Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2275/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1245/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə nikahı Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-5378/2017 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 137 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-3473/2017 saylı qətnaməsinə əsasən, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Daha sonra, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1245/2019 saylı qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-5378/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə 160 manat müəyyən edilmişdir. Həmin qətnamə ilə tutulan aliment məbləği uşaqların minimum tələbatının ödənilməsinə yetmir. Qeyd olunan aliment məbləği 4 il bundan əvvəl uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaqlar böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, iddiaçı çəkir. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çox çətindir. Buna görə də iddiaçı alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hesab edir ki, hər uşağın saxlanılması üçün müəyyən edilməsi xahiş olunan 250 manat aliment ödənişi belə kifayət deyildir, lakin qalan məbləği iddiaçı öz vəsaiti hesabına təmin edə bilər. Belə ki, uşaqların birinin 10 yaşı və digərinin isə 11 yaşı vardır. 220 manat bir uşağın yeməyi və geyimidir, uşağın gəzintisi, təhsil, kurs xərclərinə belə kifayət deyildir. Hər bir valideyn də uşaqların saxlanılmasında maddi cəhətdən mütləq şəkildə iştirak etməlidir. İddiaçı 250 manat alimentin tutulmasını xahiş edir. İddiaçı səhv etmirsə, işləyir, lakin işlədiyi yeri bilmir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun 790 manat aliment borcu vardır. Bir ata kimi o, uşaqlarının gələcəyini fikirləşməlidir. O, uşaqlarını idmana, gəzməyə aparır, geyimlərini alır və lazımi miqdarda kömək edir. O, hazırda, işsizdir və maddi çətinlikləri də vardır. İddiaçı uşaqlara baxa bilmirsə, o, özü də baxa bilər. Bugünki gündə o, 320 manatı belə çətinliklə ödəyir. Belə ki, uşaq onun yanına gələrək ondan istəklərini xahiş edir. Bütün məbləği ödəyə bilməsə də 250-270 manat ödəniş edir. İddiaçı işləyir və 1200 manat əmək haqqı alır, lakin rəsmi və ya qeyri-rəsmi işləməsi barədə isə məlumatı yoxdur. O, yenidən nikaha daxil olmuş və həmin nikahdan da bir azyaşlı uşağı vardır. Ona görə də göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ № 941467 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 813 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ № 941468 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 89 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-4175/2017 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2017-ci il tarixdən hesablanması və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-5378/2017 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikah pozulmuş, iş üzrə ödənilmiş 21 manat dövlət rüsumu əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-3473/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-4175/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1245/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-4175/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 160 manat olmaqla, ümumilikdə, 320 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, dalan 4, 2 saylı evdə, Cavabdeh isə Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 4, 5 saylı evdə qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1245/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1245/2019 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini, eyni zamanda, iddiaçının cavabdehin gəlirləri barədə sübutunu məhkəməyə təqdim etməməsini nəzərə alaraq müəyyən edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1245/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiq hesab edilir, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 № Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni, (180-160=20 manat, 20 manat x 2 (uşaq)=40 manat, 40 manat x 12 ay = 480 manat) ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1245/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov