Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2380/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, borcun məbləği olan 17000 manat miqdarında vəsaitinin və ödənilmiş 141 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının həm kəndlisi, həm də 7 il müddətində dostluq etdiyi bir şəxs olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə cavabdeh ona öz istifadəsində olan avtomobilin kreditini bağlamaq istədiyini bildirmiş və təklif etmişdir ki, bankdan iddiaçı öz adına 7500 manat məbləğində kredit götürərək cavabdehə versin. O da cavabdehlə olan dostluq münasibətinə və cavabdehin hazırda mühafizə polisində işlədiyini, bu baxımdan sabit gəlir mənbəyinin olduğunu bildiyinə görə cavabdehin bu təklifini qəbul edərək onunla razılaşmışdır. Cavabdeh ona bildirmişdir ki, Kredit Müqaviləsi iddiaçının adına olacaq, cavabdeh özü isə bankda iddiaçıya zamin olacaqdır. xx.xx.2023-cü il tarixdə onlar birlikdə "xxxx" ASC-yə gedərək iddiaçının adına ümumi 8900 manat məbləğində kredit götürmüş, həmin kredit pulundan 7500 manat məbləğini həmin gün cavabdeh vermiş, qalan 1400 manat pulu isə özündə saxlamışdır. Həmin 1400 manat məbləği isə cavabdeh iddiaçının aylıq ödənişi etməsi məqsədilə vermişdir. Daha sonra cavabdeh banka aylıq krediti ödəmədiyi üçün iddiaçı həmin pulu (1400 manat) bu məqsədlə ödəmişdir. Bundan sonra da cavabdeh tərəfindən bankda olan aylıq kredit ödənişləri ödənilmədiyi üçün bankdan cavabdeh üçün kredit aldığı 7500 manat pula görə o, "xxxx" ASC-yə faiz ilə birlikdə ümumilikdə 8900 məbləğində həmin ödənişləri məcbur olaraq ödəmiş və hazırda da ödəməkdədir. Bundan əlavə həmin ildə, yəni 2023-cü ilin iyun və iyul aylarında cavabdeh iddiaçıdan işdə müəyyən problemləri olduğundan təcili pula ehtiyacı olduğunu bildirərək əvvəlcə 4500 manat, daha sonra isə 2500 manat olmaqla, ümumilikdə 6500 manat məbləğində pulu da borc almışdır. 2500 manat pulu iddiaçıdan borc alan zaman cavabdeh ona bildirmişdir ki, həmin pulla Hüsniyyə adlı tanışının adına götürdüyü bank kreditini bağlayacaqdır və təkrar Hüsniyyənin adına bankdan kredit götürərək həmin kredit pulu ilə iddiaçıdan aldığı 6500 manat pulu bağlayacaqdır. 6500 manat məbləğində pulu iddiaçı cavabdehə hissə-hissə, yəni, xx.xx.2023-cü il tarixdə cavabdehin adına olan **********934348 saylı bank hesab nömrəsinə 1700 manat, xx.xx.2023-cü il tarixdə **********007703 bank hesab nömrəsinə 1400 manat, xx.xx.2023-cü il tarixdə eyni hesab nömrəsinə yenə də 1400 manat, daha sonra isə yenə eyni kart hesabına 2500 manat məbləğində ödəniş etmişdir. Ümumi 7000 manat məbləğində olan borc puldan cavabdeh ona 500 manat hissəsini qaytarmışdır. Bundan əlavə iddiaçı bankın aylıq ödənişlərini etməsinə baxmayaraq, cavabdehlə hələ də münasibətləri olmuş və cavabdeh hər dəfəsində pulu tam şəkildə ödəyərək bağlayacağını bildirmişdir. İddiaçı aralarındakı dostluq münasibətinin xətrinə cavabdehə həm əl borclu, həm də kredit ilə pul vermiş, Lakin indiyəkimi həmin pullarını cavabdehdən bilməmiş, bununla cavabdehlə aralarındakı dostluq münasibətləri pozulmuşdur. Odur ki, bu məsələ ilə bağlı ilk öncə Abşeron RPİ-nin Mehdiabad PB-nə şikayət ərizəsi ilə müraciət etmiş, həmin şikayət Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 icraatına verilmiş, iddiaçı və cavabdehin izahatı alınmışdır. Lakin cavabdehin həqiqətə uyğun olmayan izahatını qəti şəkildə qəbul etmir. Həmin şikayətlə bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bundan əlavə qeyd etmişdir ki, həmin qərar qəbul edilməmişdən əvvəl iş aidiyyəti üzrə təhqiqat bölməsində baxılmış və iş Abşeron RPİ-nin Mehdiabad PB-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 icraatında olmuşdur. Həmin vaxt cavabdeh tərəfindən verilmiş izahatla sonrakı izahatı ilə aralarında uyğunsuzluq olmuş, cavabdeh fərqli-fərqli izahatlar verərək iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırmağa çalışmışdır. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən xx.xx.2024-cü il tarixli material mülki qaydada olduğunu bildirərək, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı hələ də banka ödəniş edir, həmçinin gecikmələr etdiyi üçün əsas borcun üzərinə faiz gəlir. Hazırda iddiaçı “X10” ASC-dən öz adına götürdüyü kredit pulu, yəni 8900 manat pulu, daha sonra 6500 manat və banka ödədiyi 1600 manat pulu cavabdehdən ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlarla bağlı şahid olan şəxslər - X4 və X5 məhkəmə zalında ifadə verməyə hazırdırlar. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh ondan öz adına kredit götürməsini xahiş etmiş, kredit ödənişlərini özünün edəcəyini bildirmiş, aralarında dostluq münasibəti olduğundan iddiaçı razılaşmış, lakin cavabdeh əməl etməmiş, nəticədə sözügedən müqavilə üzrə cavabdehin əvəzinə 1600 manat kredit ödənişi etmişdir. Bundan əlavə cavabdeh iddiaçıdan borc məqsədilə müəyyən tarixlərdə müvafiq məbləğlərdə pul vəsaiti almış, bəzilərin qaytarmış, lakin sonuncu dəfə 2023-cü il tarixdə hissə-hissə (2500+1400+1400+1700) verilmiş 7000 manat puldan sadəcə 500 manatını qaytarmış, 6500 manat məbləğdən isə heç bir ödəniş etməmişdir. Cavabdehin 2000 manat ödədiyini irəli sürdüyü məbləğ ona olan əvvəlki borclarının ödənişidir. Belə ki, onun da cavabdehə göndərdiyi əlavə çeklər vardır ki, onların hazırki borca aidiyyəti yoxdur. Eyni zamanda cavabdehin atası da bank borcunu ödəməyi boynuna götürmüşdür. Cavabdeh iddia tələbi qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, ilk öncə iddiaçı cavabdehdən pul götürmüş, lakin sonra geri ödəniş edə bilməmişdir. Həmin məqsədlə kredit götürüldüyünü, bu baxımdan bank borcunun tək ona məxsus olmadığını, əvvəllər iddiaçıya olan borcların ödənildiyini bildirmiş, sadəcə 500-600 manat borcu ola biləcəyini etiraf etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbi qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehə əlbəəl 6500 manat pul verilmiş, təxminəm 2000 manat hissəsi qaytarılmışdır. İddiaçının şikayəti əsasında başlanılmış təhqiqatda cavabdehin dedikləri ifadəsində olduğu kimi qeyd olunmamış, ona təzyiq göstərilmiş, tutdurmaq ilə hədələnmişdir. Həmçinin qeyd etmişdir ki, "xxxx" ASC-ə birgə borcları var. Belə ki cavabdeh zamindir, iddiaçı isə əsas borcludur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. -"xxxx" ASC və borcalan İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* saylı fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə əsasən, bank tərəfindən borcalana şəxsi ehtiyaclarının ödənilməsi üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla, illik 16.5 % dərəcəsilə 8900 manat məbləğində kredit verilmişdir. -"xxxx" ASC və zamin Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 1160404/37174 saylı zaminlik müqaviləsinə əsasən, "xxxx" ASC və borcalan İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə borcalana veriləcək 8900 manat məbləğində kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. -Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Abşeron RPİ-nin İŞ-nə göndərilməsinə qərar verilmişdir. -Həmçinin xx.xx.2024-cü il tarixli qərarda İddiaçı verdiyi izahatda “xx.xx.2023-cü il tarixdə dostu Kamran (cavabdeh) avtomobilinin kredit borcunu bağlamaq üçün onun adına bankdan 7500 manat kredit götürməsini xahiş etmiş, həmin vaxt Kamran mühafizə polisində işlədiyi üçün razılaşaraq həmin gün "xxxx" ASC-dən öz adına 8900 manat kredit götürüb 7500 manatını Kamrana vermişdir. Bundan bir müddət əvvəl isə Kamran ondan problemlərini həll etmək üçün ondan hissə-hissə olamaqla 6.500 manat borc pul almış, sonradan aldığı pulu və bankın kreditlərini ödəməkdən boyun qaçırmışdır” ifadəsi qeyd olunmuşdur. -Həmçinin xx.xx.2024-cü il tarixli qərarda Cavabdeh verdiyi izahatda “xx.xx.2023-cü il tarixdə qalan faizləri ödəmək üçün Raqifə (iddiaçı) Bankdan öz adına 7500 manat pul götürməsini, özünün isə ona zamin dayanacağını bildirmiş, Raqif də razılaşaraq öz adına "xxxx" ASC-dən 8.900 manat kredit götürüb 7.500 manatını ona vermiş, 1400 manatı isə özündə qalmışdır. O, həmin 7.500 manat pulu da Natiqin (Raqifin tanışı) köməkçisi Rüstəmə vermişdir. Bundan əlavə o, Raqifdən 2023-cü ilin iyun və iyul aylarında 6500 manat pul götürüb Rüstəmə faiz kimi vermiş, aldığı pulun 2500 manatını Raqifə qaytararaq 4.500 manat borclu qalmışdır” ifadəsi qeyd olunmuşdur. - Abşeron rayon Polis idarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsinə qərar verilmişdir. -Həmçinin xx.xx.2024-cü il tarixli qərarda İddiaçı verdiyi izahatda “26 iyul 2023-cü il tarixdə Kamranla (cavabdeh) birlikdə "xxxx" ASC-nə getmiş, bankdan öz adına 8900 manat kredit götürmüş, həmin puldan 7500 manat məbləğini Kamrana vermiş, qalan 1400 manat isə özündə qalmışdır. Daha sonra həmin kreditdən ona qalan 1400 manatı banka ödəmiş, lakin Kamran aldığı 7500 manat puldan banka heç bir pul ödəməmişdir” ifadəsi qeyd olunmuşdur. -Həmçinin xx.xx.2024-cü il tarixli qərarda Cavabdeh verdiyi izahatda “2023-cü ilin iyul ayında Raqifə (iddiaçı) bankdan pul götürmələrini və götürdükləri pulla Natiqdən aldıqları pulları geri qaytarmağı təklif etmiş, Raqif də razılaşaraq "xxxx" ASC-dən öz adına 8900 manat kredit götürmüş, o, Raqifə həmin kreditə görə zamin dayanmış, Raqif həmin puldan 5000 manatını ona vermiş, qalan puldan 1400 manatını özünə götürmüş, digər hissəsinə isə Raqif öz adına "xxxx" ASC-də olan kredit borcunu bağlamışdır. Bundan sonra Raqifdən hissə-hissə olmaqla, ümumilikdə 6500 manat pul almış, həmin pulları da Natiqə ödəmiş, daha sonra Raqifdən aldığı pullardan 2500 manatını özünə geri qaytarmış, sonradan Raqifin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur” ifadəsi qeyd olunmuşdur. -xx.xx.2023-cü il tarixdə, saat 09:47-də "xxxx" MMC vasitəsilə 51634 saylı terminal üzərindən aparılmış ********** nömrəli əməliyyat əsasında Cavabdeh 416973******7703 nömrəli bank hesabına 2500 manat pul ödənişi həyata keçirilmişdir. -xx.xx.2023-cü il tarixdə, saat 20:36-da 127485 saylı qəbz nömrəsi ilə "xxxx" MMC vasitəsilə 80 saylı terminal üzərindən aparılmış ********** saylı əməliyyat əsasında Cavabdeh 62934348 nömrəli müştəri koduna 1700 manat pul ödənişi həyata keçirilmişdir. -xx.xx.2023-cü il tarixdə, saat 09:39-da 1036 saylı qəbz nömrəsi ilə "xxxx" MMC vasitəsilə 4192 saylı terminal üzərindən aparılmış ********** saylı əməliyyat əsasında Cavabdeh 416973******7703 nömrəli bank hesabına 1400 manat pul ödənişi həyata keçirilmişdir. -xx.xx.2023-cü il tarixdə, saat 19:44-də PashaPay” MMC vasitəsilə 51634 saylı terminal üzərindən aparılmış ********** saylı əməliyyat əsasında Cavabdeh 416973******7703 nömrəli bank hesabına 1400 manat pul ödənişi həyata keçirilmişdir. Belə ki, iddia ərizəsindən, həmçinin iş materiallarından görünür ki, İddiaçı Cavabdeh xahişinə əsasən cavabdehin müəyyən borclarının ödənilməsi məqsədilə öz adına kredit götürərək həmin kredit ödənişlərinin cavabdeh tərəfindən ödəniləcəyinə dair tərəflərin razılığının olması, həmçinin müxtəlif tarixlərdə cavabdehə borc pul verdiyini, hazırda həmin borc vəsaitlərinin və cavabdehin ödənişləri məqsədilə iddiaçının adına götürülmüş kredit borcunun dəfələrlə istəməsinə baxmayaraq cavabdeh tərəfindən geri qaytarılmadığını irəli sürərək ümumilikdə 17000 manat pulu məhkəmə qaydasında tələb etmişdir. Cavabdeh isə ilk öncə tələbi qəbul etməyərək iddiaçıya borcunun olmadığını bildirmiş, daha sonra isə 6500 manat borc vəsaitindən təxminən 2000 manat hissəsinin tərəfindən qaytarıldığını və sözügedən kredit müqaviləsinin tək onun maşınına dair xərclərə görə deyil, ortaq məqsədlə imzalandığını bildirmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə borc məqsədilə xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 1700 manat, xx.xx.2023-cü il tarixdə 1400 manat, xx.xx.2023-cü il tarixdə 1400 manat olmaqla, ümumilikdə 7000 manat borc pul verilmiş, həmin məbləğin iddiaçının ərizəsində qeyd etdiyi və izahatında bildirdiyi kimi 500 manatının qaytarıldığını, lakin 6500 manat hissəsi qalmışdır. Cavabdehin hazırda həmin məbləğdən təxminən 2000 manat hissəsinin tərəfindən iddiaçıya qaytarıldığını irəli sürməsinə baxmayaraq, bunu təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmiş, həmçinin məhkəmə tərəfindən bu hal öz təsdiqini tapmamışdır. Daha sonra iddiaçı kredit götürərək bir hissəsini cavabdehə vermiş, cavabdeh həmin məbləği qaytarmadığı üçün tərəflər arasında mübahisə yaranmışdır. Ümumilikdə cavabdehə kredit müqaviləsi üzrə 8900 manat kredit məbləğinin 7500 manat hissəsi verilmiş, 1400 manat hissəsi isə iddiaçıda qalmışdır. Bu hallar tərəflərin məhkəmə iclasında verdiyi izahatlarda və iş materiallarına əlavə edilmiş qərarlarda öz əksini tapan ifadələrdə öz təsdiqini tapmışdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının adına olan kredit məbləğinə görə iddiaçının ödədiyi pulun cavabdehdən tutulması hissəsində təmin edilə bilməz. Belə ki, qeyd edilən müqaviləni iddiaçı özü öz iradəsi ilə bağlamış, həmçinin cavabdeh də həmin kredit müqaviləsi üzrə zamindir və kredit müqaviləsi üzrə hər iki tərəf birgə məsuliyyət daşıyır. Buna görə də, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, pul verilməsi barədə iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmışdır. Mülki Məcəllənin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.( hüquq münasibətlərinin yarandığı zaman mülki məcəllənin qüvvədə olan maddi hüquqi norması) 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. ( hüquq münasibətlərinin yarandığı zaman mülki məcəllənin qüvvədə olan maddi hüquqi norması) 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 141 manat dövlət rüsumunun 132 manatı (iddiaçının tələbini qismən əhatə etdiyi üçün) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun 9 manatı iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14000 manat pul vəsaiti və ödənilmiş 132 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulmalı, ödənilmiş 9 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 132 manat hissəsi vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 9 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-2380/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2380/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver