Məhkəmə qərarları › İş №2(012)-234/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-234/2022

01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-234/2022 01.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 01 fevral 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, blok 14-də yerləşən 27 saylı mənzilinə vurulmuş ziyana görə 7.000 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qonşusudur və “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, blok 14-də yerləşən 32 saylı mənzilin sahibidir. Həmin mənzildə cavabdeh özü yaşamır və yarı-yarımçıq təmir edərək, kirayə vermişdir. Belə ki, iddiaçı cavabdehə məxsus mənzildən evinə su damması ilə bağlı məlumat vermiş və tədbir görülməsi üçün ondan xahiş etmişdir. Cavabdeh onun sözlərinə məhəl verməyərək evində heç bir problem olmadığını və su dama bilmədiyini deyərək, iddiaçının dediklərindən boyun qaçırmışdır. Lakin, bu hal dəfələrlə təkrarlanmış və sonda iddiaçı ona irad tutaraq, evini təmir etməsini və onun evinin yararsız hala düşməsini ona bildirmiş, hətta evinə gəlib baxmasını belə təklif etmişdir. Cavabdehin özbaşınalıqlarından bezdiyi üçün evinə usta gətirməsini, təmir pulunu,yəni usta pulunu özü ödəyəcəyini təklif etmişdir. Çünki öz evini dəfələrlə təmir etdiyi halda cavabdehin mənzili təmirsiz olduğu və su damdığı üçün qısa zamanda onun evinin təmiri yararsız hala düşür. Belə ki, iddiaçı dəfələrlə evinin tavanını dəyişmiş, çilçıraqları yeniləmiş, oboyu dəyişmiş yataq otağını təmir etdirmiş və bir sözlə evini dəfələrlə əsaslı təmir etdirmişdir. Hər dəfə təmir və usta pulu üçün onun ümumilikdə 7000 (yeddi min) manat məbləğində xərci çıxmışdır. İddiaçı illərlə kirayələrdə yaşayaraq min bir əziyyətlə mənzilini təmir etdirərək 3 otaqlı mənzilə ailəsilə birlikdə yerləşmişdir. Yataq otağı, dəhliz mətbəx su içərisindədir. Yataq otağının, dəhlizin, mətbəxin tavanı saralıb, yararsız haldadır. Hal-hazırda da mənzilinə cavabdeh tərəfindən su damızdırılır. Evinin bütün işıq sistemi yararsız hala düşmüşdür. Su axıdıldığı üçün dəhliz və yataq otağının işıq sistemi sıradan çıxmış və yanmır. Bununla bağlı bir çox yerlərə, polisə, komendantlığa, MKİS-ə müraciət etsə də, bir nəticəsi olmamışdır. Hər il iddiaçı evini təmir etdirərək, işıq sistemini yenidən bərpa etdirmiş və evinə çilçıraqlar almışdır. Qonşu olduqları üçün münasibətlərin pisləşməməsi səbəbindən bu günə kimi bütün olanlara göz yummuş və artıq cavabdehin hərəkətləri dözülməz həddə çatmışdır. Hazırda onun evinin işıq sistemi yenilənməli, alçipanlar yenidən vurulmalı, oboy dəyişilməli, çilçıraqlar yenidən alınmalı və bir sözlə mənzili təmir olunmalıdır. Cavabdeh həmin mənzildə özü yaşamır, kirayə vermişdir və 2-3 aydan bir hər dəfə başqa şəxslər gələrək, həmin mənzildə yaşayır. Onun mənzili cavabdeh tərəfindən qanunsuz şəkildə yararsız hala düşdüyünə görə hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, ev 5, mənzil 24-də ümumi sahəsi 70 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22.02.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********18-05305-093002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan 03 iyun 2021-ci il tarixli, ********* saylı arayışdan müəyyən edilir ki, İddiaçı həqiqətən də, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci km. ünvanında yerləşən “ünvan 2də qeydiyyatsız olaraq yaşayır. Mülki işin materiallarında olan 02 iyun 2021-ci il tarixli aktdan müəyyən edilir ki, “ünvan 3 ünvanına həmin mənzilin sahibi İddiaçı müraciəti əsasında baxış keçirildi və mütəxəssis tərəfindən müəyyən edildi ki, blok 14, mənzil 27 ünvanına yuxarı mərtəbədə yaşayan Cavabdeh adlı sakinə məxsus 32 nömrəli mənzildən su axıdılaraq ziyan vurulmuşdur. Aktın doğruluğunu A.G.Ş Komendatı E.Məmmədov, mühəndis O.Əzizov, Sahə nəzarətçisi Z.Quliyev və Santexnik H.Namazov öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 10/4958 nömrəli ekspert rəyindən müəyyən edilir ki, baxış zamanı əldə olunmuş, eləcə də, mülki iş materialında olan Aktın göstəricilərini, cavabdehlərin mənzilinin iddiaçının mənzilindən yuxarı hissədə yerləşməsini, iddiaçının 27 saylı mənzilinin konstruktiv elementləri (divar, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq iddiaçının 27 saylı mənzilinə cavabdehin 32 saylı mənzilindən suyun sızması müəyyən olunsa da, suyun sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksi, blok 14-də yerləşən 27 nömrəli mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan təmirbərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 3016 manat məbləğində olduğu müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, 02 iyun 2021-ci il tarixdə iddiaçıya məxsus Abşeron rayon Gənclər şəhərciyi yaşayış kompleksi, 14 saylı blok 27 saylı mənzilə Cavabdeh məxsus Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksi, blok 14, mənzil 32-dən su sızması iddiaçının izahatından başqa, işin materiallarında olan yuxarıda qeyd edilən 02 iyun 2021-ci il tarixli aktla,məhkəmə ekspertizasının rəyi ilə və işin materialları ilə də tam təsdiq olunur.İddiaçı tərəfin izahatına görə bu hal 2021-ci ildən başlayaraq dəfələrlə baş vermişdir. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, Abşeron rayon Gənclər şəhərciyi yaşayış kompleksi, 14 saylı blok 27 saylı mənzilinin otaqlarına su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3016 manat məbləğindədir. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından məhkəmə həmin məbləğlə razılaşır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh məxsus mənzildən su sızma nəticəsində iddiaçıya məxsus mənzilə dəymiş maddi ziyanın 3016 manat təşkil etdiyini əsas götürərək, 3016 manat məbləğində pul vəsaiti çavabdehdən tutularaq İddiaçı verilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 20 manat məbləğində pul vəsaitinin 10 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 50 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 25 manatı cavabdehə, 25 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 3016 manat və ödənilmiş dövlət rüsumu üçün 10 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh 25 manat, İddiaçı isə 25 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar