Məhkəmə qərarları › İş №2(012)-2135/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2135/2023

06.07.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2135/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı Anoushiravan Biglarzadehin, Cavabdehin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MTK-nın və X3 vəkili-nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Anoushiravan Biglarzadehin cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Anoushiravan Biglarzadeh cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan yaşayış binanın “S” girişi, 11-ci mərtəbəsində dörd otaqlı, ümumi sahəsi 164 kv.metr, dəyəri 106600 manat olan 62 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, həmçinin həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 16 oktyabr 2014-cü il tarixində onunla "xxxx" MMC arasında ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan yaşayış binanın “S” girişi, 11-ci mərtəbəsində dörd otaqlı, ümumi sahəsi 164 kv.metr, dəyəri 106600 manat olan 62 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. O, MMC-nin direktoru X5 ilə tanışı Səadət adlı şəxsin vasitəsi ilə 2011-ci ildə tanış olmuşdur. Belə ki, onun Səadətlə xırda biznes və etibarlı işgüzar münasibətləri olmuşdur. 2014-cü ilin yay aylarında Səadətlə "xxxx" MMC-nin ofisinə gedərək iş müqabilində mənzil almaq istədiyini və mənzilin dəyərini hissə-hissə ödəmək imkanının olduğunu bildirmişdir. Həmin vaxt MMC-nin direktoru X10 rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21 ünvanında inşa etdiyi binadan mənzil verə biləcəyini söyləmiş, nəğd pula ehtiyac olduğunu bildirmişdir. 2014-cü ilin oktyabr ayında MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21 ünvanında yerləşən ofisinə gəlmiş və həmin vaxt ilkin olaraq 80000 manat nəğd pul ödəmişdir. 16 oktyabr 2014-cü il tarixində tərəflər arasında qeyd edilən müqavilə bağlanmışdır. Mənzilin dəyərinin qalan 26600 manat hissəsinə görə tikinti materialı kimi mərmər verəcəyi barədə qarşılıqlı razılaşmışlar. Müqavilə bağlanarkən mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı ona verilməmişdir. Mənzilin müqavilə dəyəri üzrə qalıq məbləği kimi 26600 manat dəyərində mərmər MMC-yə təhvil vermiş və bundan sonra mənzilin dəyərinin tam ödənilməsinə dair xx.xx.2014-cü il tarixində maliyyə arayışı MMC tərəfindən ona təqdim edilmişdir. "xxxx" MMC tərəfindən inşa olunan “S” bloku tikintisi axırıncı başa çatmış blokdur. Qeyd olunan blokun tikintisi 2021-cı ildə başa çatmışdır. Blokda tikinti işləri başa çatdıqdan sonra ona məxsus mənzilə qapı qoymuşdur. Qapı qoyduqdan bir neçə gün sonra ona məlumat vermişlər ki, həmin mənzilin qapısını çıxarmışlar. Həmin vaxtdan etibarən müqavilə üzrə ona məxsus olan mənzil sahiblik və istifadəsinə verilmir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı Anoushiravan Biglarzadeh iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MTK-nın və X3 vəkili-nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, mübahisəli mənzil qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən "xxxx" MTK-nın mülkiyyətinə verilmişdir və bu səbəbdən iddiaçının bu əmlaka heç bir hüququ ola bilməz. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Anoushiravan Biglarzadeh ilə "xxxx" MMC arasında mənzil alqı-satqısı haqqında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan yaşayış binanın “S” girişi, 11-ci mərtəbəsində dörd otaqlı, ümumi sahəsi 164 kv.metr, dəyəri 106600 manat olan 62 saylı mənzili Anoushiravan Biglarzadehə satılmışdır. İlkin olaraq 80000 manat ödəniş edilmişdir, qalan məbləğ isə hissə-hissə ödəniləcəkdir. - Anoushiravan Biglarzadeh ilə "xxxx" MMC arasında mənzil alqı-satqısı haqqında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, ünvan 2 ünvanında tikilən yaşayış binasının “A” girişi, 8-ci mərtəbəsində dörd otaqlı, ümumi sahəsi 164,21 kv.metr, dəyəri 106737 manat olan 47 saylı mənzili Anoushiravan Biglarzadehə satılmışdır. İlkin olaraq 40000 manat ödəniş edilmişdir, qalan məbləğ isə hissə-hissə ödəniləcəkdir. - "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, mənzilə görə Anoushiravan Biglarzadeh tərəfindən 80000 manat ödəniş edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllə ünvanında "xxxx" MMC tərəfindən inşa olunan yaşayış binanın “S” girişi, 11-ci mərtəbəsində dörd otaqlı, ümumi sahəsi 164 kv.metrlik 62 saylı mənzilin dəyəri kimi 106600 manat vəsait Anoushiravan Biglarzadeh tərəfindən ödənilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 947/2019 saylı qərarından görünür ki, "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Nümayəndə2 qarşı mənzilin alqı-satqısı müqavilələrinin ləğv edilməsi, mənzildən köçürülmə və mənzilin təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" MMC ilə Nümayəndə2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə tikilmiş yaşayış binasının “S” girişi 9-cu mərtəbədəki 50 saylı mənzilə və 11-ci mərtəbəsindəki 62 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli mənzilin alqısatqısı haqqında müqavilələrin etibarsız hesab edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2018-ci tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2018-ci tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2018-ci tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 2(012)-4372/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. - Nümayəndə2 ilə "xxxx" MMC arasında mənzil alqı-satqısı haqqında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan yaşayış binanın “S” girişi, 11-ci mərtəbəsində dörd otaqlı, ümumi sahəsi 164,21 kv.metr olan 62 saylı mənzili Nümayəndə2 satılmışdır. - Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2016-cı il tarixli, 1280-S saylı məktubunun surətindən görünür ki, "xxxx" MTK tərəfindən Abşeron rayon İcra Hakimiyyəti fonduna verilən Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa edilən yaşayış binasından - S bloku, 12-ci mərtəbə, 4 otaqlı 172,5 kv.metr olan mənzilin və V bloku, 12-ci mərtəbə, 3 otaqlı 156,8 kv.metr olan mənzilin X3 adına sənədləşdirilməsi xahiş edilmişdir. - "xxxx" MTK-nın payçılarının xx.xx.2016-cı il tarixli 292 saylı protokolunun surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2016-cı il tarixli, 1280-S saylı məktubu nəzərə alınaraq X6 MTK-ya payçı kimi qəbul edilmişdir. - "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2016-cı il tarixli 292 saylı protokoldan çıxarışın surətindən görünür ki, X1 İcra hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2016-cı il tarixli 1280-S saylı məktubuna əsasən kooperativin üzvlüyünə qəbul edilmiş, X4 razılıq yolu ilə "xxxx" MTK-nın Xırdalan şəhəri, H.Aslanov küçəsində 21-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının S blokunun 12-ci mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 172.5 kv.metr olan mənzil və В blokunun 12-ci mərtəbəsində yerləşən 3 otaqlı sahəsi 156.8 kv.metr olan mənzil sahələrinin ayrılması təmin edilmişdir. İddia ərizəsindən görünür ki, mübahisəli mənzillə bağlı xx.xx.2014-cü il tarixdə mənzilin alqı-satqısı barədə müqavilə bağlanmış, "xxxx" MMC ünvan 1 ünvanında inşa etdiyi yaşayış binanın “S” girişi, 11-ci mərtəbəsində dörd otaqlı, ümumi sahəsi 164 kv.metr, dəyəri 106600 manat olan 62 saylı mənzili Anoushiravan Biglarzadehə satması barədə öhdəlik götürmüşdür. Mənzilin dəyəri kimi alıcı tərəfindən ilkin ödəniş kimi 80000 manat ödənilmiş, qalan hissənin isə hissə-hissə ödənilməsi barədə alıcı MMC qarşısında öhdəlik götürmüşdür. "xxxx" MMC xx.xx.2014-cü il tarixdə maliyyə arayışı verərək, mənzilə görə pulun Anoushiravan Biglarzadeh tərəfindən tam ödənilməsini göstərmişdir. X2 "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış 16 oktyabr 2014cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan yaşayış binanın “S” girişi, 11-ci mərtəbəsində dörd otaqlı, ümumi sahəsi 164 kv.metr, dəyəri 106600 manat olan 62 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, həmçinin həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Mülki Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə görə bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 573.1-ci maddəsinə görə alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 573.2-ci maddəsinə görə alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. İşdən göründüyü kimi, mübahisə predmetini "xxxx" MMC-nin ünvan 1dəki yaşayış binasının “S” girişi, 11-ci mərtəbəsində yerləşən dörd otaqlı, ümumi sahəsi 164 kv.metr olan 62 saylı mənzili təşkil edir. Artıq qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 14 sentyabr 2018ci tarixli qətnaməsindən görünür ki, Nümayəndə2 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 2(012)-4372/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, "xxxx" MMC-nin Nümayəndə2 qarşı tərəflər arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə tikilmiş yaşayış binasının “S” girişi 11-ci mərtəbəsindəki 62 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilələrin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir, yəni mübahisəli mənzilə dair həmin müqavilə hazırda qüvvədədir. Göründüyü kimi, bu qətnamə ilə müəyyən olunmuşdur ki, mübahisəli 62 saylı mənzil MMC ilə Nümayəndə2 arasında alqı-satqı predmeti olmuşdur və məhkəmə hesab edir ki, qeyd olunan qətnamə hazırki mübahisə üçün preyudisial əhəmiyyətə malikdir. İşdən görünür ki, xx.xx.2014-cü il tarixli müqavilə ilə mübahisəli mənzil Anoushiravan Biglarzadehə satılmışdır, halbuki "xxxx" MMC ilə Nümayəndə2 arasında bağlanan müqavilə hazırda qüvvədədir, bu müqavilənin etibarsız hesab olunması haqqında MMCnin iddiası məhkəmə baxışının predmeti olmuş və həmin iddia qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə rədd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin mənzilin hüquq ilə yüklü olmasına baxmayaraq, Anoushiravan Biglarzadehə satılmasına dair xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə istinad edilməklə "xxxx" MMC-dən tələb edilməsi qanunsuzdur. Beləliklə, mübahisəli daşınmaz əmlak hazırda nə "xxxx" MMC-nin, nə də Anoushiravan Biglarzadehin mülkiyyətində, sahiblik və istifadəsində ola bilməz və Anoushiravan Biglarzadehin hazırki tələbi əsassızdır. Qeyd edilən hallara məcmu halda qiymət verən məhkəmə hesab edir ki, iddiaçı Anoushiravan Biglarzadehin cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Anoushiravan Biglarzadehin cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar