Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2220/2023 18.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2336/2020 saylı qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi və alimentin tutulmasının iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2005-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən rəsmi nikah qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdehlə olan rəsmi nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 2336/2020 saylı qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X7 onun himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Hər il övladlarının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği isə övladlarının tələbatlarını ödəmir. Gündəlik məişət, təhsil, həkim xərclərinin ödənilməsi üçün onun maddi imkanı kifayət etmir. Bu səbəbdən alimentin miqdarının artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirdi. O qeyd etdi ki, təkrar nikaha girmişdir və bu nikahdan da uşağı vardır. Ayda 900 manat əmək haqqı alır. İndiyədək hər ay 300 manat alimenti vaxtında ödəmişdir. Banklara bəzi kredit borcları vardır. Başqa gəlir yeri isə yoxdur. Buna görə də hər ay hər uşağa 160 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 735641 və AZ-İİ 082621 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X7 adlı uşaqlar doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 2336/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X7 İddiaçı himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. İşdə olan AZ-İİ 447858 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2021-ci il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Ağalarova soyadı verilmişdir. İşdə olan AZ-İV 846604 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahından xx.xx.2023-cü il tarixdə Leyla adlı uşaqları olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu Cavabdeh anbar rəisi vəzifəsində işləyir və onun aylıq təminatı 926,87 manat təşkil edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Rauf və Mətləb adlı uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə Rauf və Mətləb adlı uşaqların mənafeyini, onların normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2336/2020 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay hər uşağa 150 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, alimentin artırılması barədə işlərdə qət edilən alimentin tutulmasının əvvəli iddia ərizəsinin verildiyi tarixdən deyil, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2336/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2220/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2220/2023
18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver