Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2240/2021 01.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən xx xxxxxx 2008-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment məbləğinin artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən onunla Cavabdeh arasında qeydə alınmış nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh birgə nikahlarından xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X2 üçün ona heç bir maddi köməklik göstərməmişdir. Buna görə də, o, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)-2381/2019 saylı qətnaməsi ilə birgə nikahlarından anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat miqdarında aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda qızı Fərqanənin 12 yaşı vardır və qətnamədə qeyd olunmuş aliment miqdarı uşağın heç bir tələbatının ödənilməsinə çatmır. Qızı orta məktəbdə təhsil alır və məsrəfləri yetəri qədər artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilmişdir. Cavabdeh ümumiyyətlə övladı ilə maraqlanmamış, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəməmişdir. Qızının bütün ehtiyacını tamamilə özü qarşılayır, təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, maddi tələbatlarını ödəmək bir qadın kimi ona çox çətindir. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını, eləcə də, cavabdehin kifayət qədər yüksək təqaüd almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 manata çatdırılmalıdır. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən xx xxxxxx 2008-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment məbləğinin artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, o, İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş olsa da, sonradan onların arasında olan rəsmi nikah pozulmuşdur. İddiaçı ilə onun ailə münasibətləri pozulduqdan sonra birgə nikahlarından olan xx xxxxxx 2008-ci il təvəllüdlü X4 iddiaçının yanında qalmış və o, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)-2381/2019 saylı qətnaməsinə əsasən uşağın saxlanılması üçün hər ay uşağa görə 160 manat məbləğində tutulan alimenti vaxtlı-vaxtında ödəyir. Lakin iddiaçı tərəfindən tələb olunan hər ay 200 manat miqdarında alimenti ödəməyə maddi imkanı yoxdur və buna görə də o, hazırki iddia ərizəsi ilə iddiaçının tələb etdiyi hər ay 200 manat məbləğində alimenti ödəmək iqtidarında deyil. Bununla belə o, uşağın böyüməsi ilə əlaqədar xərclərinin artmasını qəbul edir və həmin uşağın saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq 175 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. Buna görə də o, iddiaçının tələbi üzrə xx xxxxxx 2008-ci il təvəllüdlü X2 üçün tutulan 160 manat həddində aliment məbləğinin artırılaraq, ondan hər ay sabit pul məbləğində cəmi 175 manat aliment tutulmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 140944 №-li Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah ləğv edilmiş və bu barədə Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən “Nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında” xx xxx 2012-ci ildə 80 №-si ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra qadına “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı 11439844 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 2008-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X7r. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)-2381/2019 saylı qətnaməsi ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-9861/2016 saylı, 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 117 manat alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment tutulmuşdur. İş materiallarında olan Cavabdeh xx xxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, o, “aliment miqdarının dəyişdirilməsi” barədə iddia tələbini qismən qəbul edir və o, hər ay uşağa görə 175 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılmaları üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılmaları üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmaları əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair xx xxxx 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşaqların valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, xx xxxxxx 2008-ci il təvəllüdlü X1 üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulmasına dair Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)-2381/2019 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, eləcə də saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilə bilər. Lakin məhkəmə Cavabdeh hər ay uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə aliment tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı tərəf cavabdehdən uşağa görə “hər ay 200 manat sabit pul məbləğində” aliment tələb etdiyini bildirsə də, məhkəmə iclasında həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş, həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, Cavabdeh məhkəmə iclasında hazırki iddia tələbi üzrə hər ay uşağa görə 175 manat məbləğində aliment ödəmək iqtidarında olduğunu bildirmiş və bu barədə xx xxxxx 2021-ci il tarixli yazılı ərizəsini, yəni iddia tələbini qismən etiraf etməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda qeyd olunanlara əsasən cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, iddiaçının izahatı, cavabdehin iddia tələbi üzrə məhkəməyə təqdim etmiş olduğu yazılı ərizəsi (iddianı qismən etirafı), uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması və uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh etiraf etdiyi məbləğdə, yəni hər ay 175 manat miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki xx xxxxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat miqdarında aliment tutulmasına dair Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)-2381/2019 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin hazırki iş üzrə alimentin miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)- 2381/2019 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)-2381/2019 saylı qətnaməsi ilə sabit pul məbləğində 160 manat miqdarında müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq İddiaçı xeyrinə xx xxxxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)-2381/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2240/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2240/2021
01.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver