Məhkəmə qərarları › İş №2(012)-214/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-214/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-214/2022 28.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 57277.81 manat məbləğində əsas borc, 17582,05 manat faiz borcu olmaqla, cəmi 74859.86 manat borcun və iş üzrə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ASC-nin nümayəndəsi X4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 08.04.2015-ci il tarixli 1-08-04-2015-YS-AAAF-AE №-li kredit müqaviləsi üzrə 57277.81 manat məbləğində əsas borc, 18457,12 manat faiz borcu olmaqla, cəmi 75734,93 manat borcun və iş üzrə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 08.04.2015ci il tarixli 1-08-04-2015-YS-AAAF-AE №-li kredit müqaviləsi üzrə 57277,81 manat məbləğində əsas borc, 21413,29 manat faiz borcu olmaqla, cəmi 78691,10 manat borcun və iş üzrə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.04.2015-ci il tarixli, 1-08-04-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilən bina C-2, 238 nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, illik 10% ilə hesablanmaqla 69165 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə Bankla "xxxx" MMC arasında 08.04.2015-ci il tarixli, 1-08-04-2015-YS-AAAF-AE nömrəli zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə öhdəlik daşıyır. Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək onunla İddiaçı ASC arasında bağlanmış 08.04.2015-ci il tarixli, 1-08-04-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən ona hesablanmış faiz borcunun şişirdildiyini bildirdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini qismən qəbul edərək Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 08.04.2015-ci il tarixli, 1-08- 04-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən cavabdehə hesablanmış faiz borcunun şişirdildiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan kredit və zaminlik müqavilələrindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 08.04.2015-ci il tarixli 1-08-04-2015-YS- AAAF-AE saylı kredit müqaviləsi əsasında illik 10 faiz dərəcəsi olmaqla 120 ay müddətinə 69165 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC ilə bağlanmış zaminlik müqaviləsinə əsasən o, bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, 05.05.2021-ci il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə 08.04.2015-ci il tarixli 1-08-04-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə əsas borcu 57277,81 manat, faiz borcu 17582,05 manat olmaqla, cəmi 74859,86 manat təşkil edir. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, 30.06.2021-ci il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə 08.04.2015-ci il tarixli 1-08-04-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə əsas borcu 57277,81 manat, faiz borcu 18457,12 manat olmaqla, cəmi 75734,93 manat təşkil edir. Borc məbləğinin dəqiq müəyyən edilməsi ilə bağlı məhkəmənin 13 iyul 2021-ci il tarixli, 2(012)-3614/2021 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2021-ci il tarixli, 9/8364 saylı müvafiq rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.04.2015-ci il tarixli, 1- 08-04-2015-YS-AAAF-AE nömrəli təminatlı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu 05.07.2021-ci il tarixinə qədər əsas borc üzrə 57272,81 manat, faiz borcu üzrə 18616,12 manat olaraq müəyyən edilir. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, 14.01.2022-ci il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə 08.04.2015-ci il tarixli 1-08-04-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə əsas borcu 57277,81 manat, faiz borcu 21413,29 manat olmaqla, cəmi 78691,10 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə iddianın ona münasibətdə təmin edilməsi üçün əsaslar mövcud olduğundan və hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə hesablanmış borc məbləği ekspert rəyinə əsasən müəyyən edilmiş borc məbləği ilə uyğunluq təşkil etdiyindən iddia təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbini cavabdeh zaminə münasibətdə də qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və "xxxx" MMC-dən 57277,81 manat əsas, 21413,29 manat faiz borcu olmaqla ümumilikdə 78691,10 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə 100 manat vəsait sərf edilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq iddiaçı ”Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməli, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 57277,81 manat məbləğində kredit borcu, 21413,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 78691,10 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar