Məhkəmə qərarları › İş №2(012)-217/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-217/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-217/2022 07.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə 07 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Məcidov Rafiq Gülbala oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 509,89 ABŞ dolları faiz borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Məcidov Rafiq Gülbala oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məcidov Rafiq Gülbala oğlu 16 iyun 2020-ci il tarixdə öldüyündən məhkəmə onun hüquqi varisi kimi Cavabdeh2 cavabdeh qismində işə cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.06.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Məcidov Rafiq Gülbala oğluna 24 ay müddətinə illik 30 % ödəmək şərti ilə 8300 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə 04.06.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanılmış, borclunun bank qarşısında kredit borcu üçün Cavabdeh1 ona zamin durmuşdur. Məcidov Rafiq Gülbala oğlu kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan 04.06.2013-cü il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Məcidov Rafiq Gülbala oğluna "xxxx" ASC - hazırki "xxxx" ASC tərəfindən 24 ay müddətinə illik 30 % ödəmək şərti ilə 8300 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 04.06.2013-cü il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, zamin Cavabdeh1 borclu Məcidov Rafiq Gülbala oğlunun 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında yaranmış öhdəliyinin tamamilə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür və zamin bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Mülki işin materiallarında olan 04.06.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, Məcidov Rafiq Gülbala oğlu 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 8300 ABŞ dolları vəsaiti qəbul etmişdir. Mülki işin materiallarında olan 03.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borclu Məcidov Rafiq Gülbala oğlunun İddiaçı ASC-yə 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 509,89 ABŞ dolları borcu vardır. Mülki işin materiallarında olan Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin 23 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, 16 iyun 2020-ci il tarixdə ölmüş Məcidov Rafiq Gülbala oğlunun qanun üzrə vərəsəsi Cavabdeh2dır (07.04.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən). Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Məcidov Rafiq Gülbala oğlu arasında 04.06.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Eləcə də, zamin Cavabdeh1 borclu Məcidov Rafiq Gülbala oğlunun 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün üzərinə müqavilə ilə məsuliyyət götürdüyündən bank qarşısında onun vərəsəsi, yəni Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada faiz borcu kimi 509,89 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü manata olan məzənnə ilə) tutularaq İddiaçı ASC-yə ödənilməli, bununla da iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada faiz borcu kimi 509,89 ABŞ dolları (ödəniş günü manata olan məzənnə ilə) və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar