Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2144/2023 20.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş 1615 manat maddi ziyan və ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində cavabdehin gecə vaxtı sahibsiz buraxdığı inəklə ona məxsus «Saipa» markalı, ** VO *** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Baş vermiş qəza nəticəsində «Saipa» markalı, ** VO *** dövlət nömrə nişanlı avtomaşına 1615 manat miqdarında ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı xx.xx.2023-cü il tarixdə Abşeron DYP tərəfindən Cavabdeh barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40 manat cərimə edilmişdir. «Avtoservis 707» avtomobillərə texniki xidmət mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli zərər aktına əsasən, yol nəqliyyat hadisəsi zamanı «Saipa» markalı, ** VO *** dövlət nömrə nişanlı avtomobilin yararsız hala düşmüş hissələrinin təmiri və göstərilən xidmətləri üçün 1615 manat pul vəsaitinin tələb olunduğu göstərilmişdir. Mülki iş üzrə məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə razıdır. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, avtomobil onun önünə çıxmamışdır. O, yolun kənarında avtomobili ilə hərəkət etmişdir. İnzibati qaydada cərimə olunsa da, maddi imkanı olmadığından ödəyə bilməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi onun evinin önündə baş vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli, TP № ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında baş vermiş hadisə nəticəsində Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.5.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, İddiaçı məxsus “Saipa Tiba SX” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilə 1615 manat maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3155 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «707» avto servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Saipa Tiba SX” minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1615 manat müəyyən edilir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “Saipa Tiba SX” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində avtomobilə ziyan dəymişdir. Baş vermiş hadisə nəticəsində cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Hazırda, iddiaçı onun avtomobilinə dəymiş ziyanın məhkəmə qaydasında cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, TP № ******* saylı inzibati xəta haqqında qərara əsasən, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3155 saylı rəyinə əsasən, avtomobilin təmir-bərpa xərci təxminən 1615 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi qiymətləndirir və iddiaçının avtomobilinə 1615 manat maddi ziyanın vurulması qənaətinə gəlir. Ona görə də iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1615 (min altı yüz on beş) manat və ödənilmiş dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov