Məhkəmə qərarları › İş №2(012)-224/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-224/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-224/2022 18.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13 yanvar 2015-ci il tarixli, 1-SME-4-0-23-15 saylı əlavə kredit müqaviləsi üzrə 28785,55 ABŞ dolları əsas borc, 35273,04 ABŞ dolları faiz borcu, 16053,62 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 13 oktyabr 2018-ci il tarixdən 25 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4071,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 84184,16 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 07 noyabr 2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən 44500 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. 13 yanvar 2015-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 21 faizlə 24 ay müddətinə 44500 USD kredit götürmüşdür. 23.05.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq müddəti 13.10.2018-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Həmçinin o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 9/7708 №-li ekspert rəyi ilə razı deyildir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o, biznes fəaliyyəti üçün 44000 ABŞ dolları kredit götürmək üçün bankla müqavilə bağlamış, lakin bank ona manatla kredit vermişdir. O, bugünədək banka 18000 ABŞ dolları pul ödəmişdir. Odur ki, o, hissəhissə ödəniş edə bilər, lakin faiz borcunun silinməsini xahiş edir. İş materiallarında olan 07 noyabr 2013-cü il tarixli, 1-G-2-0-665-13 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə borcalan Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən 44500 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 13 yanvar 2015-ci il tarixli, 1-SME-4-0-23-15 saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC-dən illik 21 faizlə 24 ay müddətinə 44500 ABŞ dolları kredit götürmüşdür. 23.05.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq müddəti 13.10.2018ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 09.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 13 yanvar 2015ci il tarixli, 1-SME-4-0-23-15 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh 28785,55 ABŞ dolları əsas borc, 35273,04 ABŞ dolları faiz borcu, 16053,62 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 13 oktyabr 2018-ci il tarixdən 25 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4071,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda kredit borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 9/7708 №-li ekspert rəyindən görünür ki, Cavabdeh 13 yanvar 2015-ci il tarixli, 1-SME-4-0-23-15 saylı əlavə kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 25.05.2021-ci il tarixə əsas borc üzrə 25496,91 ABŞ dolları, faiz borcu üzrə 23489,34 ABŞ dolları, 09.09.2021-ci il tarixə əsas borc üzrə 24896,91 ABŞ dolları, faiz borcu üzrə 23855,34 ABŞ dolları təşkil edir. Məhkəmə iddiaçı bankın nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı bankın nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında 07 noyabr 2013-cü il tarixli, 1-G-2-0-665-13 saylı əsas kredit müqaviləsi və 13 yanvar 2015-ci il tarixli, 1-SME- 4-0-23-15 saylı əlavə kredit müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-3793/2021 saylı, 10.09.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 9/7708 saylı ekspert rəyindən məlum olur ki, Cavabdeh 13 yanvar 2015-ci il tarixli, 1-SME-4-0-23-15 saylı əlavə kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 25.05.2021-ci il tarixə əsas borc üzrə 25496,91 ABŞ dolları, faiz borcu üzrə 23489,34 ABŞ dolları, 09.09.2021-ci il tarixə əsas borc üzrə 24896,91 ABŞ dolları, faiz borcu üzrə 23855,34 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 13 yanvar 2015-ci il tarixli, 1-SME-4-0-23-15 saylı əlavə kredit müqaviləsi üzrə cavabdeh (borcalan) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə hesablanmış 16053,62 ABŞ dolları məbləğində dəbbə pulunun azaldılaraq 300 ABŞ dolları məbləğində saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə iddiaçının cavabdehdən 13 oktyabr 2018-ci il tarixdən 25 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4071,95 ABŞ dolları məbləğində borcun tələb etməsi ilə bağlı hesab edir ki, bu tələbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 9/7708 №-li ekspert rəyini nəzərə alaraq, iddia qismən təmin edilməli, Cavabdeh 24896,91 ABŞ dolları əsas, 23855,34 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu kredit müqaviləsi üzrə 13 oktyabr 2018-ci il tarixdən 25 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4071,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 53124,20 ABŞ dolları borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 22 noyabr 2021-ci il tarixli, 9/7708 saylı mühasibatlıq ekspertizasına görə 150 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 131 manat Cavabdeh, 19 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13 yanvar 2015-ci il tarixli, 1-SME-4-0-23-15 saylı əlavə kredit müqaviləsi üzrə 24896,91 ABŞ dolları əsas, 23855,34 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu kredit müqaviləsi üzrə 13 oktyabr 2018-ci il tarixdən 25 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4071,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 53124,20 ABŞ dolları borc və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 22 noyabr 2021-ci il tarixli, 9/7708 saylı mühasibatlıq ekspertizasına görə 150 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 131 manat Cavabdeh, 19 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar