Məhkəmə qərarları › İş №2(012)-2155/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2155/2025

03.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2155/2025 03.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, X2 Fizuli oğlunun katibliyi, İddiaçı “X4" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı “X4" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneə yaradılmasının qadağan edilməsi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə neqator iddia qaldıraraq, "xxxx" ASC-nin tabeliyində olan ünvan 1 ünvanda yerləşən İddiaçı ASC-nin ərazisində iddiaçı tərəfindən tikinti-söküntü və digər işlərin aparılmasına maneələrin yaradılmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixli, 407 nömrəli Sərəncam ilə "xxxx" ASC-nin tabeliyində olan ünvan 1 ünvanda yerləşən X3 müəssisəsinin İddiaçı ASC-yə çevrilməsi qərara alınmışdır. Zavod ərazisinin bir hissəsində məcburi köçkün olan bir neçə ailə məskunlaşmışdır. Həmin məcburi köçkünlərin zavod ərazisində rahat şəkildə yaşamaları üçün hər cür şərait təmin olunaraq onlara heç bir maneə yaradılmır. Həmin şəxslər hələ ki öz doğma torpaqlarında mənzil ilə təmin edilmədiklərindən onların həmin ərazidə sərbəst yaşamaları üçün zəruri şərait yaradılmışdır. Buna baxmayaraq, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 Nərman oğlu və Cavabdeh2 öz istifadələrində olan “Mercedes” markalı olan 99VK292 və 50EX964 dövlət qeydiyyat nömrəli yük maşınlarını zavodun tikinti aparılmalı olan hissəsində saxlayaraq zavodun fəaliyyətinə və zavod daxilində tikinti işlərinin aparılmasına mane olmaqdadırlar. Dəfələrlə xəbərdalıq edilsələr də, heç bir nəticəsi olmamışdır. Bundan əlavə, cavabdehlərin adıçəkilən yük maşınlarını zavodun ərazisində saxlamalarına iddiaçı tərəfindən maneə yaradılmamasına baxmayaraq, iddiaçı cavabdehlərə bir neçə dəfə maşınların saxlandığı yerdə tikinti aparılmalı olduğunu və bu səbəbdən də maşınları başqa yerdə saxlamalarını bildirdikdə cavabdehlər buna heç bir məhəl qoymadan iddiaçının mülkiyyət hüququnu pozmağa davam etmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X4" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, artıq 32 ildir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Seymur küçəsi ünvanda yaşayır. İddiaçı tərəfindən yaşadıqları ümumi məhəllənin qabağı bağlanmışdır. Ümumiyyətlə, tüstü və səs-küy əlindən rahat yaşamaqları mümkün deyil. Maşınları yol qırağında saxlamağa icazələri olmadığından maşın saxlamağa başqa yerləri yoxdur. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək və iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixli, 407 nömrəli Sərəncamdan görünür ki, "xxxx" ASC-nin tabeliyində olan ünvan 1 ünvanda yerləşən X3 Müəssisəsi İddiaçı ASC-ə çevrilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-da qeydiyyatdan keçərək “X4" ASC-a təqdim olunmuş MİS-nin balansında olan ümumi sahəsi 331.2 m2 olan tikiliyə dair Baş planda həmin tikili daxilində yerləşən A, B, C, D, E, V, R və K tikililərində məcburi köçkün ailələrinin yaşadığı və sözügedən (məcburi köçkünlər tərəfindən inşa olunmuş) tikililərin sahəsinin ümumi sahəyə daxil edilməməsi, həmçinin uzunluğu 724.4 m olan daxili dəmir yolu xətti və onun altındakı 2680.28 m2 torpaq sahəsinin qonşu ərazisində yerləşməsinə baxmayaraq, Ceyranbatan Sənaye-Törəmə müəssisəsinə aid ərazinin ümumi torpaq sahəsinə daxil edilməsi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən ünvan 1 ünvana yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən ərazidə iddiaçı tərəfindən tikintinin aparıldığı ərazidə cavabdehlər tərəfindən 3 ədəd yük maşınının park edildiyi, cavabdehlərin həmin ərazidə digər başqa sakinlər ilə məcburi köçkün olaraq məskunlaşdığı, həmçinin tərəflər arasında mübahisənin yaranmasına səbəb olmuş ərazinin yaxınlığında maşınların park edilməsi üçün bir neçə boş sahənin olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ASC ünvan 1 ünvanda yerləşir. Hazırda iddiaçı öz ərazisində müəyyən tikinti işləri aparmağa çalışsa da, onun ərazisində yaşayan və məcburi köçkün olan cavabdehlər Cavabdeh1 Nərman oğlu və Cavabdeh2 tərəfindən cavabdehlərin istifadəsində olan yük maşınlarının zavodun tikinti aparılmalı olan hissəsində saxlanılması nəticəsində zavodun fəaliyyətinə və zavod daxilində tikinti işlərinin aparılmasına maneələr törədilməkdədir. Bu hal həm yerli baxış zamanı, həm də cavabdehlərin izahatlarından da müəyyən olunur. Dəfələrlə cavabdehlərə maşınlarını başqa yerdə saxlamaları barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, onlar buna heç bir məhəl qoymamış, iddiaçının mülkiyyət hüququnu pozmağa davam etmiş, nəticədə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). Məhkəmə işin araşdırılan hallarında müəyyən edir ki, cavabdehlərin iddiaçının daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılması, iddiaçı tərəfindən həmin ərazidə təmir və tikinti işlərinin aparılmasına maneələr törədilməsi kimi qanunsuz müdaxilələri iş materialları və məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə aparılmış yerində baxış zamanı aşkarlanan hallarla öz təsdiqini tapmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin tabeliyində olan ünvan 1 ünvanda yerləşən İddiaçı ASC-nin ərazisində iddiaçı tərəfindən tikinti-söküntü və digər işlərin aparılmasına maneə yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iddia ərizəsinin verilməsi ilə əlaqədar ödədiyi dövlət rüsumu məbləğini cavabdehlərdən müştərək qaydada tələb etmədiyindən, həmin məbləği onun özünə aid edir. Həmçinin, Mülki Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. "xxxx" ASC-nin tabeliyində olan ünvan 1 ünvanda yerləşən İddiaçı ASC-nin ərazisində iddiaçı tərəfindən tikinti-söküntü və digər işlərin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələr qadağan edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar