Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2248/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın məbləği olan 4500 manat məblğində pulun və 65 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. “Nissan Juk” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir olunması ilə bağlı Xırdalan şəhərində fəaliyyət göstərən təmir, yağ dəyişmə və s. işlər ilə məşğul olan Cavabdeh müraciət etmişdir. Lakin avtomobilin təmir olunması əvəzinə daha da ziyana düşmüşdür. Avtomobil Cavabdeh tərəfindən qanunsuz şəkildə idarə olunmuş və o, qəza törədərək, avtomobilin müxtəlif hissələri yararsız hala düşmüş, bununla da ona ümumilikdə 4500 manat məbləğində ziyan dəymişdir. Bununla bağlı mədaxil qəbzi tərtib olunmuşdur. Cavabdeh tərəfindən ona dəymiş maddi ziyan azmış kimi, üstəlik Cavabdeh və onun həmin təmir sexində çalışan digər qardaşları Sərxan tərəfindən təhdid olunur. Məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin şikayətin mülki xarakterli olmasını əsas gətirərək məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. “Nissan Juk” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh 10 gün ərzində təmir edəcəyini söz versə də, o, buna əməl etməmişdir. bundan əlavə o, avtomobili qanunsuz idarə edərək, avtoqəza törətmiş və maşını daha da yararsız hala salmışdır. Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı 1000 manat hissədə qəbul etdi. O bildirdi ki, İddiaçı avtomobilini 500 manata təmir etmək istəyərkən maşının pis vəziyyətdə olduğunu görmüş və bu qüsurlar barədə iddiaçıya məlumat vermişdir. Bundan sonra onlar arasında mübahisə baş vermiş və iddiaçı maşının məhz onun tərəfindən bərbad hala salındığını demişdir. Bu zaman o, aldığı pulu sifarişçiyə geri qaytarmışdır. Məsələ barədə onu polis orqanlarına da dəvət etmişlər və o, izahatlar vermişdir. O, iddiaçıya heç bir zərər vurmamışdır, lakin problemin həlli üçün ona 1000 manat ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli qaimə fakturanın surətindən görünür ki, Ağakərim Ələskərov adlı şəxsə avtomobil hissələrinə görə cəmi 785 manat pul ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Sakit Qasımov adlı şəxsə avtomobil təmirinə görə cəmi 2400 manat pul ödənilmişdir. İşdə olan Nərimanov RPİ DYP Şöbəsinin İddiaçı verdiyi arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Juk” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön hissəsi zədələnmişdir. İşdə olan Cavabdeh Abşeron RPİ-də aparılan araşdırma zamanı verdii izahatdan görünür ki, o, maşının təmiri üçün Elnazədən 500 manat almış, lakin maşında əlavə problemlər olduğu üçün onu və pulu Elnazəyə qaytarmış, əlavə 700 manat pul da vermişdir ki, məsələ qurtarsın. İşdə olan Abşeron rayon Polis İdarəsinin İddiaçı göndərdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, onun Abşeron rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminə etdiyi müraciət əsasında Abşeron rayon Polis İdarəsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı X1 ilə izahedici və profilaktik söhbətlər aparılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 510-cıı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək onun inzibati qaydada cərimə olunması barədə qərar qəbul edilmişdir. Ona maddi ziyanın dəyməsi ilə bağlı müraciətdə göstərilən məsələnin məhkəmə səlahiyyətində olduğu müəyyən edilmişdir. Yaranmış mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qayada məhkəmə vasitəsi ilə həll edilir. Daxili İşlər Nazirliyində “Vətəndaş müraciətlərinə baxılması qaydası" haqqında qərara əsasən, müraciət X2 səlahiyyətlərinə aid olmadığı zaman və eləcə də müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda bütün fiziki və hüquqi şəxslərə, qanunla qorunan hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etməsi tövsiyə olunur. Odur ki, fiziki və hüquqi şəxslərin qanunla qorunan hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnun olduğunu nəzərə alaraq məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında iddiaçıya məxsus avtomobilin təmir edilməsi barədə podrat münasibətləri olmuşdur. İddiaçı iddia edir ki, avtomobili cavabdeh lazımi qaydada təmir edə bilməmiş, avtomobilini icazə verilmədən idarə etmiş, avtomobili başqa ustada təmir edərkən ona ümumilikdə 4500 manat zərər dəymişdir və bu məbləğ cavabdehdən tutulub ona verilməlidir. İş materiallarında iddiaçının dəlillərinə uyğun yazılı sübutlar mövcud deyildir. Bununla belə, məhkəmə iclasında cavabdeh iddiaçıya cəmi 1000 manat pul verə biləcəyini bildirmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tərəflərin izahatlarını, cavabdehin iddianı qismən etirafını və işin konkret hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh aralarındakı razılığa əsasən İddiaçı 1000 manat məbləğində pul almış, lakin avtomobilin təmirini uğurla başa çatdırmamış, bununla da öhdəliyini yerinə yetirməmişdir. İş materiallarında tərəflər arasındakı münasibətlərin dəyərinə dair yazılı sübutlar olmadığından məhkəmə tələb edilən vəsaitdən yalnız 1000 manat tutulmasını məqbul hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi sübuta yetdiyi və təsdiq olunduğu üçün təmin edilməlidir. Qalan hissədə isə iddianın əsası kimi istinad edilən hallar sübut edilə bilinmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1000 manat pul və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2248/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2248/2025
13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver