Məhkəmə qərarları › İş №2(012)-2245/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2245/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2245/2025 07.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 127,4 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xeyli müddət tanıdığı Cavabdeh xx.xx.2024cü il tarixdə ondan 12000 manat borc alaraq xx.xx.2024-cü il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür və şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd etməklə bu barədə qəbz yazmışdır. Cavabdeh bu barədə qəbz verməsinə baxmayaraq borcunu ödəmir. O, dəfələrlə borcunu ödəməyi təklif etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina edir. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir və iddia təmin olunmalıdır. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında qeyd etdi ki, qəbzdəki imza ona məxsusdur. O, iddiaçıdan cəmi 4100 manat borc götürmüş, bundan 400 manatı qaytarmışdır. Hazırda 3700 manat borcu qalıb və onu da hissə-hissə qaytaracaqdır. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 12000 manat pul almışdır və borcunu xx.xx.2024-cü ildə geri qaytaracaqdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, cavabdeh iddiaçıdan 25 günə qaytarmaq şərtilə xx.xx.2024-cü il tarixdə 12000 manat borc almış, lakin bu borcu qaytarmamışdır. Cavabdeh borcunu qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu tam icra etməmişdir. İddianın əsaslı olması iş materialları və cavabdehin imzaladığı xx.xx.2024-cü il tarixli qəbzlə tamamilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasındakı münasibətlər borc münasibətləri olsa da, borcun verilməsinin qanunvericiliklə müəyyən edilmiş formasına, yəni yazılı müqaviləyə riayət edilməmiş, borc müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Bununla belə, borcun verilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasındakı əqd etibarsız əqd hesab edilməli, tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməklə borc verilmiş 12000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, qanunla nəzərdə tutulmuş müqavilə olmadan borc verilmiş məbləğlərlə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsi olmasa da, bu mübahisəyə Mülki Məcəllənin əsassız varlanma institutu (maddə 1092) tətbiq edilsə belə, iddianın əsaslı olması şübhə doğurmur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 12000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu və bank xidmət haqqı üçün ödənilmiş 127 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12000 manat və ödənilmiş dövlət rüsumu kimi 127 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar