Məhkəmə qərarları › İş №2(012)-230/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-230/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-230/2022 02.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 2033,26 ABŞ dolları faiz borcunun və 30 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədləri üçün 84 ay müddətinə illik 20 % ödəmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" KB ASC müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh götürdüyü kredit məbləğini müəyyən edilmiş müddət ərzində faizi ilə birlikdə qaytarmaq barədə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2021-ci il tarixinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2033,26 ABŞ dolları faiz borcu yaranmışdır. Buna görə də iddia təmin edilməlidir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, müqavilə üzrə bütün borcunu ödədiyindən onun banka borcu qalmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işin materiallarından olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-dən 84 ay müddətinə illik 20 %-lə 6400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Müqaviləyə 1 saylı əlavədən görünür ki, borclu hər ayın 24-də əsas və faiz borcu ilə birlikdə banka 185 ABŞ dolları qaytarmalıdır (əsas borc 6400, faiz borcu 4616,65 ABŞ dollarıdır). İş materiallarında olan xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, Cavabdeh və "xxxx" KB ASC razılaşmışlar ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun ödənilməsinə yönəldilsin, faizlər isə müddətin qurtardığı vaxt alınsın. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılır. 2 saylı əlavə ilə öhdəlik götürülür ki, hər ayın 24-də, xx.xx.2020-ci ilədək borclu banka 122 ABŞ dolları əsas borcu (ümumi əsas borc 2393,23 ABŞ dolları) ödəyəcəkdir. Mülki işin materiallarında olan 25 may 2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh məlum kredit müqaviləsi üzrə həmin tarixə 2033,26 ABŞ dolları faiz borcu vardır. İşdə olan 06 aprel 2021-ci il tarixli bildirişdən görünür ki, bank müqavilə üzrə yaranmış borc və bu öhdəliyin icra edilməsi barədə Cavabdeh xəbərdar etmişdir. İşdə olan Azərbaycan Kredit Bürosundan xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 2033,26 ABŞ dolları faiz borcu vardır. Müqavilə üzrə sonuncu ödəmə xx.xx.2021-ci il tarixdə olmuşdur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2022-ci il tarixli 9/942 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 325nklNSH/15 №-li kredit müqaviləsi və Saziş şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2020-ci il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu cəmi 2577,16 ABŞ dolları - əsas borc üzrə - 142,61 ABŞ dolları, faiz borcu üzrə - 2434,55 ABŞ dolları məbləğində müəyyən olunur. İş materiallarından göründüyü kimi, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 325nklNSH/15 №-li kredit müqaviləsi və Saziş şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan faiz borcu 2308,50 ABŞ dolları məbləğində müəyyən olunur. Problemli kreditlərin kompensasiyası barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 325nklNSH/15 №-li kredit müqaviləsi üzrə 4824,35 manat kompensasiya almışdır. Restrukturizasiya məbləği sıfırdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış və Cavabdeh "xxxx" KB ASC-dən 84 ay müddətinə illik 20 %-lə 6400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Müqaviləyə görə borclu hər ayın 24-də əsas və faiz borcu ilə birlikdə banka 185 ABŞ dolları qaytarmalı idi (əsas borc üzrə 6400, faiz borcu üzrə 4616,65). Bundan sonra tərəflər xx.xx.2016-cı il tarixli saziş bağlamışlar. Bu sazişin şərtlərinə görə Cavabdeh və "xxxx" KB ASC razılaşmışlar ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun ödənilməsinə yönəldilir, faizlər isə müddətin qurtardığı vaxt alınacaqdır. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Sazişlə borclu bank qarşısında öhdəlik götürür ki, hər ayın 24-də, xx.xx.2020-ci ilədək banka 122 ABŞ dolları əsas borcu (ümumi əsas borc 2393,23 ABŞ dolları) ödəyəcəkdir. İşdən görünür ki, götürülmüş kredit üzrə borc dövlət tərəfindən kompensasiya edilmiş və Cavabdeh xx.xx.2015-ci il tarixli 325nklNSH/15 №-li kredit müqaviləsi üzrə 4824,35 manat kompensasiya almışdır. Lakin tərəflər arasındakı kredit münasibətləri üzrə onun öhdəlikləri qalmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi və saziş bağlanmasına baxmayaraq, cavabdeh həmin müqavilə və sazişlə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən Cavabdeh ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 2033,26 ABŞ dolları məbləğində pul alınaraq iddiaçı "xxxx" KB ASC-yə qaytarılmalı, bununla da iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" KB ASC-nin xeyrinə, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 2033,26 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar