Məhkəmə qərarları › İş №2(012)-2175/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2175/2023

16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2175/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün müəyyən olunan alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-487/2018 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaq iddiaçının yanında saxlanılmaqla 154 manat aliment təyin edilmişdir. Sonradan, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 1976/2019 saylı qətnaməsi əsasında alimentin miqdarı artırılaraq 160 manata çatdırılmışdır. Hazırda, uşağın 8 yaşı var və onun tələbatı günü-gündən artır. Həmçinin, minimum yaşayış meyarı olaraq uşaqlar üçün 220 manat müəyyən edilmişdir. 160 manat aliment çox azdır və uşağın tələbatlarını ümumiyyətlə, ödəmir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia ərizəsinə qarşı verilmiş etirazdan görünür ki, İddiaçı Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini icra etməkdə kobud şəkildə pozmuş, cavabdehin azyaşlı uşağını həftədə 1 dəfə 5 saat görmək hüququnun həyata keçirilməsinə maneə törətmişdir. Bu müddət ərzində müxtəlif bəhanələrlə iddiaçı uşağı göstərməmişdir. Cavabdehin uşaqla görüşməyinə maneə olmaqla övladının mənəvi inkişafı və psixi sağlamlığına xələl yetirmişdir. Bundan başqa, cavabdeh «X6» MMC-nin kimyəvi təhlil lobarantı vəsifəsində işləyir, vergi və sosial sığorta haqları çıxdıqdan sonra 776.65 manat əmək haqqı alır. Hazırda, cavabdeh ailə həyatı qurduğundan və tezliklə, başqa bir övladı olacağından alimentin 250 manat miqdarında ödənilməsi qeyri-mümkündür. Cavabdehin 750 manat əmək haqqı alması (tələb edilən alimentin miqdarı aylıq qazancın 1/3 hissəsini təşkil edir, Ailə Məcəlləsi isə bir uşağa görə əmək haqqının ¼ hissəsi miqdarında aliment ödəmək vəzifəsinin olduğunu göstərmişdir), cavabdehin yenidən ailə həyatı qurması, tezliklə, yeni övladının olması onu deməyə əsas verir ki, tələb edilən aliment məbləği həddən artıq yüksəkdir, onun cavabdeh tərəfindən ödənilməsi qeyri-mümkündür. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, təqdim etdiyi etiraz ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən tələb olunan aliment miqdarı onun əmək haqqının demək olar ki, 1/3 hissəsini təşkil edir. Həmçinin, o, növbəti dəfə nikaha daxil olmuş və həmin nikahdan doğulacaq övladının xərclərinin də ödənilməsini təmin edir. Bununla yanaşı, onun yaşlı və xəstə valideynləri var, atası işləmir və pensiya yaşı çatmadığından əlavə gəlir yeri yoxdur. Anası isə İİ qrup əlildir və aldığı pensiya məbləği isə onun dərman vəsaitlərinə sərf olunur. Bu səbəbdən də, əmək haqqının ən azından ¼ hissəsi miqdarında müəyyən edilməklə onun ödəyə biləcəyi aliment ödənişi məbləğinin müəyyən olunmasını xahiş edir. Təxminən, 2019-2020-ci illərdə alimentin miqdarı artırılaraq 154 manatdan 160 manata artırılmış və işinə baxan mülki işin hakiminin adını xatırlamır. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına onun iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ № 528485 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 620 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X3r. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ № 390317 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 48 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Gülməmmədova” soyadı verilmişdir. -xx.xx.2023-cü il tarixli, SDM/İR-090 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən də, xx.xx.2022-ci il tarixdən indiyədək “X5” MMC-nin kimyəvi təhlil lobarantı vəzifəsində işləyir və işçinin aylıq gross əmək haqqı 930 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 32 saylı evin, 37 saylı mənzilində, Cavabdeh isə Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, 7E saylı evdə qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, müəyyən olunmuşdur ki, hazırda, cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçının himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunvericilik uşaqların əvvəlki təminat səviyyəsindən az olmamaqla minimum yaşayış həddinə uyğun onların saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılmasını istisna etməsə də, həmçinin, hazırki iddia tələbi azyaşlının saxlanılması üçün alimentin miqdarının artırılmasına dair əsaslı olsa da məhkəmə İddiaçı iddia ərizəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlkin olaraq, məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı azyaşlının saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılmasını xahiş etsə də, məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment tələbinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsini təqdim etməmiş, sübutetmə vəzifəsi daşıyan tərəf olaraq iddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Qanunvericiliyin tələbləri iddia tələbini sübuta yetirmək vəzifəsini birbaşa olaraq, iddiaçının öz üzərinə vəzifə kimi qoymuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdeh alimentin miqdarının artırılmasına dair məhkəmə qətnaməsinin mövcudluğunu inkar etməsə də, göstərilən hal belə iddia tələbinə mahiyyəti üzrə baxılmasına kifayət deyil, iş üzrə tam, hərtərəfli, obyektiv və qərəzsiz baxılmasına əsas deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsi”nə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Beləliklə də, məhkəmə qanunvericiliyin və Plenum Qərarlarının tələblərinə istinad edərək qeyd edir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilmədiyindən və uşağın saxlanılması üçün müəyyən olunmuş məhkəmə aktı iddia ərizəsinə əlavə edilmədiyindən iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar