Məhkəmə qərarları › İş №2(012)-2110/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2110/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2110/2021 26.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 56871,10 manat əsas və 5000 manat faiz borcu olmaqla cəmi 61871,10 manat borcun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, iş yoldaşları olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lombardda olan qızıllarını geri almaq məqsədilə ondan borc pul istəmişlər və həmin pulu 7-10 gün ərzində ona pulunu qaytaracaqlarına dair vəd vermişlər. Cavabdeh2 eyni zamanda o, eyni kənd sakinləridir və həmin cavabdehlə zaman-zaman pul alış-verişi olmuşdur. Cavabdeh1 isə Cavabdeh2 tanışıdır. O da öz növbəsində cavabdehlərə inanıb müxtəlif vaxtlarda onlara borc pul vermişdir. Lakin həmin tarixdən artıq bir ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdehlər ondan aldıqları pulu geri qaytarmır, əksinə müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışlar. Belə ki, 15 oktyabr 2019-cu il tarixdə Abşeron rayonunun Pirəkəşkül kəndində, yaşadığı evin qarşısında Cavabdeh2 12000 manat, həmin vaxtdan bir həftə sonra Abşeron rayonunun Müşviq qəsəbəsində Cavabdeh2 daha 8500 manat borc pul vermiş, bir müddət sonra isə yaxından tanıdığı X19 vasitəsi ilə Bakı şəhərində yerləşən poçtların birindən Cavabdeh1 adına 8500 manat, 14 avqust 2019-cu il tarixdə X10 vasitəsi ilə poçt vasitəsilə Cavabdeh1 adına poçt xərci ilə birlikdə 204.70 manat, 11 mart 2020-ci il tarixdə X15 vasitəsi ilə poçt vasitəsi ilə Cavabdeh1 adına poçt xərci ilə birlikdə 2318 manat, 27 iyul 2020-ci il tarixdə o, özü poçt vasitəsi ilə Cavabdeh1 adına 2000 manat, 08 iyun 2020-ci il tarixdə X5 vasitəsi ilə Pirəkəşkül qəsəbəsindən poçt vasitəsi ilə Cavabdeh1 adına poçt xərci ilə birlikdə 3624 manat, 17 sentyabr 2020-ci il tarixdə X15 yardımı ilə poçt vasitəsi ilə Cavabdeh1 adına poçt xərci ilə birlikdə 911 manat, 03 mart 2020-ci il tarixdə X15 vasitəsi ilə poçt vasitəsi ilə Cavabdeh1 adına poçt xərci ilə birlikdə 4006 manat, 24 oktyabr 2019-cu il tarixdə X7 vasitəsi ilə Müşviq qəsəbəsində yerləşən poçt vasitəsi ilə Cavabdeh1 bacısı X20 adına poçt xərci ilə birlikdə 1202 manat, 09 oktyabr 2019-cu il tarixdə X8 yardımı ilə poçt vasitəsilə Cavabdeh1 adına poçt xərci ilə birlikdə 714.40 manat, 13 iyul 2020-ci il tarixdə o, özü poçt vasitəsi ilə Cavabdeh1 adına 1514 manat, Cavabdeh1 adına Abşeron rayonunun Saray qəsəbəsində yerləşən poçtlardan cəmi 11377 manat ümumilikdə isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borc kimi verdiyim pul 56871,10 manat təşkil edir. Qeyd olunan məbləğləri Qərənfil ona bildirmiş, o da onun adına göndərmişdir. Pulu göndərən şəxslərdən isə Nizami tanışıdır, qalan şəxslər isə poçt idarəsinin işçiləridir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə iş yoldaşı kimi Kristal-Abşeron MTK-da işləmişlər. Cavabdeh2 isə onlarla birlikdə 3 gün işləmişdir. Ramil ilə Qərənfil arasında pul haqq-hesabı vardı. Bir neçə dəfə o, pulu poçt vasitəsilə Elzaminin adına göndərmişdir. Ramildən səbəbini soruşduqda isə, Ramil ona Qərənfilin şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən pulu çıxara bilmədiyini bildirmişdir. Bildiyi qədərilə, Qərənfilin əvvəldən Ramilə borcu olmuşdur. Qərənfil Ramilə lombardda olan qızıllarını çıxarmaq üçün borc istəmiş və sonra borcu qaytaracağını vəd etmişdir. Məhkəmə, iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, mülki iş digər materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; -14.08.2019-cu il tarixli ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, X4 Elzamin Elçin oğluna 200 manat pul göndərmiş, hesab açmadan pul köçürməyə görə 4.70 manat rüsum ödənilmişdir. -Azərpoçt MMC-nin 09.10.2019-cu il tarixli ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, X3 Elzamin Elçin oğluna 700 manat pul göndərmiş, hesab açmadan pul köçürməyə görə 10.40 manat rüsum ödənilmişdir. -Azərpoçt MMC-nin 24.10.2019-cu il tarixli ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, X2 Gülər Elçin qızına 1090 manat pul göndərmiş, hesab açmadan pul köçürməyə görə 12 manat rüsum ödənilmişdir. -Azərpoçt MMC-nin 03.03.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, X6 Elzamin Elçin oğluna 3980 manat pul göndərmiş, hesab açmadan pul köçürməyə görə 26 manat rüsum ödənilmişdir. -Azərpoçt MMC-nin 11.03.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, X6 Elzamin Elçin oğluna 2300 manat pul göndərmiş, hesab açmadan pul köçürməyə görə 18 manat rüsum ödənilmişdir. -Azərpoçt MMC-nin 08.05.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, X1 Elzamin Elçin oğluna 3600 manat pul göndərmiş, hesab açmadan pul köçürməyə görə 24 manat rüsum ödənilmişdir. -Azərpoçt MMC-nin 13.02.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı X24 1500 manat pul göndərmişdir. -Azərpoçt MMC-nin 27.06.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı X24 2000 manat pul göndərmiş, hesab açmadan pul köçürməyə görə 18 manat rüsum ödənilmişdir. -Azərpoçt MMC-nin 17.09.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, X6 Gülər Elçin qızına 900 manat pul göndərmiş, hesab açmadan pul köçürməyə görə 11 manat rüsum ödənilmişdir. -25.05.2016-cı il tarixli AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu Arıqıran kəndində qeydiyyatdadır. -DİN-nin BPQMİ-nin 12.02.2021-ci il tarixli arayışından görünür ki, Rzayeva X13 rayonu Xırdalan şəhəri Quşçuluq Y/M, H.Z.Tağıyev küçəsi 6 saylı evin 40 saylı mənzilində qeydiyyatdadır. -DİN-nin BPQMİ-nin 12.02.2021-ci il tarixli arayışından görünür ki, Bağırlı X18 rayonu Çayqovuşan kəndində qeydiyyatdadır. -17.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı ilə iş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında borc münasibətləri olmuşdur. Hazırda iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 56871,10 manat əsas və 5000 manat faiz borcu olmaqla cəmi 61871,10 manat borcun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakəları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Aparılmış məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərində iddiaçının özü və dostu X15 göndərdiyi pul borcunun iddiaçının adından göndərməsi öz təsdiqini tapdığından məhkəmə yalnız Azərpoçt MMCnin 03.03.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən (3980 manat), Azərpoçt MMC-nin 11.03.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən (2300 manat), Azərpoçt MMC-nin 17.09.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən (900 manat) pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını daha məqsədəuyğun hesab edib təmin edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, digər poçt qəbzlərində pul məbləğlərinin köçürülməsi başqa şəxslər tərəfindən icra edilmiş və yaxud daki, iddiaçı tərəfindən köçürülmüş pul məbləği hazırkı cavabdehlərin adına deyil, başqa şəxsin adına köçürülmüşdür. Ona görə də məhkəmə sübut olunmadığından digər pul köşürülməsi barədə poçt qəbzlərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iş materiallarında olan dövlət rüsumuna görə 17.02.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilərək onlardan iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlərdən iddiaçının xeyrinə ödəniş qəbzlərinə əsasən 3980 manat, 2300 manat, 900 manat olmaqla cəmi 7180 (yeddi min yüz səksən) manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə 7180 (yeddi min yüz səksən) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. İddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar