Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2258/2022 25.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 03 noyabr 2011-ci il təvəllüdlü Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən onun xeyrinə tutulan 154 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində alimentin, habelə mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun Cavabdeh öz xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 03 noyabr 2011-ci il təvəllüdlü X2 anadan olmuşdur. Zəngilan Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(034)-78/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah ləğv edilmiş, birgə nikahdan anadan olmuş 03 noyabr 2011-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmış və bu uşağın saxlanılması hər ay onun xeyrinə 154 manat məbləğində aliment tutulmuşdur. Həmin qərarla tutulan alimentin məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, özü çəkir. Uşağın həm təlim-tərbiyəsi ilə məşğul olmaq, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Zəngilan Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(034)-78/2018 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan anadan olmuş 03 noyabr 2011-ci il təvəllüdlü X1 İddiaçı himayəsində saxlanılması və həmin uşağın saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə 154 manat məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(034)-78/2018 saylı qətnaməsi ilə 03 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 154 manat sabit pul məbləğində aliment artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(034)-78/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 03 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2258/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2258/2022
25.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver