Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2208/2024 03.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 1500 manat (min beş yüz) manat maddi ziyan və ödədiyi 35 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Melisa” marketə daxil olub bir neçə ərzaq alıb yolun hərəkət hissəsi ilə üzü Şövkət Ələkbərova küçəsi istiqamətinə keçib sonradan marketdə unutduğu torbanı götürmək üçün həmin marketə qayıdan zaman üzü X3 Kompleksi istiqamətində hərəkət edən “Nissan-Sunny” markalı 01-BJ-l 81 dövlət qeydiyyat nişanlı avtomobil onu qabaq hissəsi ilə sağ tərəfdən vuraraq yerə yıxmışdır. Hadisədən sonra sürücü küçədə olan şəxslərin köməkliyi ilə onu maşına mindirib Sumqayıt şəhərinə, daha sonra Respublika Klinik Xəstəxanasına çatdırmışlar. Sürücü Vüsal tələbə olduğunu, onun barəsində şikayət edərəmsə gələcəkdə problemlər yaşayacağını ona bildirmiş ona müalicəsilə bağlı hər cür yardım edəcəyinə söz verərək , şikayət etməməyini ondan xahiş etmişdir. O, da onun cavan və tələbə olmağını nəzərə alıb və ona verdiyi vədə inanaraq ondan həmən günü xəstəxanada həkimlərə yıxıldığını bildirmişdir. Ümumilikdə ona müalicəsi üçün 450 manat məbləğində Vüsal pul vermiş və müalicələrini davam etdirmək üçün əlavə pul verəcəyinə söz vermişdir. Bir neçə gün keçdikdən sonra o, Vüsalla əlaqə saxlasa da o, onun telefon zənglərinə cavab verməmiş onu blok etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə qızı bu hadisə ilə bağlı 102 xidmətinə xəbər vermişdir. Şikayətdən sonra Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində yol nəqliyyat hadisəsi zamanı xəsarət almağı faktına dair toplanmış HK- 1/13464 sayla qeydə alınmış təhqiqat işi başlanılmışdır. Abşeron rayon Polis İdarəsinin Təhqiqatçısı polis mayoru X2 xx.xx.2024-cü il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. O, yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarət nəticəsində neçə ayrdır ki, işləyə bilmir. Günə muzd aşpaz işləyən bir qadındır. Özü 4 övladılə birlikdə kirayədə yaşayır. Başqa bir yerdən əlavə gəliri yoxdur. Aldığı xəsarət nəticəsində həkimə və reseptlərə 2000 manatdan yuxarı pul xərcləmişdir. İşləmədiyinə görə gündəlik 30 manat qazandığı əmək haqqını itirmişdir. Cavabdeh ona maddi ziyan vurmuşdur. Həkimə reseptlərə xərclədiyi pullarla bağlı sübutları proses vaxtı məhkəməyə təqdim edəcəkdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, hadisədən sonra 750 manat sığortadan, 420 manat isə cavabdehdən pul almışdır. Lakin həmin pullar onun müalicəsinə yetmədiyi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, törətdiyi əmələ inzibati qaydada məsuliyyətə cəlb olunmuş və iddiaçıya sığorta pul vermişdir. O özü də iddiaçıya 700 manata yaxın pul vermiş, əlavə olaraq insanlıq naminə kömək də etmişdir. İddiaçı ondan əlavə olaraq pullar istəmiş o da bunu qəbul etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nın 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Abşeron RPİ-nın DYPŞ-si Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçı Cavabdeh ona 1500 manat maddi ziyan vurduğunu iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Tələbin əsasını yol nəqliyyatı hadisəsi təşkil edir ki, bu da Cavabdeh onun qarşısında öhdəlik daşımasına əsas hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 1500 manat pulun ödənilməsi barədə hazırki tələbi təmin edilə bilməz. Belə ki, “Tibbi sığorta haqqında” 28 oktyar 1999-cu il tarixli Azərbaycan Respublikası qanununun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Həmin qanunun 15-4.1.2-ci maddəsinə əsasən bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək sığortaolunanın hüququdur. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 14.1.1-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması hesab edilir. İddiaçı iddia ərizəsində həkimə və reseptlərə 2000 manat xərc çəkdiyini bildirsə də, bu tələbi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişidir. Eyni zamanda yuxarıda sadalanan qanunvericilikdən aydın olur ki, bütün vətəndaşlar dövlət təminatı ilə icbari qaydada tibbi sığorta olunur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş materiallarında İddiaçı maddi ziyan dəyməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-2208/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2208/2024
03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver