Məhkəmə qərarları › İş №2(012)-2127/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2127/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2127/2024 13.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2148/2019 saylı qətnaməsi ilə övladları xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2014cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş, bir uşağa görə təyin edilən 120 manat məbləğində alimentin artırılaraq bir uşaq üçün 235 manat, üç uşaq üçün ümumi olaraq 705 manat məbləğinə alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə birgə nikahdan 03 oktyabr 2006-cı il tarixində X8, 21 aprel 2014-cü il tarixində X7 və 18 noyabr 2015-ci il tarixində X3 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh ilə arasında bağlanılmış nikahın pozulması üçün Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. xx.xx.2018-ci il tarixində müvafiq qətnamə qəbul edilsə də, cavabdeh bundan narazı qalıb Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(105)-3825/2018 saylı qətnaməsi ilə aramızda bağlanmış nikahın pozulması, uşaqların saxlanılması üçün bir uşaq üçün 154 manat olmaqla, həmçinin cavabdehin digər gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. Həmin qətnamədən tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1433/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin alimentin tutulmasına dair hissədə ləğv edilməsi və işə həmin hissədə yenidən baxılması üçün məhkəməyə göndərilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra 2(105)-2148/2019 saylı mülki işə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında xx.xx.2019-cu il tarixində baxılaraq, apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin həmin iş üzrə qəbul edilmiş qətnaməsinin alimentin ödənilməsi hissəsinin dəyişdirilməsi, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, cəmi 360 məbləğində alimentin tutularaq mənə ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə uşaqların saxlanılmasına görə müəyyən edilmiş bir uşaq üçün 120 manat olmaqla təyin edilən alimentin bir uşaq üçün 235 manata artırılması zəruridir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, uşaqlar artıq böyüyüb və onların tələbatı artıb. O isə həmin tələbatları ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, cavabdeh artıq başqa ailə qurub. Həmin nikahdan onun bir övladı var. Bundan başqa cavabdehin həyat yoldaşının əvvəlki nikahdan da iki övladı onlarla birgə yaşayır. Bütün ailənin yükü onun üzərinə düşür. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 836001 saylı, AZ-İİİ 321787 saylı və AZ-İİİ 669669 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqlar doğulmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2148/2019 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin qətnaməsi 13 avqust 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 154 manat cəmi 462 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi hissəsində dəyişdirilməsi, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, cəmi 360 məbləğində alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, İddiaçı "X14" Məhdud Məsuliyyətli Cəmiyyətində çörək ustası vəzifəsində işləyir və 800 manat əmək haqqı alır. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, Cavabdeh “X13" Məhdud Məsuliyyətli Cəmiyyətində idarə qulluqçusu vəzifəsində işləyir və 1469,71 manat əmək haqqı alır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2148/2019 saylı qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 180 manat, cəmi 540 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2148/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar