Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2235/2021 26.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Cavabdeh poçt ünvanı “ünvan 1 kimi qeyd edilərək, iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə ünvanlanmış olsa da, həmin ünvanın həqiqətən də cavabdehin rəsmi qeydə alındığı yer olması barədə iddia ərizəsinə heç bir sənəd əlavə edilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə görə iddia ərizəsində cavabdehin poçt ünvanı göstərilməlidir və “poçt ünvanı” dedikdə – məhkəmə sənədlərinin həmin ünvana göndərilməsi ilə sənədlərin cavabdehə rəsmi qaydada verilməsi mümkün olan ünvan nəzərdə tutulur. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi iddiaçı tərəfindən tərtib edildiyi üçün cavabdehin poçt ünvanını da iddiaçı göstərməlidir. Lakin iddiaçı istənilən ünvanı cavabdehin poçt ünvanı kimi ərizədə göstərə bilməz. Yəni cavabdehin poçt ünvanı iddiaçının mülahizələrinə əsasən müəyyən olunmur və iddia ərizəsində cavabdehin poçt ünvanı kimi göstərilən ünvanın cavabdehə hər hansı bir aidiyyətinin olduğunu təsdiq edən sənəd (arayış və s.) məhkəməyə təqdim olunmursa və eləcə də, cavabdehin poçt ünvanı dəqiq olmayan ünvan kimi göstərilirsə, həmin ünvan cavabdehin poçt ünvanı kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Beləliklə də, yuxarıda qeyd edilənlərdən görünür ki, iddia ərizəsində cavabdehin ünvanı mötəbər sübuta əsaslanmaqla göstərilmədikdə və cavabdehin ünvanı dəqiq müəyyən edilmədikdə çəkişmə prinsipinə əməl edilməsi üçün iddia ərizəsinin surətinin cavabdehə göndərilməsi və həmin iddia ərizəsinə etiraz və mülahizələrinin bildirilməsi üçün cavabdehə vaxt verilməsi - iddia ərizəsinə baxılıb həll edilməsi üçün qanunda nəzərdə tutulan müddət ərzində mümkün deyildir və bu nöqsan cavabdehin prosessual müddətlər çərçivəsində məlumatlandırılmasına və çəkişmə prinsipinin təmin edilməsinə təminat yaratmır. Ona görə də, məhkəmə araşdırılmasının çəkişmə prinsipinə əməl etməklə aparılması məqsədi ilə cavabdehin ünvanının iddiaçı tərəfindən iddia ərizəsində dəqiq göstərilməsi və həmin ünvanın cavabdehə aid olması barədə iddia ərizəsinə hər hansı bir sübut əlavə edilməsi xüsusi ilə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2235/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2235/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver