Məhkəmə qərarları › İş №2(012)-2232/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2232/2024

01.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2232/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)- 3013/2021 saylı qətnaməsinə əsasən, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş 175 manat olmaqla, 375 manat alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən 2037 saylı rəsmi nikah qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018ci il təvəllüdlü X6 dünyaya gəlmişlər. Cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan fikir ayrılıqları səbəbi ilə mübahisələr yaranmış, birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün olmamışdır. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3013/2021 saylı qətnaməsinə əsasən, rəsmi nikaha xitam verilmiş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 375 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Hər il övladlarının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladlarının tələbatlarını ödəmir. Övladları böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün onun maddi imkanı kifayət etmir. Heç bir yerdən əlavə gəliri, qazancı yoxdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3013/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, Cavabdeh və X7 arasında “Asan xidmət' mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış xx.xx.2015-ci il tarixli, 2037 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş 13 iyun 2016-cı il təvəllüdlü X8, 14 avqust 2017-ci il təvəllüdlü X9 və 05 sentyabr 2018-ci il təvəllüdlü X1 anaları X2 yanında saxlanılması, 13 iyun 2016-cı il təvəllüdlü X8, 14 avqust 2017-ci il təvəllüdlü X9 və 05 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X4 ödənilməsi, ilkin iddianın digər hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanılması qət edilmişdir. Mülki iş materiallarında olan AZ-T 090691, AZ-T seriyalı 090690 və AZ-İV 549579 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşaqlar doğulmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə Elaya, Emin və Emilya adlı uşaqların mənafeyini, normal inkişaf etmələrini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)- 3013/2021 saylı qətnaməsinə əsasən 13 may 2016-cı il təvəllüdlü X8, 14 avqust 2017-ci il təvəllüdlü X9 və 05 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunmuş hər ay cəmi 525 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3013/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 13 may 2016-cı il təvəllüdlü X8, 14 avqust 2017-ci il təvəllüdlü X9 və 05 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 705 manat sabit məbləğdə aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar