Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2303/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri olan 2277.40 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-715/2022 saylı hökmü ilə AR Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın icra olunduğu müddət ərzində Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrası barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx.xx.2023-cü il tarixdə nəzarət subyekti cavabdehə yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbağ, 1 ədəd enerji adapterı təhvil verilmişdir. Eyni zamanda ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdehdən götürülmüş “Attenti” markalı sadə qolbağının kompleksiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komplektə daxil olan TX700 qolbağı və kabura aşkarlanmamışdır. Bunları nəzərə alaraq bu cihazın komplekti təkrar istifadəyə yararsızdır. Cavabdeh məsuliyyətli olmadığından mobil nəzarət qurğusunu və ona məxsus bir ədəd enerji adapteri və kaburanı itirdiyi üçün maddi ziyan vurmuşdur. Avadanlığın dəyəri 2277.40 manat təşkil edir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, sözügedən cihazı təxminən 10-15 gün ayağında gəzdirmiş, Binəqədi Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə həbs olunmuş, həmin gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları tərəfindən cihaz işlək vəziyyətdə ikən ayağından kəlbətin və burğac ilə açılaraq çıxarılmış, adapter isə cavabdehin evində qalmışdır. 5-6 ay keçəndən sonra cavabdeh həbsdə olarkən onun ev telefonunu yığaraq əlaqə saxlanmışdır. Bundan əlavə qeyd etmişdir ki, barəsində 2-ci hökm 2023-cü il tarixdə çıxarılmışdır. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-715/2022 saylı hökmündən görünür ki, Cavabdeh AR CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, AR CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı 2 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 il, 11 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icra olunduğu müddət ərzində Cavabdeh üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, yaşadığı Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək vəzifəsinin qoyulması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Cavabdeh AR CMin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması, maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.409 qram narkotik vasitə heroinin məhv edilməsi, Cavabdeh üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 1 ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 110 manatın təqsirləndirilən şəxs Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X1, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFTBİK CTREAAZ22) köçürülməsi, təqsirləndirilən şəxs Cavabdeh göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı - 210 manat ödənilməsi hökm edilmişdir. -Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Cavabdeh “Attenti” markalı, 35639853 nömrəli komplekt tətbiq olunmuşdur. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-251/2023 saylı hökmündən görünür ki, Cavabdeh AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, AR CM-in 69.3cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 il, 2 ay, 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, AR CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-715/2022 nömrəli hökmü ilə Cavabdeh təyin edilmiş 2 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 il, 5 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 2 il müddətinə azalıqdan məhrumetmə cəzasının təyin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)- 715/2022 nömrəli hökmü ilə Cavabdeh təyin edilmiş 2 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 17 gün hissəsi CM-in 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 ay 4 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq ona təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 1 il, 10 ay, 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalında həbs edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh AR CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması, maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 0.582 qram psixotrop maddə metamfetaminin məhv edilməsi, 1 ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 92 manatın təqsirləndirilən şəxs Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülməsi, təqsirləndirilən şəxs Cavabdeh göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı - 180 manat ödənilməsi hökm edilmişdir. -Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2025-ci il tarixli, ED 000650 saylı mütəxəssis rəyindən görünür ki, 35639853 seriya nömrəli “Attenti” V6 mobil qurğusuna keçirilmiş texniki baxış zamanı Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq idarəsindən emal üçün götürülmüş Attenti sadə qolbağının komplektasiyasının pozulduğu, komplektə daxil olan TX700 qolbağı və kaburanın aşkarlanmadığını, cihazın komplektinin təkrar istifadəyə tam yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-24048/2025 saylı cavab məktubundan görünür ki, məhkum Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasına daxil olarkən ona aid olan heç bir əşya mühasibatlıq şöbəsinə daxil olmamışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-715/2022 saylı hökmü ilə cavabdeh AR CM-in 234.1-ci və 69.3-cü maddələri ilə təqsirli bilinərək 2 il, 11 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. xx.xx.2023-cü il tarixli protokola əsasən cavabdehə “Attenti” markalı, 35639853 nömrəli komplekt tətbiq olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-251/2023 saylı hökmü ilə cavabdeh AR CM-in 234.1-ci və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il, 10 ay, 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal məhkəmə iclas zalında həbs edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasına daxil olarkən ona aid olan heç bir əşya mühasibatlıq şöbəsinə daxil olmamışdır. Mülki Məcəllənin: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı tələb edilən 2277.40 manat pul məbləğinin cavabdehin məsuliyyətli olmadığından mobil nəzarət qurğusunu və ona məxsus 1 ədəd enerji adapteri və kaburanı itirdiyi üçün maddi ziyan vurması əsasında yarandığını iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi həmin halı sübuta yetirən, təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin həmin cihazı (“Attenti” markalı sadə qolbağı) iddia ərizəsində qeyd edildiyi üzrə itirməsi ağlabatan deyildir, çünki cavabdeh məhkəmə zalından azadlıqdan məhrum edilərək istintaq təcridxanasına aparılıb, məhkəmə iclası zamanı cihaz üzərində olmuşdur. Həmçinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasına daxil olarkən ona aid olan heç bir əşya olmadığı müəyyən edilib. Bu xüsusda cavabdehin izahatı, yəni həmin cihazın onun üzərindən məhkəmə iclası bitdikdən sonra penitensiar xidmətin əmədaşları tərəfindən çıxarılmasını qeyd etməsi ağlabatandır. Məhkəməyə, iddiaçı tərəfindən cihaz götürülənə qədər həmin cihazda nə kimi problem olduğu barədə hər hansı sübut da əlavə edilməmiş, həmçinin məhkəmə tərəfindən işin tam və hərtərəfli araşdırılması üçün iddiaçıya sorğu ünvanlansa da, əlavə sübutlar təqdim edilməmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.14-cü mddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunun ödənilməsindən azad olunur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən və iddiaçı məhkəmə xərclərindəndövlət rüsumundan azad edildiyindən məhkəmə xərci olaraq dövlət rüsumunun dövlət mədaxilinə alınması mümkün deyildir. Həmçinin Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-2303/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2303/2025
28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver