Məhkəmə qərarları › İş №2(012)-2386/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2386/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2386/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (Mikailov Turana) qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(074)-316/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh (Mikailov Turandan) hər ay 250 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 23 iyun 2020ci il tarixli, 2(074)-316/2020 saylı qətnaməsinə əsasən Cavabdeh (Mikailov Turandan) xx.xx.2016-ci il təvəllüdlü övladları X4 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün 19 fevral 2020-ci il tarixdən başlayaraq hər ay qazancın və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin alınaraq ona verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra cavabdeh hər ay müəyyən olunmuş miqdarda alimenti ona göndərmiş, lakin 2022-ci ilin may ayından sonra alimenti hər ay göndərmək əvəzinə ildə 1 dəfə və ya 2 dəfə göndərmişdir. Cavabdeh (Mikailov Turan) X1 üçün təyin olunmuş aliment məbləğini 2024-cü ilin yanvar ayında göndərməmiş, fevral ayının əvvəlində isə 270 manat məbləğində aliment göndərməklə kifayətlənmişdir. Onun cavabdehin aylıq gəlirləri haqqında heç bir məlumatı yoxdur. Onu da qeyd edir ki, cavabdeh ilin müəyyən vaxtlarında Rusiyanın Belqorod şəhərinə gedir, orada qalır, işləyir, müəyyən vaxtlarda isə burada həm qalır, həm də işləyir, lakin əldə etdiyi məlumata görə cavabdeh Azərbaycana qayıtmışdır və cavabdehin Şamaxı rayonunun Göylər kəndində restoranı vardır. X2 8 yaşı vardır. Şamaxı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə kifayət etmir. Uşaq orta məktəbdə 2-ci sinifdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Təkcə bu yaxınlarda övladının əməliyyat olunması üçün 1000 manat məbləğində ödəniş etmişdir. Buna görə də belə hesab edir ki, övladı Gülərin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şamaxı Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(074)-316/2020 saylı qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli və uşaq yetkinlik yaşına çatanadək Cavabdeh (Mikailov Turandan) hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə çıxarılmalıdır. O, qeyd etdiyi məsələnin sülh yolu ilə həll edilməsi məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun olaraq ərizə ilə mediasiya şurasına müraciət etmiş, lakin cavabdeh rəsmən xəbərdar olmasına baxmayaraq xx.xx.2024-cü il tarixdə, saat 15:30-da keçirilən mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh (Mikailov Turan) məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Şamaxı rayonu Göylər kənd İnzibati Ərazi İdarəsi tərəfindən verilmiş AZ-İİİ № 762901 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 iyun 2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda doğulmuşdur. X3, anası isə İddiaçıdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-316/2020 saylı, 23 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh (Mikailov Turandan) 19 fevral 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün uşaqların yaşayış minimumu nəzərə alınmaqla 01 iyun 2016-cı il il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh (Mikailov Turandan) tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-316/2020 saylı, 23 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 01 iyun 2016-cı il il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh (Mikailov Turandan) tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh (Mikailov Turandan) 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar