Məhkəmə qərarları › İş №2(012)-238/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-238/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-238/2022 29.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2750 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə yaxın rəfiqə münasibətləri olmuşdur. O, 2012-ci ildən 2020-ci ilə qədər Türkiyə Respublikasının Trabzon şəhərində yaşamış, 2020-ci ilin mart ayında Azərbaycan Respublikasına gəlmişdir və həmin vaxtdan burada yaşayır. Türkiyə Respublikasında olan müddət ərzində o, Cavabdeh ilə tanış olmuş, bu illər ərzində yaxın münasibətləri yaranmışdır. Bu səbəbdən ona etibar etmişdir. O, Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəldikdən sonra da Səbinə ilə olan əlaqəni kəsməmiş və mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. O, söhbət zamanı Səbinəyə bildirmişdir ki, Türkiyə Respublikasına qayıtmaq istəyir, lakin sənədləri qaydasında deyildir. Cavabdeh söhbət zamanı bildirmişdir ki, sənədləşmə işlərinin qaydasına düşməsi və Türkiyə Respublikasına gəlməsi üçün köməklik edəcəkdir. Səbinə ondan Türkiyə Respublikasına “oturum” almaqdan ötrü 1500 ABŞ dolları məbləğində pul istəmiş, o da Səbinin dediklərinin həqiqi olduğunu düşünmüş və ona etibar etdiyi üçün razılaşmış, beləliklə, 2020-ci ilin dekabr ayının əvvəllərində istifadəsində olan “Garanti Paracard”-dan internet vasitəsi ilə Səbinənin Türkiyə Respublikasında olan bank hesabına 1000 ABŞ dolları məbləğində pul göndərmişdir. Pulu göndərdiyindən təxminən 10 gün müddət keçdikdən sonra yenidən Səbinənin bank hesabına 500 ABŞ dolları məbləğində pulu köçürmüşdür. Bundan başqa, 2021-ci ilin yanvar ayında o, digər rəfiqəsi Nilufərin vasitəsi ilə Səbinəyə 1250 ABŞ dolları məbləğində pul göndərmişdir ki, Trabzonda təhsil aldığı ali məktəbin pulunu ödəsin. Lakin 2021-ci ilin fevral ayının sonlarında Türkiyə Respublikasında olan digər tanışlarının vasitəsi ilə sənədlərinin hansı mərhələdə olduğunu soruşduqda, məlumat almışdır ki, Səbinə sənədlərlə bağlı heç bir yerə müraciət etməmiş və onun təhsil aldığı ali məktəbin illik pulunu da ödəməmişdir. Cavabdeh ilə əlaqə saxladıqdan sonra ona problemlərinin olduğunu deyərək, göndərdiyi pulları öz problemlərinin həlli üçün xərclədiyini bildirmiş və qısa zamanda pulu toplayaraq, universitetə ödəyəcəyini demişdir. Daha sonra Cavabdeh onunla olan bütün əlaqələrini kəsmiş və ödədiyi pulları geri qaytarmamışdır. Onun barəsində etdiyi şikayətə dair Abşeron RPİ tərəfindən 13.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Tərəflər arasında pul mübahisəsinə dair sübutlar mobil telefon yazışmalarıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı bildirdi ki, bank kartı ilə cavabdehin hesabına iki dəfəyə, 1000 və 500 ABŞ dolları göndərmişdir. Sonradan isə ona hər ikisinin ortaq dostu olan Nilufər vasitəsilə 1250 ABŞ dolları göndərmişdir. Bu pullardan cavabdeh yalnız 1000 türk lirəsini qaytarmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, o, sənədləşmə işləri ilə bağlı həqiqətən də iddiaçıdan bank hesabı vasitəsilə 11695 türk lirəsi almış, lakin bu pulları sənəd işləri ilə məşğul olan şəxsə vermişdir. Sonradan həmin şəxs sənədləşmə işlərini yerinə yetirə bilməmiş, pulu da geri qaytarmamışdır. Bu işlərdən iddiaçının şəxsən xəbəri olmuşdur. Həmin pulların ondan tələb edilməsi anlaşılan deyil. Təhsil haqqına görə isə ona heç vaxt pul verilməmişdir. Qətnamə qəbul edilərkən bu hallar nəzərə alınmalı və iddia rədd edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Garanti BBVA Dekont ödəmə qəbzlərindən görünür ki, İddiaçı Səbinə Şirinovaya 2020-ci ilin noyabr ayında əvvəlcə 7750, sonradan 3945 türk lirəsi olmaqla, cəmi 11695 türk lirəsi məbləğində pul göndərmişdir. İş materiallarında olan Abşeron RPİ-nin İŞ-nin 13 mart 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Səbinə adlı tanışı barədə etdiyi şikayət ərizəsinə dair toplanmış material üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan İddiaçı 29.04.2022-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh ona verilən puldan 2021-ci ilin may ayında 1000 türk lirəsi qaytarmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşdən görünür ki, Əzizova X1 BBVA Dekont ödəmə sistemi vasitəsilə Səbinə Şirinovaya 2020-ci ilin noyabr ayında əvvəlcə 7750, sonradan 3945 türk lirəsi olmaqla, cəmi 11695 türk lirəsi məbləğində pul göndərmişdir. Məhkəmə iclasında pulun sənədləşmə işi ilə bağlı göndərildiyi və cavabdeh tərəfindən alındığı Cavabdeh özü tərəfindən etiraf edilmişdir. Bununla belə, həmin puldan 1000 türk lirəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması da İddiaçı tərəfindən etiraf edilmişdir. Beləliklə, iş materialları ilə tərəflər arasında 11695 türk lirəsi məbləğində pul münasibətlərinin olması və bu münasibətlər nəticəsində cavabdehin iddiaçıya 10695 türk lirəsi borclu olması təsdiq olunur. Hazırda türk lirəsinin dəyərdən düşməsi səbəbindən borcun ABŞ dollarına uyğun tutulması barədə iddiaçının dəlili əsassızdır. Belə ki, qüvvədə olan qanunvericiliyə görə cavabdehə iddiaçı tərəfindən pul vəsaiti hansı valyutada verilmişdirsə, həmin valyuta ilə manata uyğun məzənnəyə əsasən tutulmalıdır. Təhsil haqqına görə Cavabdeh 1250 ABŞ dolları borclu olması barədə İddiaçı tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır. Bu hissədə iddianın əsaslı sayılması barədə İddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə tərəflər arasında borc mübahisələri ilə bağlı mümkün sübutetmə vasitələri yalnız yazılı sübutlar və ya iddianın etiraf edilməsidir. Hazırki halda təhsil haqqına görə cavabdehin 1250 ABŞ dolları borclu olması barədə işdə iddiaçının izahatından başqa, hər hansı mötəbər sənəd yoxdur və buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını, cavabdehin iddianı qismən etirafını və işin konkret hallarını nəzərə alaraq nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh 10695 türk lirəsi məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10695 türk lirəsi məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə 30 manat pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar