Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2193/2024 20.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 18000 (on səkkiz min) manat pulun və dövlət rüsumu qismində ödənilmiş 144 (yüz qırx dörd) manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2 il əvvəl Abşeron rayon, Məmmədli kəndində yaşayan cavabdeh X7 adlı şəxsə 4000 manat pul verərək, 2 sot torpaq sahəsi almış və orada fərdi yaşayış evi inşa etmişdir. Sonra "xxxx" ASC-nin əməkdaşları gələrək evin su xəttinin üzərində tikildiyini bildirmiş və evi sökmüşdür. İddiaçı cavabdehə zəng vurub bu barədə məlumat verdikdə, cavabdeh iddiaçıya başqa yerdə ev təşkil edəcəyini bildirmişdir. Sonradan iddiaçı cavabdehdən həmin torpaq sahəsinə dair sənədləri tələb etdikdə, cavabdeh yaxın günlərdə sənədi verəcəyəni bildirmişdir. Daha sonra cavabdehin bacısı oğlu Elçin iddiaçıya zəng vuraraq, satılan torpaq sahəsinin 4 sot olduğunu bildirmiş və əlavə olaraq 4000 (dörd min) manat pul istəmişdir. Həmçinin, həmin mənzilə yol olmadığı üçün cavabdeh iddiaçıdan əlavə olaraq 1500 (min beş yüz) manat məbləğində pul istəmişdir. İddiaçı isə torpaq sənədi üçün cavabdehə 4000 (dörd min) manat pul vermiş, həmçinin sözügedən mənzil üçün 14000 (on dörd min) manat pul xərcləmişdir. İddiaçının tələbi o idi ki, ya cavabdeh iddiaçıya həmin torpaq sahəsinə dair sənəd verməli idi, ya da iddiaçının xərclədiyi 18000 (on səkkiz min) manat pulu geri qaytarmalı idi. Sonradan məlum olmuşdur ki, Əliyarın iddiaçıya verdiyi ev başqasının evidir, iddiaçını isə aldadaraq bildirmişdir ki, guya evi özü inşa etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh iddiaçının torpağa və evin tikintisi üçün xərclədiyi 18000 (on səkkiz min) manat pulunu qaytarmamışdır. Odur ki, həmin pulun məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir. Faktla bağlı xx.xx.2023-cü ildə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Elnur Bəkirov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçının etdiyi şikayət nəticəsində həmin qərar ləğv edilmiş və təkrar araşdırmaya göndərilmişdir. Təkrarən xx.xx.2023-cü ildə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Musayev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 izahatında iddiaçı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 ifadəsində bildirdi ki, o, 2013-cü ildən Məmmədli kəndində yaşayır və İddiaçı ilə qonşudur. İddiaçının maddi imkanı zəifdir və çox çətinliklə evi tikmişdir. Daha sonra Əliyev X1 başqa bir yerdə ev tikmiş, lakin 1 həftə orada yaşadıqdan sonra ev sökülmüşdür. Beləliklə də, Cavabdeh İddiaçı yalan vədlər vermiş, bununla da iddiaçının evi sökülmüş, həmçinin iddiaçının pulu cavabdeh tərəfindən geri qaytarılmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahidi dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron RPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, 2 il bundan qabaq X2 kəndində 2 sot torpaq sahəsini 4000 manata satmış və Mehparə həmin pulun 2000 manatını 7 ay ərzində hissə-hissə ona versə də, yerdə qalan 2000 manatı bu günə kimi verməmişdir. Həmin mənzilin altından su xətti keçdiyi üçün mənzil Azərsu ASC-nin əməkdaşları tərəfindən sökülsə də, Mehparə Quliyevaya başqa ərazidə torpaq sahəsi verərək, 25000 manat dəyərində ev inşa edərək ona vermişdir. O, Mehparə Quliyevaya tikib verdiyi mənzilə sənəd alacağına söz vermişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı ünvan 1 ünvanında, Cavabdeh isə ünvan 2 Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı iddiasına görə 2 il əvvəl Abşeron rayon, Məmmədli kəndində yaşayan cavabdeh X7 adlı şəxsə 4000 manat pul verərək, 2 sot torpaq sahəsi almış və orada fərdi yaşayış evi inşa etmişdir. Sonra "xxxx" ASC-nin əməkdaşları gələrək evin su xəttinin üzərində tikildiyini bildirmiş və evi sökmüşlər. Bundan sonra cavabdeh, iddiaçı ilə razılaşaraq başqa yerdə ev verilməklə əlavə olaraq cavabdehin bacısı oğlu Elçin vasitəsilə ona satılan torpaq sahəsinin 4 sot olduğunu bildirmiş və əlavə olaraq 4000 (dörd min) manat və həmçinin, həmin mənzilə yol olmadığı üçün 1500 (min beş yüz) manat məbləğində pul istəmişdir. İddiaçı isə torpaq sənədi üçün cavabdehə 4000 (dörd min) manat pul vermiş, həmçinin sözügedən mənzil üçün 14000 (on dörd min) manat pul xərcləmişdir. İddiaçı sonradan həmin evin başqasının evi olduğunu bilmiş və torpaq və evin tikintisinə xərclədiyi ümumilikdə 18000 (on səkkiz min) manat pulunu cavabdehdən alınaraq ona verilməsi barədə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaçının torpaq və evin tikintisinə 18000 manat xərclədiyini təkzib etmiş, iddiaçıya Məmmədli kəndində 2 sot torpaq sahəsini 4000 manata satdığını və iddiaçının həmin pulun 2000 manatın ona versə də, yerdə qalan 2000 manatı bu günə kimi vermədiyini bildirmişdir. Bu hal Abşeron RPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsi və evin tikintisinə görə cavabdehə ümumilikdə 18000 manat məbləğində pul xərclədiyini bildirsə də, bu halı təsdiq edəcək sübutları, məhkəməyə təqdim edə bllməmişdir. Yalnız şahid ifadəsi və həmçinin Abşeron RPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı məhkəməyə təqdim edilmişdir. Belə ki, şahid ifadəsindən görünür ki, şahid ona məlum olan halların birbaşa iştirakçısı olmamış, eşitdiklərini öz mülahizələrinə uyğun məhkəməyə bildirmiş, eyni zamanda cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda isə cavabdeh izahatında mübahisəli torpaq sahəsi üçün iddiaçı ona 40000 manat pul verəcəyini, həmin məbləğdən 2000 manat hissə-hissə verildiyini və qalan 2000 manat pulun verilmədiyini göstərmişdir. Göründüyü kimi cavabdeh iddiaçı tərəfindən ona yalnız 2000 manat pul məbləği verildiyini etiraf etmişdir. Məhkəmə Məhkəmə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbinin 2000 manat hissəsi əsaslı hesab edilərək təmin edilməli, tələbin qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 16 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2000 manat və ödənilmiş dövlət rüsumuna görə 16 manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 2016 (iki min on altı) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2193/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2193/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver