Məhkəmə qərarları › İş №2(012)-2276/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2276/2024

28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2276/2024 28.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2019-cu il təvəllüdlü X2 qəyyumu o, olsa da, ona atası baxdığı üçün onun alimentini tələb etmir, digər övladları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən 334 saylı rəsmi nikah qeydə alınmışdır. Birgə nikahdan övladları xx.xx.2019-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan fikir ayrılıqları səbəbi ilə aralarında mübahisələr yaranmış, birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün olmamışdır. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2023 saylı qətnaməsinə əsasən, rəsmi nikaha xitam verilmiş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X7, xx.xx.2021 -ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi, xx.xx.2019-ci il təvəllüdlü X6 isə atasından alanaraq onun himayəmə verildiyi tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment, habelə 20 mart 2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 3 (üç) yaşı tamam olana kimi hər ay, hər bir uşaq üçün 30 (otuz) manat, cəmi 60 (altmış) manat sabit pul məbləğində alimentin ona verilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Hər il övladlarının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladlarının tələbatlarını ödəmir. Övladları böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanım kifayət etmir. Heç bir yerdən əlavə gəliri və qazancı yoxdur. Bu səbəbdən də. “alimentin miqdarının artırılması’' tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Daha sonra İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2 may 2019-cu il təvəllüdlü X6, 02 mart 2020-ci il təvəllüdlü X7, 28 mart 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 705 (yeedi yüz beş manat) manat cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, uşaqlar artıq böyüyüb və onların tələbatı artıb. O isə həmin tələbatları ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, onun aylıq gəliri 815 manat təşkil edir. Onun bundan əlavə gəlir yeri yoxdur. Qətnamə üzrə tutulmuş, əmək haqqının ½ hissəsində aliment tutulması ilə razıdır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 284907 saylı, AZ-İV 437010 saylı və AZ-İV 598063 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqlar doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş. Cavabdeh və İddiaçı arasında Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən bağlanmış 11 may 2018-ci il tarixli, 334 nömrə ilə qeyd edilmiş nikah qeydi ləğv edilməsi, tərəflərin birgə nikahından anadan olmuş 02 may 2019-cu il təvəllüdlü X6 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi, 20 mart 2020-ci il təvəllüdlü X7, 28 mart 2021ci il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanılması, 20 mart 2020-ci il təvəllüdlü X3 və 28 mart 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 23 noyabr 2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi, 02 may 2019-cu il təvəllüdlü X6 isə atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verildiyi tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment, habelə 20 mart 2020-ci il təvəllüdlü X3 və 28 mart 2021-ci il təvəllüdlü X4 3 (üç) yaşı tamam olana kimi hər ay, hər bir uşaq üçün 30 (otuz) manat, cəmi 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarxili, 89 saylı arayışdan görünür ki, polis kapitanı Cavabdeh 2024-cü ilin mart ayına hesablanmış əmək haqqı (vergilər tutulduqdan sonra) 815 manat təşkil etmişdir. Ailə Məcəlləsinin; - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. -78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. -78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. -112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-175/2023 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 200 manat, cəmi 600 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-175/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar