Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2283/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2605/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 04 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 235 manat sabit pul məbləğində alimentin və 60 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi surətdə nikah müqaviləsi bağlayaraq ər-arvad kimi birgə yaşamışdırlar. Onların birgə nikah dövründə iki övladları - 22 yanvar 2006-cı il təvəllüdlü X7 və 04 fevral 2011-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Aralarında olan narazılığa görə Abşeron Rayon Məhkəməsinin 2(012)-525/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahı pozulmuşdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2605/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi iki uşağa görə 400 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin onun oğlu X7 yetkinlik yaşına çatdığı üçün aliment dayandırılmışdır. O, hazırda heç bir yerdə işləmir və heç bir yerdən maddi gəliri yoxdur. Hər şeyin baha olduğu indiki zamanda uşağın 200 manat pulla saxlanması onun üçün çox çətindir. Bu səbəbdən o, "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında İddiaçı ilə birgə nikahdan olan yetkinlik yaşına çatmayan 04 fevral 2011-ci il təvəllüdlü X5 ilə bərabər yetkinlik yaşına çatmış digər övladı 22 yanvar 2006-cı il təvəllüdlü X6 da saxlanılması üçün ondan aliment tutulduğunu və birgə nikahdan olan övladı 04 fevral 2011-ci il təvəllüdlü X1 üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2605/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 612543 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 04 fevral 2011-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X4r. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 287878 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 37 № ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2605/2023 saylı, 14 iyun 2023cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2130/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 22 yanvar 2006-cı il təvəllüdlü X7 və 04 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün uşaqların yaşayış minimumu nəzərə alınmaqla 04 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Bundan əlavə iddia tələbinin 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2605/2023 saylı, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 04 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi, 60 manat mediasiya xərcinin tutulması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2283/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2283/2024
01.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver