür ki, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə 1000 kv.metr torpaq sahəsi bağ evinin tikintisi üçün X2 istifadəsinə verilmişdir. İşdə olan AR-İ 767217 saylı, xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X1 qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə 1000 kv.metr torpaq sahəsi ilə bağlı bir sıra səlahiyyətləri X7 etibar etmişdir. İşdə olan Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, X3 Xəzər rayonunun Çiləgər adlı yerdə 0,10 ha torpaq sahəsinin zəbt edilməsilə bağlı etdiyi şikayət ərizəsinə dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Maştağa Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 11 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində İddiaçı qizına fərdi ev tikintisi üçün 1000 kv.metr torpaq sahəsi ayrılmışdır. Bu barədə tərəflər arasında bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi və akt bağlanmışdır. Sahənin yerləşmə sxemi tərtib edilmiş, onun adına yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında 3075 saylı şəhadətnamə verilmişdir. 284018 saylı, xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzindən də görünür ki, İddiaçı Maştağa Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 11 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində 1000 kv.metr torpaq sahəsi üçün bələdiyyənin hesabına ******* köhnə manat vəsait ödəmişdir. Daha sonra İddiaçı həmin torpaq sahəsinin qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Bununla belə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə qeyd edilmişdir ki, elektron kadastr baza məlumatına əsasən faktiki vəziyyətdə koordinatları verilmiş 0.098 ha torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşir. Qeyd edilən torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilindədir. Bundan əlavə, torpaq sahəsinin yerləşdiyi ərazinin Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisi olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Məhz bu səbəbdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada hasarın çəkilməsi, dəmir darvazanın alınması və qurşdırılması, işıq sayğacının sənədləşdirilməsi və quraşdırılması üçün çəkilmiş xərc kimi 6500 manat, dövlət rüsumunun əvəzi kimi 90 manat, hüquqi yardım üçün ödənilmiş 120 manat, cəmi 6710 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli 123 saylı sərəncamı ilə, Buzovna qəsəbəsi, Buzovna- Maştağa yolunun sol tərəfindəki ərazidə 1000 kv.metr torpaq sahəsi bağ evinin tikintisi üçün X2 istifadəsinə verilmiş, o isə AR-İ 767217 saylı, xx.xx.2019-cu il tarixli etibarnamə ilə həmin torpaq sahəsi ilə bağlı bir sıra səlahiyyətləri X7 etibar etmişdir. Məhkəmə iclasında hər iki cavabdeh hazırda istifadə etdiyi torpaq sahəsini X4 dəyərini ödəməklə əldə etdiyini, sahəni içində tikililər, hasar və darvaza ilə birlikdə aldığını qeyd etdi. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsindəki tikiliyə, hasara və ya sayğaca münasibətdə cavabdehlər iddiaçının hesabına əsassız varlanmamışlar və bu barədə tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mübahisəli torpaq sahəsinin mişar daşı ilə hasara alınmasına, quraşdırılmış dəmir darvazaya və iddiaçının adına sənədləşdirilmiş işıq sayğacına vəsait ödənilməsini yalnız iddiaçının izahatı təsdiq edir ki, məhkəmənin qənaətinə görə bu izahat iddianın təmin edilməsi üçün yetərli deyildir. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə gəlincə isə bu qətnamə ilə iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olması müəyyən edilmişdir. Bu qətnamə ilə iddiaçının həmin ərazidə 6500 manat vəsait xərcləməsi, iddia ərizəsində qeyd etdiyi kimi hasar, tikili, darvaza inşa etməsi, sayğac quraşdırması və cavabdehlərin bunlardan bəhrələnməsi halları təsdiq edilməmişdir. Bu səbəbdən də məhkəmə yuxarıda qeyd edilən məhkəmə aktının hazırki mübahisə üzrə preyudisial əhəmiyyətə malik olmaması qənaətinə gəlir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Beləliklə, iş materiallarında cavabdehlərin iddiaçının vəsaiti və ya əmlakı hesabına əsassız varlanmaları barədə hər hansı mötəbər sübut olmadığından məhkəmə hesab edir ki, hazırki iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəli əmlakla (torpaq sahəsindəki tikili, darvaza, hasar, sayğac və s.) bağlı öhdəlik yaranmamış, eləcə də cavabdehlər iddiaçının əmlakı və ya vəsaiti hesabına əsassız varlanmamış və öz hərəkətləri ilə iddiaçıya zərər vurmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2098/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2098/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver