Məhkəmə qərarları › İş №2(012)-2130/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2130/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2130/2021 29.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3665/2018 saylı, 27.06.2018-ci il tarixli qətnaməsinə əsasən birgə nikahlarından olan 22.01.2006-cı il təvəllüdlü X4 və 04.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər bir uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahlarından 22.01.2006-cı il təvəllüdlü X9 və 04.02.2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Xarakterləri uyğun olmadığına görə cavabdehlə nikahı Abşeron Rayon Məhkəməsinin 2(012)-3665/2018 saylı, 27.06.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hazırda heç bir yerdə işləmədiyindən, maddi gəliri olmadığından uşaqların ehtiyaclarının ödənilməsində çətinlik çəkir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Xocavənd RPŞ tərəfindən 13.11.2018-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xocavənd rayonu Xətai kəndində qeydiyyatdadır. -Xocavənd RPŞ tərəfindən 04.03.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədov X7 rayonu Xətai kəndində qeydiyyatdadır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 22.02.2011-ci il tarixdə verilmiş AZ-İİ № 612543 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 04.02.2011-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 306 nömrə ilə qeydiyyat aparılmış atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 06.04.2006-cı il tarixdə verilmiş AZ-İ № 751465 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 22.01.2006-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 268 nömrə ilə qeydiyyat aparılmış atası Cavabdeh, anası İddiaçıdır.. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 13.02.2018-ci il tarixdə verilmiş AZ-İ № 287878 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahı 13.02.2018-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Məmmədova soyadı verilmişdir. -Abşeron rayon Məhkəməsinin 2(012)-3665/2018 saylı, 27.06.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-525/2017 saylı, 22.05.2017-ci il tarixli qətnaməsi ilə 22.01.2006-cı il təvəllüdlü X4 və 04.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay tutulan sabit pul məbləğində 136 manat miqdarında alimentin məbləğinin artırılması, 22.01.2006-cı il təvəllüdlü X4 və 04.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavadehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin Abşeron rayon Məhkəməsinin 2(012)-3665/2018 saylı, 27.06.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minən vaxtdan hesablanması, X2 30 manat dövlət rüsumuna görə pulun dövlət nəfinə tutulması qət edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli 82 saylı arayışından görünür ki, İddiaçı Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi 2 saylı evin 2 saylı mənzilində məskunlaşmış, Xocavənd rayonundan məcburi köçkün gəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 22.01.2006-cı il təvəllüdlü X9 və 04.02.2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)-3665/2018 saylı, 27.06.2018-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, 22.01.2006-cı il təvəllüdlü X4 və 04.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3665/2018 saylı, 27.06.2018-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 22.01.2006-cı il təvəllüdlü X4 və 04.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehin hər ay bir uşağa görə 154 manat alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir bir uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2021-ci ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3665/2018 saylı, 27.06.2018-ci il tarixli qətnaməsinin ilə tutulmuş alimentin miqdarı 154 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 154 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu bir neçə dəfə artmışdır. Hazırkı şəraitdə həmin uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 154 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini nəzərə alaraq, 22.01.2006-cı il təvəllüdlü X9 və 04.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-3665/2018 saylı, 27.06.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 22.01.2006-cı il təvəllüdlü X9 və 04.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-3665/2018 saylı, 27.06.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 22.01.2006-cı il təvəllüdlü X4 və 04.02.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı qızının xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar