Məhkəmə qərarları › İş №2(012)-2167/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2167/2023

30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2167/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 208/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 154 manat alimentin alimentin miqdarının artırılaraq, 14 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2920/2019 saylı, 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat alimentin miqdarının artırılaraq, 14 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-208/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 mart 2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 74 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahlarından dünyaya gəlmiş 14 dekabr 2017-ci il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2920/2019 saylı, 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 160 manat təyin edilmişdir. Hazırda cavabdeh iddiaçıya bir övladı üçün cəmi 160 manat məbləğində aliment ödəyir. X5 İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanunu imzalayıb və uşaqların saxlanması üçün minimum pul 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Bu Qanun 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Cavabdehin maddi imkanı olduqca yaxşıdır və iddiaçıyla qərəzli münasibətdə olduğu üçün doğma övladına aliment pulundan əlavə bir manat da olsa pul ödəmir. İddiaçı övladının tələbatını ödəməkdə çətinlik çəkir. Bunun üçün iddiaçıya valideynləri kömək edir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki,o, 160 manat alimenti çətinliklə ödəyir. Həmçinin 2019-cu ilin aprel ayında o, 2-ci dəfə ailə qurmuş və həmin nikahdan da övladı vardır. Odur ki, onun hər ay 220 manat məbləğində alimenti ödəməyə imkanı yoxdur. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T № 066410 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 14 dekabr 2017-ci ildə Bakı şəhərində şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-208/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 mart 2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 74 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahlarından dünyaya gəlmiş 14 dekabr 2017-ci il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2920/2019 saylı, 02 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-208/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qətnaməsi il müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş 14 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 391299 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 02 yanvar 2020-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X1r. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə cavabdehin başqa nikahdan da övladının olmasını ilə bağlı diqqətə layiq halı nəzərə alaraq hesab edir ki, alimentin tələb olunan miqdarda tutulması hazırda cavabdehin başqa nikahdan olan övladının mənafeyinə mütənasib olmadığından və məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edir ki, alimentin miqdarı artırılaraq hər ay üçün 180 manat həddində müəyyən edilməsi hər iki tərəfin mənafeyinə uyğun gəlir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2920/2019 saylı, 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 14 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar